Fransanın ifrat sağçı Milli Cəbhə partiyasının sədri Jordan Bardella bildirib ki, Fransanın Ukraynaya qeyd-şərtsiz dəstəyi ölkə ilə daha əlverişli münasibətlərlə əvəz olunmalıdır.Siyasətçi qeyd edib ki, Fransanın dağılmış maliyyəsi Kiyevə hərbi yardım müqabilində müəyyən gəlir tələb edir. Marin Le Pen gələn il keçiriləcək prezident seçkilərində qalib gələrsə, Bardella çox güman ki, baş nazir olacaq : “Biz borc içində boğuluruq. Kəsirlərdə boğuluruq. Və heç bir zəmanət olmadan xərcləmə öhdəlikləri götürmək və ölkəyə maliyyə dəstəyi vəd etmək məsuliyyətsizlikdir. Hər şeyə yenidən baxılmalıdır”.
Eyni zamanda, siyasətçi Milli Mitinq hakimiyyətə gələrsə, Ukraynaya dəstəyin tamamilə kəsilməyəcəyinə əminlik verib: “Bu müharibə çox uzun müddətdir davam edir. İllərdir ki, biz atəşkəs və Ukrayna üçün kifayət qədər təhlükəsizlik zəmanəti tələb edirik. Buna görə də, söhbət Ukraynadan imtina etməkdən getmir. Fransanın öhdəlikləri var. O, Ukraynanı dəstəkləyir və Ukraynanın sərhədlərini və ərazi bütövlüyünü qoruya bilməsi üçün bu öhdəliyi yerinə yetirməyə davam etməli olacaq”.
Eyni zamanda, o, Ukraynanın Avropa ölkələrindən aldığı maliyyə dəstəyinin yalnız bu ölkələrin müdafiə sənayesi üçün avadanlıqların alınmasına sərf olunacağına zəmanət verməsini istəyir.
Xatırladaq ki, Fransa prezidentliyinə namizədlər - ifrat sağçı lider Marin Le Pen və keçmiş baş nazir Eduard Filip - bu yaxınlarda Le Penin Ukraynaya yardımı dayandırmaq barədə Milli Mitinq vədinə görə toqquşublar.
Fransa prezident seçkiləri 2027-ci il aprelin sonu və may ayının əvvəlində iki turda keçiriləcək. İfrat sağçı Milli Mitinqin lideri Marin Le Pen sorğularda lider olaraq qalır.