Türk Dövlətləri Təşkilatının son illərdə keçdiyi inkişaf yolu göstərir ki, Türk dünyası artıq yalnız ortaq tarix, dil və mədəniyyət ətrafında birləşən ölkələr toplusu deyil. Təşkilat getdikcə siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar məsələlərin müzakirə olunduğu, ortaq maraqların uzlaşdırıldığı daha geniş bir platformaya çevrilir. Bu prosesin əsas xüsusiyyətlərindən biri isə TDT-nin malik olduğu imkanları real əməkdaşlıq mexanizmlərinə çevirmək istiqamətində atılan addımların artmasıdır.
3 oktyabr 2009-cu ildə Naxçıvanda əsası qoyulan təşkilatın qarşısında bu gün əvvəlki dövrlə müqayisədə daha geniş imkanlar açılıb. Təşkilata üzv ölkələrin yerləşdiyi coğrafiya Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və enerji marşrutlarını əhatə edir. Bu baxımdan TDT-nin potensialı yalnız üzv dövlətlərin öz aralarındakı münasibətlərlə məhdudlaşmır. Təşkilatın fəaliyyəti daha geniş regional və beynəlxalq proseslərlə birbaşa əlaqələnir.
Cənab Prezident İlham Əliyevin sentyabrın 17-də Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər də məhz bu reallığın mühüm istiqamətlərindən birinə diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, TDT müxtəlif formatlarda beynəlxalq gündəliyi, təhlükəsizlik, ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlıq məsələlərini müzakirə edir. Onun sözlərinə görə, təşkilat beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Bu fikrin arxasında sadə, lakin mühüm məntiq dayanır - beynəlxalq nüfuz yalnız siyasi bəyanatlarla formalaşmır. Bunun üçün real iqtisadi imkanlar, nəqliyyat bağlantıları, enerji resursları, təhlükəsizlik əməkdaşlığı və dövlətlər arasında etimad tələb olunur. TDT məhz bu istiqamətlərin bir-biri ilə əlaqələndirilməsi baxımından geniş imkanlara malikdir.
Bakıda keçirilən TDT üzv ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısının əhəmiyyəti də burada özünü göstərir. Çünki müasir dünyada təhlükəsizlik anlayışı əvvəlki kimi yalnız hərbi təhdidlərlə məhdudlaşmır. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, kibertəhdidlər, hibrid təhdidlər və kritik infrastrukturun qorunması kimi məsələlər bir dövlətin sərhədləri daxilində həll edilə biləcək problemlər deyil.
Cənab Prezident İlham Əliyev görüşdə dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında informasiya mübadiləsinin, operativ məlumatların paylaşılmasının və mümkün təhdidlərin qarşısının alınması istiqamətində koordinasiyanın vacibliyini vurğuladı. O, ətraf regionlarda davam edən müharibələrin və münaqişələrin coğrafiyasının genişləndiyini qeyd edərək, belə şəraitdə TDT ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirdi. Bu yanaşma TDT-nin inteqrasiya prosesinin yeni mərhələsini də göstərir. Əgər təşkilatın ilk illərində əsas diqqət mədəni-humanitar əlaqələrə və iqtisadi əməkdaşlığa yönəlirdisə, bu gün təhlükəsizlik məsələləri də ortaq gündəliyin mühüm hissəsinə çevrilir.
TDT-nin gücünü müəyyən edən amillərdən biri də onun əhatə etdiyi geniş coğrafiyadır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələrin yerləşdiyi məkan Avropa ilə Asiyanın kəsişməsində mühüm əlaqələndirici rol oynayır. Enerji resurslarının və nəqliyyat marşrutlarının bu coğrafiyadan keçməsi təşkilatın iqtisadi və strateji əhəmiyyətini artırır.
