Süni intellekt, alqoritmik sistemlər, inkişaf edən sosial media və oyun platformaları, eləcə də digər yeni onlayn məkanlar sürətli rəqəmsal transformasiyanın əsas elementləridir. Bu texnologiyalar insanların və icmaların ünsiyyət qurma, kimliklərini formalaşdırma və ətraf aləmlə qarşılıqlı əlaqə yaratma üsullarını dəyişdirir.
Sözügedən texnologiyalar terrorizmə zəmin yarada bilən zorakı ekstremizmin qarşısının alınması və ona qarşı mübarizə səylərinin gücləndirilməsi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının sürətləndirilməsi üçün əhəmiyyətli imkanlar təqdim edir. Bununla yanaşı, terrorçu aktorlar, onların tərəfdarları və simpatiya bəsləyən şəxslər bu texnologiyalardan getdikcə daha çox sui-istifadə edirlər.
Süni intellekt tərəfindən yaradılan məzmunların, "deepfake"lərin və alqoritmik yayım mexanizmlərinin artması zərərli narrativlərin yayılma sürətini, miqyasını və əhatə dairəsini genişləndirir. Bu isə profilaktik fəaliyyətlər qarşısında yeni və mürəkkəb problemlər yaradır.
Süni intellektin sürətli inkişafı yalnız iqtisadiyyat, səhiyyə və təhsil sahələrində deyil, beynəlxalq təhlükəsizlik məsələlərində də yeni suallar yaradıb. BMT-nin Terrorla Mübarizə İdarəsi qeyd edir ki, süni intellektdən istifadə edən terrorçu və zorakı ekstremist şəbəkə və qruplar bu texnologiyanı zərərli narrativlərin yayılmasını sürətləndirmək və daha geniş auditoriyaya çatmaq üçün tətbiq edə bilərlər. Deepfake texnologiyası və alqoritmlərin məzmunu geniş auditoriyaya çatdırması da bu riskləri artırır.
Söhbət təkcə texnologiyanın özündən getmir. Əsas problem onun hansı məqsədlə və kim tərəfindən istifadə edilməsidir. Necə deyərlər, əsas məsələ bıçağın kimin əlində olması və onu hansı məqsədlə istifadə etməyinə qərar verməsidir. Sülh və inkişaf üçün hazırlanmış alətlər nifrəti, manipulyasiyanı və zorakı ideologiyaların təbliğini gücləndirmək üçün də sui-istifadə oluna bilər.
Bu texnologiyanın yaratdığı əsas dəyişikliklərdən biri məzmun istehsalının sürətlənməsidir. Əvvəllər müəyyən resurs və texniki bacarıq tələb edən bəzi media materiallarını indi daha az resursla hazırlamaq mümkündür. Nəticədə təbii olaraq saxta məlumatların və manipulyativ mesajların yoxlanılmadan yayılması riski artır.
BMT-nin 2026-cı ilin sentyabrında dərc etdiyi məlumatda da terrorçu qrupların süni intellektdən müxtəlif auditoriyalara uyğun mesajlar hazırlamaq, çoxdilli təbliğatı genişləndirmək və maliyyə toplama fəaliyyətlərini dəstəkləmək üçün istifadə etməyə çalışdıqları vurğulanır.
Süni intellektin yaratdığı saxta görüntü, səs və videolar cəmiyyətin informasiya təhlükəsizliyinə təsir göstərə bilər, bu danılmazdır. Terror təşkilatları və zorakı ekstremist qruplar bu vasitələrdən öz ideologiyalarını yaymaq, ictimai qorxu yaratmaq və müəyyən qruplara qarşı nifrəti gücləndirmək məqsədilə istifadə etməyə cəhd göstərə bilərlər.
BMT-nin süni intellekt və şəhərlərin təhlükəsizliyi üzrə 2025-ci il hesabatında deepfake-lərin, saxta kimliklərin və avtomatlaşdırılmış təbliğatın terror fəaliyyətini dəstəkləyə biləcək potensial risklər arasında olduğu qeyd edilir. Bununla belə, hesabat süni intellektdən istifadə etməklə yeni tip hücumların hələ geniş miqyasda yayılmadığını, bu istiqamətdə risklərin əsasən inkişaf edən imkanlarla bağlı olduğunu bildirir. Diqqətə alınmalı ən mühüm məsələ odur ki, süni intellektlə hazırlanmış hər bir saxta görüntü terrorizm demək deyil. Lakin belə məzmunun zorakı çağırışlarla birləşməsi və geniş auditoriyaya yayılması təhlükəsizlik qurumları üçün əlavə çətinlik yarada bilər.
