Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə mərhələlər və dönüş nöqtələri var ki, onlar yalnız bir təqvim gününü ifadə etmir, millətin qürurunu, sarsılmaz iradəsini və tarixi ədalətin bərpasını təcəssüm etdirir. Prezdent cənab İlham Əliyevin sərəncamı ilə təsis edilən 20 Sentyabr – Dövlət Suverenliyi Günü Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ölkəmizin bütün ərazisində suverenliyimizin tam təmin olunmasının rəsmi təsdiqidir. Bu gün, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin məntiqi, hüquqi və hərbi zirvəsidir. Otuz ilə yaxın davam edən işğala, haqsızlığa və beynəlxalq hüququn tapdanmasına son qoyan bu şanlı tarix Azərbaycanın regional və qlobal miqyasda gücünü, sarsılmaz birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir era açdı. Otuz ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qalması, beynəlxalq təşkilatların və vasitəçilərin təsirli addımlar atmaması Azərbaycanı öz torpaqlarını hərbi-siyasi yolla azad etmək məcburiyyətində qoydu. Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı əmrini verməsi ilə ordumuz bütün cəbhə boyu əks-hücuma keçərək düşmənin illərlə qurduğu möhkəmləndirilmiş müdafiə xətlərini darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Sugovuşan və nəhayət, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi hərb elminə qızıl hərflərlə yazılan əvəzsiz qəhrəmanlıq salnaməsidir. Şuşanın azad olunması ilə Ermənistan kapitulasiya aktına imza atmağa məcbur oldu və Kəlbəcər, Ağdam, Laçın rayonları döyüşsüz, diplomatik müstəvidə Azərbaycanın nəzarətinə qaytarıldı.
İkinci Qarabağ müharibəsində əldə olunmuş Böyük Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə bitmədi, o, həm də Cənubi Qafqazın hərbi-siyasi xəritəsini kökündən dəyişdi. Şanlı Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı, Azərbaycan öz milli maraqlarını tam təmin edərək bölgədə sülhün və təhlükəsizliyin əsas zəmanətçisinə çevrildi. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın milli həmrəyliyini, mənəvi gücünü və dövlət-xalq birliyini ən yüksək zirvəyə qaldırdı. "Xalq-Ordu-Lider" birliyi Azərbaycanın yenilməzliyini bütün dünyaya sübut etdi. Döyüş meydanında göstərilən qəhrəmanlıqlar, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına yazılan bu tarix Azərbaycanın müstəqil dövlətçilik rəmzinə, gələcək nəsillər üçün örnək olan bir vuruşma məktəbinə çevrildi.
Bununla belə, 2020-ci il 10 noyabr bəyanatından sonra Qarabağ bölgəsində qalan qanunsuz erməni silahlı birləşmələri və qondarma rejimin qalıqları regionda sabitliyə təhdid törətməkdə davam edirdi. Ermənistanın revanşist cəhdləri, ərazilərin minalanması və separatçıların təxribatları köklü həll yolunu tələb edirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən anti-terror əməliyyatı cəmi 24 saat ərzində möhtəşəm uğurla yekunlaşdı. Yüksək dəqiqliklə və mülki əhaliyə zərər vurulmadan həyata keçirilən bu əməliyyat nəticəsində separatçı rejimin hərbi infrastrukturu tamamilə çökdürüldü, qanunsuz silahlı dəstələr təslim oldu və onların rəhbərliyi həbs edilərək ədalət mühakiməsinə təhvil verildi.
Antiterror əməliyyatının uğurla başa çatması ilə Azərbaycan Respublikasının dövlət suverenliyi bütün ölkə ərazisində – Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə tam bərpa olundu. Ali Baş Komandan İlham Əliyevin bu şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi ədalətin tam və qəti bərqərar olması demək idi. Məhz bu tarixi zəfərin və suverenliyin tam bərpasının əbədiləşdirilməsi məqsədilə 20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis olundu.
Bu gün işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş quruculuq və bərpa işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində müasir şəhərlər, kəndlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları salınır, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonasına çevrilir. Doğma yurdlarından illərlə didərgin düşmüş soydaşlarımız artıq öz ata-baba ocaqlarına qayıdır, Qarabağa yenidən həyat gəlir. Bütün bu möhtəşəm uğurlar İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərin və 20 Sentyabr Suverenlik Gününün bəxş etdiyi sarsılmaz təməllər üzərində bərqərar olur. Azərbaycan xalqı öz suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa, müzəffər dövlətini daha da qüdrətləndirməyə hər zaman hazırdır.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri