Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirən mühüm regional təşkilata çevrilməkdədir. Təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməsi onun beynəlxalq görünürlüyünün və nüfuzunun artmasına şərait yaradır. Hazırda TDT-nin fəaliyyət dairəsi çoxsaylı istiqamətləri əhatə edir və bu, təşkilatın institusional imkanlarının genişləndiyini göstərir.
TDT-nin beynəlxalq nüfuzunun yüksəlməsində üzv dövlətlər arasında siyasi dialoqun və xarici siyasət məsələləri üzrə koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Təşkilat çərçivəsində dövlət başçıları, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində mütəmadi görüşlərin keçirilməsi ümumi maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinə imkan yaradır. 2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə görüşündə siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları və xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunmuşdur.
Təşkilatın beynəlxalq nüfuzunun artmasına təsir edən əsas amillərdən biri də beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsidir. TDT BMT-nin müxtəlif qurumları, Ümumdünya Səhiyyə Təşkilatı, UNDP, UNIDO, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Təşkilatın məlumatına görə, beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində 18 memorandum və birgə bəyanat imzalanıb. Cenevrə və Vyanada keçirilən “Türk həftəsi” tədbirləri isə türk dünyasının ortaq tarixi və mədəni irsinin beynəlxalq auditoriyaya təqdim olunmasına xidmət edir.
İqtisadi və nəqliyyat əlaqələrinin inkişafı da TDT-nin beynəlxalq çəkisinin formalaşmasında mühüm rol oynayır. Türk dövlətlərinin Avropa ilə Asiya arasında yerləşməsi onların nəqliyyat və logistika baxımından əhəmiyyətini artırır. Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, Xəzər üzərindən daşımaların genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və ticarət əlaqələrinin artırılması TDT məkanının iqtisadi əhəmiyyətini daha da yüksəldə bilər. Bu istiqamətdə görülən işlər təşkilatın yalnız siyasi deyil, həm də iqtisadi əməkdaşlıq platforması kimi inkişafını sürətləndirir.
TDT-nin nüfuzunun artmasında humanitar və mədəni diplomatiyanın da xüsusi rolu vardır. Ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlər türk dövlətləri arasında əlaqələrin dərinləşməsi üçün mühüm əsas təşkil edir. Təhsil, elm, gənclər, mədəniyyət, turizm və informasiya sahələrində birgə layihələrin həyata keçirilməsi türk dünyasının beynəlxalq səviyyədə tanıdılmasına və xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə imkan yaradır.
Nəticə etibarilə, TDT-nin beynəlxalq arenadakı nüfuzunun artması uzunmüddətli və çoxşaxəli prosesdir. Bu proses siyasi koordinasiyanın gücləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və humanitar əlaqələrin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. TDT-nin beynəlxalq qurumlarla institusional əməkdaşlığı artıq genişlənməkdədir və təşkilat özünü regional və qlobal gündəlikdə fəal iştirak edən tərəf kimi təqdim edir.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı