PDF Oxu

Siyasət

  • 495

Azərbaycan - bölgədə sülh və sabitliyin təminatcısı - TƏHLİL

image

Azərbaycan sülhsevər və suveren bir dövlətdir. Hər zaman ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi önəm verir. Dünyada bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə sülhdür. Əsrlər boyu bəşər övladı sülh şəraitində yaşayıb-yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Sülhün hökm sürdüyü məkanda qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf var. Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkəmizdə hökm sürən həmrəylik, birgəyaşayışı tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır. Sülh təmin olunmadığı halda insanlar qorxu və vahimə içərisində psixoloji gərginliklər yaşamış olurlar. Uzun illər idi ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmamış qalırdı. Dünyanın ən tolerant, sülhsevər xalqı olan Azərbaycan Ermənistanın təcavüzünün ağrı-acısını yaşayırdı. 30 ilə yaxın işğalda olan torpaqlarını azad etmək məqsədi ilə sülh danışıqları aparsa da, bu nəticəsiz qaldı. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqda idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görsə də, Ermənistan çirkin niyyətindən əl çəkmədi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət bərpa olundu. Bu gün dünyada sülhə çağırışlar ediriksə, onda dinc sakinlərin - qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir.

"AZƏRBAYCANDA BÜTÜN XALQLARIN, DİNLƏRİN NÜMAYƏNDƏLƏRİ BİR AİLƏ KİMİ SÜLH, MEHRİBANLIQ ŞƏRAİTİNDƏ YAŞAYIR”

Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir, bu siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini artırır. Ermənistanla müharibədə minlərlə şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağıdılmasına baxmayaraq, erməni kilsəsi hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzindədir. Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycanın 30 ilə yaxın bir zamanda erməni hərbi birləşmələrinin təcavüzkar siyasəti nəticəsində torpaqlarımız işğalda qalmış və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir. Azərbaycan dinindən və irqindən asılı olmayaraq, bəşər insanına məhəbbət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik".

AZƏRBAYCAN BÖLGƏDƏ SÜLH VƏ SABİTLİYİN TƏMİN OLUNMASINA SADİQDİR

Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb və bu davam edir. Dünya insanını sülhə və ədalətə çağırır. Sülh və ədalət olan məkanda inkişaf da olar. ABŞ-da və Avropa məkanında dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığı halda, Azərbaycan reallıqları həqiqətən də, öyrəniləcək bir modeldir. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq sülhə xidmət etmir. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Bu gün Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu səpir. Qoy hər yandan sülh qoxusu gəlsin, sülh və birgəyaşayış təmin olunsun. Münaqişə ocaqlarının alovlanmasının qarşısı alınsın. Buna dünya həmrəylik göstərməlidir. Qloballaşan dünyada sülhün olması və qorunması vacib hesab olunur. Sülh bugünkü dünyanın, zamanın tələbinə çevrilib. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginliklər, məhz sülhün bərqərar olunmasını tələb edir. Sülh əlbəttə ki, dövlətlərin bir-biri ilə münasibətlərində anlaşma və qarşılıqlı münasibətlər fonunda yaranır və dərinləşir. Müharibələr, zorakılıq, dini zəmində qarşıdurmalar, kəskin münaqişələrin yaranması sülhün pozulmasına rəvac verir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan Prezident İlham Əliyev çıxışların birində vurğuladığı kimi, Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər