27 sentyabr Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. Bu gün, Azərbaycan xalqının şəhidlərinin xatirəsini ehtiramla yad etdiyi Anım Günü olmaqla bərabər, həm də ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına gedən yolun başlanğıcıdır.
Müasir Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifəsi olan 44 günlük Vətən Müharibəsi, sadəcə bir ərazi bütövlüyü məsələsi deyil, Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişdirən tarixi hadisədir. 27 sentyabr günü xalqımızın şəhidlərinin xatirəsini ehtiramla yad etdiyi müqəddəs bir gün olmaqla yanaşı, həm də Azərbaycanın öz gücü hesabına beynəlxalq ədaləti bərpa etdiyi böyük bir dönüş nöqtəsidir. Bu tarixi zəfərin siyasi xətti üç əsas konseptual tezis üzərində bərqərar olmuşdur: müharibənin qaçılmazlığı, şanlı Zəfər və regionun yeni reallıqları.
Azərbaycanın qazandığı bu zəfərin arxasında güclü siyasi iradə və daxili sabitlik dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə İllər boyu aparılan uğurlu iqtisadi islahatlar, ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi hərbi uğuru şərtləndirən əsas amillər oldu. Azərbaycan, beynəlxalq hüququn işləmədiyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığı bir dönəmdə öz gücü ilə ədaləti bərpa etdi. Bu, müasir beynəlxalq münasibətlər sistemində nadir görünən "özünümüdafiə və hüququn güclə tətbiqi" nümunəsidir.
Müharibəni qaçılmaz edən əsas siyasi amillərə gəldikdə, məlumdur ki, Azərbaycan otuz ilə yaxın bir müddətdə münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışdı. Lakin Ermənistanın destruktiv mövqeyi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması status-kvonun dondurulmasına xidmət edirdi.
Ermənistan rəhbərliyinin "Yeni torpaqlar üçün yeni müharibə" doktrinası, təcavüzkar bəyanatları və Ermənistanın o zamankı müdafiə nazirinin bu hərbi doktrinası danışıqlar prosesini tamamilə məhv etdi. İrəvanın beynəlxalq hüquqa meydan oxuyan "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatı diplomatik masanı alt-üst etdi və sülh ehtimallarını sıfıra endirdi. 2020-ci ilin iyulunda Tovuz istiqamətindəki dövlət sərhədində, avqustunda isə kəşfiyyat-diversiya qrupunun göndərilməsi ilə Ermənistan müharibənin anonsunu verdi. Sentyabrın 27-də dinc əhaliyə qarşı yönələn genişmiqyaslı hücum isə Azərbaycan üçün əks-hücum əməliyyatını və "Dəmir Yumruq" missiyasını qaçılmaz bir zərurətə çevirdi.
44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın hərbi, iqtisadi və mənəvi gücünün rəsmi nümayişi oldu. Ordumuz XXI əsrin yeni hərb strategiyasını yazaraq, PUA-ların sinxron tətbiqi, yüksək dəqiqlikli silahlar və dağlıq relyefdə xüsusi təyinatlıların qəhrəmanlığı ilə dünya hərb elmini heyrətə gətirdi. bu tarixi missiyanı canı və qanı bahasına ön cəbhədə vuruşan, Şuşanın sıldırım qayalarını dırmaşaraq, yüngül silahlarla şəhəri azad edən Azərbaycan əsgəri yerinə yetirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev xalqa müraciətlərində bu amili xüsusi vurğulayaraq demişdir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Bu fəlsəfə təkcə ordunun rəşadətini deyil, həm də Zəfərin arxasında dayanan insan amilini, milli kimliyin formalaşmasını və dövlətin şəhid ailələrinə, qazilərə olan əbədi mənəvi borcunu ifadə edir.
Vətən Müharibəsində qazanılan qələbə və onun məntiqi davamı olan 2023-cü il sentyabr antiterror tədbirləri Cənubi Qafqazda tamamilə yeni bir reallıq formalaşdırdı. Müharibə dövründə və ondan sonra Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi regionda yeni bir təhlükəsizlik arxitekturası formalaşdırdı.
27 sentyabrda başlayan hərbi-siyasi proseslər Cənubi Qafqazda status-kvonun tamamilə dəyişməsinə səbəb oldu. İllərlə münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışan xarici vasitəçilərin missiyası tamamilə əhəmiyyətini itirdi. Azərbaycan öz taleyini özü həll etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə separatizmin kökü tamamilə kəsildi və Azərbaycan Xankəndidə, Xocalıda öz suveren bayrağını ucaltdı.
Bu gün Azərbaycan regionun mütləq lideri və qlobal enerji, nəqliyyat layihələrinin mərkəzi aktoru rolundadır. İşğaldan azad edilmiş ərazilərdə aparılan sürətli quruculuq işləri, "Ağıllı kənd" layihələri və beynəlxalq hava limanlarının inşası ölkənin iqtisadi potensialının nümayişidir. Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin inkişafı istiqamətində atılan addımlar Azərbaycanı Şərqlə Qərb arasında əvəzolunmaz siyasi-iqtisadi körpüyə çevirib. Bakı artıq regionda kənar güclərin ssenarilərini icra edən deyil, sülhün və əməkdaşlığın şərtlərini özü müəyyənləşdirən əsas oyunçu statusundadır.
Beləliklə, 27 Sentyabr - Anım Günü sadəcə keçmişə boylanıb kədərlənmək günü deyil, həm də gələcəyə qürurla baxmaq günüdür. Şəhidlərimizin qanı bahasına qazanılan bu zəfər Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış siyasi və hərbi dərslikdir.
Əli Hüseynli
Milli Məclisin deputatı