İnternet platformaları insanların məlumat əldə etməsi və ünsiyyəti üçün mühüm vasitədir. Lakin eyni mühit zorakı ekstremist ideologiyaların yayılması üçün də istifadə edilə bilər. Avropa Birliyinin hüquq-mühafizə əməkdaşlığı üzrə agentliyi Europolun 2026-cı il üzrə terrorizm hesabatında sosial media, şifrəli mesajlaşma xidmətləri, oyun platformaları və digər onlayn icmaların təbliğat, radikallaşma və işə cəlbetmə proseslərində rol oynadığı bildirilir. Hesabat gənclərin ekstremist məzmunun təsirinə məruz qalması ilə bağlı riskləri də diqqətə çatdırır.
Süni intellekt bu mühitdə fərqli dillərdə məzmun yaratmaq və müəyyən auditoriyalara uyğun mesajları sürətlə hazırlamaq imkanını genişləndirə bilər. Buna görə də rəqəmsal savadlılıq, mənbələrin yoxlanılması və gənclərin onlayn təhlükələr barədə maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Süni intellektin təhlükəsizlik sahəsində rolu yalnız təhdid və hədələrlə məhdudlaşmır. Texnologiya cinayətkarlıq və terrorizmə qarşı mübarizədə də istifadə oluna bilər. Europol süni intellektin hüquq-mühafizə orqanlarına böyük həcmli məlumatları təhlil etmək, təkrarlanan işləri avtomatlaşdırmaq və qərarverməni dəstəkləmək baxımından fayda verə biləcəyini bildirir. Bununla yanaşı, qurum süni intellekt sistemlərində qərəzlilik risklərinin müəyyənləşdirilməsinin və insan hüquqlarının qorunmasının vacibliyini vurğulayır.
Bu yanaşma texnologiyanın məsuliyyətli istifadəsini tələb edir. Təhlükəsizlik məqsədilə tətbiq olunan süni intellekt sistemləri səhv nəticələr verə, ayrı-seçkilik yarada və şəxsi məlumatların qorunması ilə bağlı problemlərə səbəb ola bilər. Buna görə insan nəzarəti və şəffaf qaydalar əsas şərtlər olaraq qalır.
Süni intellektin yaratdığı təhlükələr yalnız bir ölkənin sərhədləri ilə məhdudlaşmır. İnteret sərhədsiz ünsiyyət vasitəsidir, onlayn təbliğat, saxta məzmun və rəqəmsal platformalar müxtəlif ölkələrdə yerləşən şəxslərə və icmalara eyni vaxtda təsir göstərə bilər. BMT və Avropa qurumlarının hesabatlarında texnologiya şirkətləri, dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın, platformalarda təhlükəli məzmunun qarşısının alınması üçün tədbirlərin və insan hüquqlarına əsaslanan idarəetmənin əhəmiyyəti vurğulanır.
Süni intellekt terrorizmin mahiyyətini təkbaşına dəyişən bir vasitə deyil, mövcud təhdidləri genişləndirə və yeni risklər yarada bilən texnologiyadır. Onun təbliğat, dezinformasiya və radikallaşma məqsədilə sui-istifadəsi beynəlxalq təhlükəsizlik gündəliyində getdikcə daha çox diqqət çəkir.
Süni İntellekt insan beyninin məhsuludur və insan idarəetməsində qalmalıdır. Əsas məsələ texnologiyanın inkişafını dayandırmaq deyil, onun insan təhlükəsizliyinə zərər vurmadan tətbiqini təmin etməkdir. Süni intellektin məsuliyyətli idarə edilməsi, rəqəmsal savadlılığın artırılması, platformaların nəzarət mexanizmləri və beynəlxalq əməkdaşlıq bu istiqamətdə əsas müzakirə mövzularıdır. Ondan istifadə şüurlu şəkildə həyata keçirilərsə heç bir təhlükəsi olmaz.
Lalə Mehralı