PDF Oxu

Siyasət

  • 467

Polad iradə, sarsılmaz birlik: dövlət hər zaman öz əsgərinin yanındadır

image

Xalqların və millətlərin tarixində elə məqamlar olur ki, onlar sadəcə təqvim vərəqlərini deyil, bütün bir ölkənin taleyini və gələcəyini kökündən dəyişir. Azərbaycanın müasir tarixinə milli iradənin, sarsılmaz əzm və qürurun təcəssümü kimi həkk olunmuş Anım Günü məhz belə bir dönüş noktəsidir. Otuz ilə yaxın davam edən torpaq həsrətinə, ədalətsizliyə və işğala son qoymaq məqsədilə başlayan Vətən Müharibəsi xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda apardığı müqəddəs mübarizənin zirvəsidir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə başlayan qətiyyətli əks-hücum əməliyyatları ilk anlardan etibarən göstərdi ki, bu döyüş təkcə hərbi gücün toqquşması deyil, milli ləyaqətin, dövlət qüdrətinin və xalq birliyinin nümayişidir.
Müharibənin başladığı ilk saniyələrdən etibarən cəbhə boyu dastan yazan Azərbaycan əsgəri arxasında möhkəm, qüdrətli və sarsılmaz bir dövlətin varlığını hər an hiss etdi. Ali Baş Komandanın xalqa hər bir müraciəti, ordunun ehtiyaclarının anındaca təmin olunması və arxa cəbhədə yaradılan yüksək səfərbərlik mühiti səngərdəki döyüşçünün ruhi-mənəvi gücünü qat-qat artırdı. Dövlət özünün bütün maddi, texniki, tibbi və diplomatik resurslarını vahid məqsəd uğrunda səfərbər edərək sübut etdi ki, "Dövlət hər zaman öz əsgərinin yanındadır" şüarı sadəcə bir söz deyil, real və əməli fəaliyyətin göstəricisidir. Ön cəbhədə cəsarətlə vuruşan hər bir zabit və əsgər arxasında bütöv bir millətin duasını və dövlətin polad iradəsini hiss etməklə düşmən qarşısında məğlubedilməz bir qüvvəyə çevrildi.
Böyük Zəfərlə başa çatan 44 günlük müharibədən sonra da dövlətin öz qəhrəmanlarına, şəhid və qazi ailələrinə olan diqqət və qayğısı bir an belə zəifləmədi. Əksinə, dinc quruculuq dövründə bu qayğı daha mütəşəkkil və sistemli xarakter aldı. Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin olunması, Vətən müharibəsi qazilərinin mənzil, avtomobil, müalicə və reabilitasiya ehtiyaclarının ödənilməsi dövlət siyasətinin ən üstün prioritetinə çevrildi. Yaradılan "YAŞAT" Fondu və həyata keçirilən genişmiqyaslı sosial dəstək paketləri dövlətin öz fədakar övladlarına olan dərin ehtiramının və məsuliyyətinin əyani sübutudur.
Qazilərimizin müasir protezlərlə təmin olunaraq fəal həyata qaytarılması, xaricdə müalicələrinin təşkili, onların məşğulluq imkanlarının artırılması və cəmiyyətə inteqrasiyası istiqamətində atılan ardıcıl addımlar dövlət-əsgər bağlarının neçə möhkəm olduğunu bir daha göstərir. Şəhid övladlarının təhsili, onların gələcək inkişafı üçün yaradılan şərait dövlətimizin bu ailələri öz doğma mənsubu kimi qucaqladığını nümayiş etdirir. Bu yanaşma cəmiyyətimizdə vətənpərvərlik ruhunu, dövlətə və ədalətə olan inamı daha da dərinləşdirir.
Milli ordunun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də dövlətin diqqət mərkəzində saxladığı mühüm istiqamətlərdəndir. Xidmət illərini şərəflə başa vuran hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması, hərbi şəhərciklərin müasir standartlara uyğun şəkildə yenidən qurulması və hərbi heyətin həyat keyfiyyətinin artırılması bu sahədə görülən işlərin tərkib hissəsidir. Dövlət sadəcə müharibə vaxtı deyil, hərbi xidmətin hər bir mərhələsində öz əsgər və zabitinin yanında olduğunu, onun çəkdiyi zəhməti yüksək qiymətləndirdiyini əyani şəkildə ortaya qoyur.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların misilsiz şücaətinin örnək göstərilməsi dövlətin və cəmiyyətin mənəvi borcudur. Məktəblərdə, ali təhsil müəssisələrində və sosial platformalarda qəhrəmanlarımızın keçdiyi döyüş yolunun geniş təbliğ edilməsi, xatirə komplekslərinin ucaldılması gələcək nəsillərə kimin varisləri olduqlarını xatırladır. Vətən uğrunda töküldüyü hər damla qan dövlətin yaddaşında əbədi yaşayır və bu yaddaş milli kimliyimizin ən sarsılmaz sütununu təşkil edir.
Bu gün azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa-quruculuq işləri, yenidən inşa edilən şəhər və kəndlər məhz həmin qəhrəman əsgərlərimizin cəsarəti sayəsində mümkünsüzdən mümküne çevrilmişdir. Dağıdılmış yurdlarımıza yenidən həyatın qayıtması, üçrəngli bayrağımızın Zəfər zirvələrində məğrurcasına dalğalanması ordumuzun göstərdiyi fədakarlığın ən böyük bəhrəsidir. Dövlətin infrastruktur layihələrini sürətlə gerçəkləşdirməsi və keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına təhlükəsiz dönüşünü təmin etməsi qazanılan hərbi Zəfərin məntiqi və möhtəşəm davamıdır.
Anım Gününün dərin mənəvi mahiyyəti bizə bir daha xatırladır ki, bu torpaqlar üzərindəki hər bir uğurumuz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına qazanılıb. Dövlətin öz əsgərinə verdiyi dəyər, əslində, onun öz gələcəyinə, müstəqilliyinə və təhlükəsizliyinə verdiyi dəyərdir. Bərpa edilən şəhərlərimiz, dirçələn torpaqlarımız bu böyük fədakarlığın canlı abidəsidir. Azərbaycan əsgəri hər zaman bilir və əmin olsun ki, istər döyüş meydanında, istərsə də dinc həyatda onun arxasında sarsılmaz dövləti və onunla bir vuran milyonlarla həmvətəninin qəlbi durur. Bu sarsılmaz birlik ölkəmizin əbədi qüdrətinin və gələcək zəfərlərinin ən etibarlı təminatıdır.

Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər