Tarixin heç bir dövründə Azərbaycan indiki kimi, güclü və qüdrətli olmayıb. Bunun səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin xalqın və dövlətin maraqlarına tam cavab verən uğurlu siyasət aparmasıdır. Məhz müdrik siyasətin nəticəsi olaraq ölkəmiz hər bir sahədə uğurlara imza atıb, beynəlxalq aləmdə aparıcı dövlətlərdən birinə çevrilib. Zəfərlərin ən yüksək zirvəsi isə, heç şübhəsiz ki, Vətən Müharibəsində əldə olunan hərbi, siyasi, diplomatik qələbədir. Cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoyuldu və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Halbuki, özünü dünyanın super gücləri hesab edən dövlətlər cəlb olunduqları müharibələrin və münaqişələrin bataqlığında fəlakətli vəziyyət yaşayırlar. Qarşıdurmaların uzanması müharibə aparan tərəflərin iqtisadi, hərbi, maliyyə resurslarına sarsıdıcı zərbə vurur. Vəziyyətin ağırlaşması dövlətlərin zəifləməsinə, əhalinin yaşayış durumunun daha da pisləşməsinə gətirib çıxarır. Çıxış yolunu tapmaqda, müharibələri bitirməkdə isə acizdirlər. Çünki ciddi lider problemləri var, xalqlarının dəstəyi yetərli deyil. Ordu isə sadəcə əmrə boyun əyərək könülsüz və cəsarətsiz formada döyüşə yollanır və bu da canını qorumaq üçün silahdan istifadə edir. Belə vəziyyətdə uğur qazanmaq və müharibələri bitimək mümkünsüzdür. Sadəcə, siyasətçilər və hərbi komandanlıqlar öz mənasız hikklərinə və iddialarına əsaslanmaqla müharibələri davam etdirirlər. Dünyanın tərəqqipərvər xalqları və nüfuzlu beynəlxalq təşkilatlar insan qırğınlarının qarşısnın alınması üçün çağırışlar etsələrdə müsbət cavab ala bilmirlər. Bu baxımdan da uzun müddətdir ki, Rusiya - Ukrayna müharibəsini, Yaxın Şərq qarşıdurmasını dayandırmaq mümkün deyil. Artıq BMT rəhbərliyi müharibələrin dayandırılması üçün göstərdikləri səylərin heç bir nəticə vermədiyini etiraf edirlər. BMT-nin baş katibi Antonio Quterreş “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynada və Yaxın Şərqdə münaqişələrin dayandırılması məsələlərində iflic vəziyyətindədir: “Geosiyasi fikir ayrılıqları səbəbindən BMT-nin Ukraynada və Yaxın Şərqdə sülhün təmin olunmasına kömək etmək üçün təsir rıçaqları yoxdur. Hazırda bəzi ölkələr təşkilatın Nizamnaməsinə əməl edib-etməməyə əhəmiyyət vermirlər. Əlbəttə, bu, bəzən razılaşmalar əldə etmək imkanlarımızı məhdudlaşdırır. Amma heç vaxt bizi sivil cəmiyyətin əsaslanmalı olduğu dəyərlərdən geri çəkilməyə məcbur etməyəcək”. Bəli BMT dünyada baş verən müharibələri dayandırmaq da acızdir. Çünki işlək mexanizmə malik deyil. Digər tərəfdən müharibələrin əsas iştirakçıları elə BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdir.
Zamanında BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan xarici himayədarlarının hərbi, siyasi, maliyyə dəstəyinə arxalanaraq BMT qətnamələrini icra etməkdən imtina etmişdir. Nəhayət, Azərbaycan özü BMT qətnamələrini icra etmək üçün hərbi əməliyyatlara başladı və qısa müddətdə böyük hərbi zəfərə imza atdı. 2020-ci il noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”.
44 günlük Vətən Müharibəsində Ermənistanın aldığı sarsıdıcı zərbədən sonra xarici erməni lobbisi və dövlətlərin rəsmi şəxsləri hay-küylü bəyanatlarla çıxış etdilər. Fransa, Niderland kimi faşizminin əsas təşkilatçıları olan dövlətlərin parlamentləri Azərbaycanı müxtəlif separatçı qətnamələrin qəbul edilə biləcəyi ilə hədələdilər. Bununla Ermənistana dəstək verməyə və Xankəndidəki separatçıları ruhlandırmağa ümid etdilər. Hətta Ermənistanın Azərbaycanın müzəffər silahlı qüvvələri tərəfindən darmadağın edilmiş ordusunun baş komandanı və baş naziri Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Təbii ki, Azərbaycan dövləti ərazisində həyata keçirilməsinə cəhd edilən separatçılığın genişlənməsinə seyriçi qala bilməzdi və belə də oldu. 2023-cü ilin sentyabrın 19-da başlayan antiteror əməliyyatları ilə Qarabağdakı Ermənistana məxsus ordunun qalıqları məhv edildi. Bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi. Eyni zamanda qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi. Bunla yanaşı Ordumuz Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsdi, bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarət tam təmin olundu. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı, təslim olduqlarını bəyan etdilər. Bu dünya miqyasında terrorçuluğun ən qısa müddət ərzində ləğv edilməsi istiqamətində həyata keçirilən anti-teror əməliyyat idi. Azərbaycanın Müzəffər Ordusu 23 saat ərzində 15-18 minlik hərbi-terrorçu silahlı dəstəni təslim olmağa məcbur etdi, 30 illik işğal dövründə insanlıq əleyhinə cinayətlər törətmiş hərbi canilər isə həbs edilərək istintaqa təhvil verildilər. Artıq onlara qarşı Məhkəmə prosesi keçilib və hər biri layiq olduqları cəzanı alıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda keçirilən aniterror əməliyyatları barədə danışarkən qeyd edib ki, antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər: “Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar. Başqa variant ola bilməzdi. Bizdə olan məlumata görə, oradakı hərbi birləşmələrdə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, danışıqlar gedirdi və daha doğrusu danışıqlar yox, bizim şərtlərimizi onlar sanki müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Biz dedik ki, təslim olursunuzsa əməliyyatı dayandıracağıq. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bizdən xahiş olundu ki, əgər onlar silahları yerə qoysalar, onların təhlükəsizliyi təmin olunacaq-olunmayacaq? Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev zamanında deyirdi “gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Fakt ondan ibarətdir ki, Dahi Öndərimizin müdrik kəlamı artıq reallığa çevrilib. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu, sayılan, seçilən dövlətlərindəndir. Bu güc və qüdrət Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti ilə daha da möhkəmlənir. Qazanılan hərbi, siyasi, diplomatik qələbə əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaq. Azərbaycan dövləti və xalqı dövlət var olduqca Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti, Prezident İlham Əliyevin apardığı və əldə etdiyi qələbələr yaşayacaq, var olacaq.
İ.ƏLİYEV