Azərbaycanın bu prosesdə xüsusi mövqeyi var. Ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında yerləşməsi, Xəzər üzərindən bağlantılar və nəqliyyat dəhlizlərində iştirakı onu TDT məkanında mühüm əlaqələndirici dövlətlərdən birinə çevirir. Prezident İlham Əliyev də çıxışında Azərbaycanın həm enerji resurslarının tədarükçüsü, həm də Mərkəzi Asiya ölkələrindən gələn enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında tranzit ölkə olduğunu diqqətə çatdırıb. Bu baxımdan nəqliyyat və enerji təhlükəsizliyi məsələləri ayrıca deyil, bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir. Dövlətlərin təhlükəsizliyi ilə onların iqtisadi əlaqələrinin, enerji təminatının və nəqliyyat bağlantılarının arasında birbaşa əlaqə yaranır.
TDT-nin qarşısında duran əsas məsələlərdən biri əldə olunan imkanların davamlı və nəticəyönümlü əməkdaşlığa çevrilməsidir. Burada söhbət yalnız zirvə görüşlərinin keçirilməsindən getmir. Müxtəlif dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi, iqtisadi və nəqliyyat layihələrinin uzlaşdırılması, humanitar münasibətlərin dərinləşdirilməsi təşkilatın institusional imkanlarını daha da artırır.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi digər mühüm məqam isə TDT-nin gələcəkdə aparıcı beynəlxalq institutlardan birinə çevrilməsi istiqamətində birgə səylərin artırılması ilə bağlıdır. Dövlət başçısı bunun üçün təşkilat ölkələrinin kifayət qədər potensiala malik olduğunu vurğulayıb. Əslində, TDT-nin qarşısındakı əsas məsələ də məhz bu potensialın nə dərəcədə səmərəli istifadə olunmasıdır. Çünki geniş coğrafiya, böyük iqtisadi resurslar, enerji imkanları və nəqliyyat yollarının mövcudluğu öz-özlüyündə kifayət etmir. Bunları vahid əməkdaşlıq mexanizmlərinə çevirmək, ortaq maraqları uzlaşdırmaq və dövlətlərarası əlaqələri daha sistemli qurmaq lazımdır. Prezident İlham Əliyev TDT ölkələri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsini, qarşılıqlı fəaliyyətin geniş potensialının reallaşdırılmasını və regionda sülh və təhlükəsizliyə töhfə verilməsini Azərbaycanın əsas istiqamətlərindən biri kimi təqdim edib.
Türk Dövlətləri Təşkilatının inkişafı, əslində, ortaq tarixdən müasir strateji əməkdaşlığa doğru gedən yolun ifadəsidir. Bu yolun növbəti mərhələsində təşkilatın qarşısında daha böyük imkanlarla yanaşı, daha böyük məsuliyyət də dayanır. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda TDT-nin öz mövqeyini möhkəmləndirməsi üçün siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat bağlantıları, təhlükəsizlik və humanitar əlaqələr paralel şəkildə inkişaf etdirilməlidir. Bakıda keçirilən görüş bu baxımdan sadəcə növbəti tədbir kimi deyil, Türk dünyasının təhlükəsizlik və strateji əməkdaşlıq gündəliyinin genişləndiyini göstərən nümunə kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışında səslənən əsas fikir də bundan ibarətdir - TDT-nin imkanları kifayət qədər genişdir və qarşıda duran vəzifə həmin potensialdan birgə səylərlə daha səmərəli istifadə etməkdir.
Bu gün Türk Dövlətləri Təşkilatının qarşısında yeni mərhələ dayanır. Bu mərhələdə təşkilatın gücü yalnız üzv dövlətlərin ayrı-ayrılıqda imkanları ilə deyil, həmin imkanların nə qədər effektiv şəkildə ortaq məqsədlərə yönəldilməsi ilə ölçüləcək. Azərbaycanın irəli sürdüyü yanaşma da məhz daha sıx koordinasiya, qarşılıqlı etimad və ortaq fəaliyyət üzərində qurulur. Türk dünyasının gələcək beynəlxalq mövqeyi bu əməkdaşlığın davamlı və institusional əsaslar üzərində daha da möhkəmlənməsi ilə yeni imkanlar qazanacaq.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı