PDF Oxu

Siyasət

  • 305

Xalqın etimadını qazanan siyasi qüvvə - FOTO

image

Dünən Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının XII konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderimiz, Müstəqil Azərbaycan respublikasının banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi, bütün türk xalqlarının dahi oğlu Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndərin, eləcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni oxunub.

Konfransın gündəliyi təsdiq edilib, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevin hesabat məruzəsi dinlənilib. O, deyib:- VII Qurultaydan sonrakı hesabat dövründə rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində ardıcıl fəaliyyət göstərib. Belə ki, partiya üzvləri ilə iş gücləndirilib, ərazi partiya təşkilatlarının fəaliyyəti təkmilləşdirilib, vətəndaşlarla görüşlər genişləndirilib, yeni üzvlərin partiya sıralarına cəlb olunmasına diqqət artırılıb.
Natiq onu da açıqlayıb ki, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkəmizin tarixində mühüm mərhələ yaradıb. Bu dövrdə YAP Lənkəran rayon təşkilatı dövlətçilik, azərbaycançılıq və milli həmrəylik ideyalarının təbliği, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması istiqamətində səmərəli fəaliyyətini davam etdirib.
Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roluna toxunan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov daha sonra vurğulayıb ki, VII Qurultaydan sonra partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsində yerli təşkilatların fəallığı mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə davamlı inkişaf təmin olunur, cənub mirvarisi Lənkəranda sosial-iqtisadi, abadlıq-quruculuq və infrastruktur layihələri ardıcıl həyata keçirilir, YAP Lənkəran rayon təşkilatı ilə icra hakimiyyəti arasında sıx əməkdaşlıq öz səmərəli nəticələrini göstərir.

Çıxışında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov partiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm missiya daşıdığını, VII Qurultaydan sonra bu aparıcı siyası qüvvənin fəaliyyətində azərbaycançılıq, milli birlik, dövlətçilik və xalqın rifahına xidmət prinsipləri əsas istiqamətlər olaraq qaldığını deyib, həmçinin gənclərin ictimai-siyasi proseslərdə daha da fəal iştirakının vacibliyini söyləyib.

“ VII Qurultaydan sonrakı dövrdə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər xalqı çox razı salır. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Bu uğurların qazanılmasında xalq-iqtidar birliyinin və Yeni Azərbaycan Partiyasının mühüm rol danılmazdır.” Bu fikirləri isə YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə öz çıxışında bildirib.

Digər natiqlər- 3 saylı ərazi partiya təşkilatının sədri Ramiz Şəmmədov rəhbərlik etdiyi təşkilatda hesabat dövründə partiya üzvləri ilə mütəmadi iş aparıldığını, tələbə -gənclərlə işin təkmilləşdirldiyini və ictimai fəallığın artırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib, 4 saylı ərazi partiya təşkilatının sədri Leyla İbrahimova qadınların və gənclərin partiyanın fəaliyyətində fəal iştirakının əhəmiyyətindən, vətəndaşlarla birbaşa ünsiyyətin və ictimai təşəbbüslərin dəstəklənməsinin vacibliyinindən söz açıb, 5 saylı ərazi partiya təşkilatının sədri Ağamməd Şəmmədov isə hesabat dövründə partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən danışıb.
Konfransda iştirak edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov öz çıxışında VII Qurultaydan sonrakı dövrdə partiyanın təşkilati fəaliyyətinin daha da gücləndirilməsi, yerli təşkilatların və ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi həmişə diqqət mərkəzində olduğunu, Yeni Azərbaycan Partiyasınln gücü xalqla sıx əlaqəsindən, dövlətçilik prinsiplərinə sədaqətindən və cəmiyyətə xidmətindən qaynaqlandığını deyib, partiya üzvlərinin, xüsusilə gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb.
Konfransda YAP Lənkəran rayon təşkilatının VII Qurultaydan sonrakı hesabat dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib, sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər