PDF Oxu

Siyasət

  • 612

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir - FOTOLAR

image

Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb və müəyyən işlər görülüb.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.

Sözügedən müşavirədə dövlətimizin başçısı bu sahənin ölkə iqtisadiyyatı üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu, maliyyətutumlu sahə olsa da, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradacaq.

Qeyd edilib ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

Qeyd etmək lazımdır ki, Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-1914-cü illər ərzində Almaniyanın “Siemens” şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl, gümüş, “Bittibulaq” yatağından isə mis çıxarıb.

XX əsrin əvvəllərində digər alman şirkəti “Vagau” Balakən rayonunun ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olub. Ötən əsrin ortalarında mədən texnikasının inkişafı və bərk faydalı qazıntıların zənginləşdirilməsi ilə bir sıra faydalı filiz yataqları istifadəyə verilib. Bunlara Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşkəsən, Paraqaçay molibden, Gümüşlük polimetal mədənləri və digərləri daxildir.

Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib. Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı dayandırılıb.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 23 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb.

Azərbaycanda dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin müəyyən səbəbləri olub. Dövlətimizin başçısının dediyi kimi, bir çox yataqlar 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Eyni zamanda, bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Sovetlər dövründə isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa da, Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə respublika ərazisindəki bir çox perspektivli yataqlar hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu baxımdan yeni Dövlət Proqramının qəbulu çox əhəmiyyətlidir.

İlkin olaraq işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması nəzərdə tutulur. Əsasən, bu sıraya Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqları daxildir. Prezidentin dediyi kimi, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan yataqlarda istismar artıq başlanılacaq. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi də məhz dağ-mədən sənayesinin inkişafıdır.

Yeni proqram həmçinin regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Necə ki, indiyədək qəbul edilmiş proqramlarda bölgələrin inkişafı xüsusi yer tutub. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bu gün ölkədə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Hətta müəyyən həcmdə elektrik enerjisi ixrac edilir.

Digər infrastruktur layihələri də uğurla həyata keçirilib və bu proses davamlıdır. Xəstəxanalar və məktəblər tikilib, avtomobil və dəmir yolları çəkilib, hava limanları inşa edilib. Qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri də şərtləndirir.

“Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək. Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi,” –deyə Prezident İlham Əliyev sözügedən müşavirədə bunları bir daha xatırladıb.

İşğal dövründə təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız da talan edilirdi. Ona görə də indi bu sərvət öz geoloji kəşfiyyat dövrünü gözləyir. İlk növbədə gündəmdəki işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə start verilib.

Dövlət Proqramının 2027-2030-cu illəri əhatə etməsi isə qarşıdakı dövr üçün ardıcıl və sistemli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Proqram çərçivəsində nəzərdə tutulan layihələrin mərhələli şəkildə həyata keçirilməsi dağ-mədən və metallurgiya sənayesində yeni istehsal imkanlarının formalaşmasına, regionların iqtisadi fəallığının artmasına və sənaye potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər.

Ümumilikdə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına yönələn bu siyasət Azərbaycanın sənaye strukturunda qeyri-neft sektorunun payının artırılması, yerli xammal bazasından daha səmərəli istifadə edilməsi və iqtisadiyyatın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından mühüm istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər