"1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri hesab oluna bilər. Bu müqavilə Azərbaycanın strateji maraqlarının, eləcə də qlobal enerji layihələrində iştirakı və beynəlxalq əməkdaşlığının təsdiqi baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan bununla Qərb, Avropa və ölkə ilə əməkdaşlıqda maraqlı olan digər dövlətlərlə birgə fəaliyyət göstərmək niyyətini nümayiş etdirdi".Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.Onun sözlərinə görə, Layihə eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış iqtisadi və diplomatik addımlardan biri kimi qiymətləndirilə bilər. Başqa sözlə, neft strategiyası və beynəlxalq güclərlə əməkdaşlıq Azərbaycanın həm iqtisadi imkanlarının genişlənməsinə, həm də diplomatik mövqelərinin möhkəmlənməsinə xidmət edib:"Bunun nəticələrinin 2020-ci ilin 44 günlük müharibəsi və sonrakı dövrdə keçirilən antiterror tədbirləri fonunda özünü göstərdiyini hesab etmək olar.“Əsrin müqaviləsi” yalnız Azərbaycan üçün deyil, həm də regional iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı baxımından yeni imkanlar yaratdı. Müqavilənin imzalanmasından sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası, qaz ixracı layihələrinin reallaşdırılması, müxtəlif nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və Xəzərdən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu proseslərin bir qismini “Əsrin müqaviləsi” ilə başlayan beynəlxalq əməkdaşlığın nəticəsi kimi qiymətləndirmək mümkündür.Gələcəkdə nəzərdə tutulan Cənubi Qafqaz nəqliyyat dəhlizlərinin inkişafı da regionda formalaşan bu iqtisadi əməkdaşlıq mühitinin davamı kimi nəzərdən keçirilə bilər. Ümumilikdə, Azərbaycanın ərazi bütövlüyünün və regionda davamlı sülhün təmin olunması baxımından “Əsrin müqaviləsi”nin imzalanması mühüm strateji addımlardan biri olub".
Müəllif: Günel Fərzəliyeva