PDF Oxu

Siyasət

  • 1 420

27 Sentyabr: böyük irsdən doğan zəfər və qürur salnaməsi - ŞƏRH

image

27 Sentyabr Anım Günü – Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Həmin gün illər boyu sinələrdə gəzdirilən Qarabağ həsrətinin, tapdanmış haqqımızın və barışmaz milli qürurumuzun vulkan kimi püskürdüyü, müqəddəs Zəfər yürüşünün başladığı an kimi tarixdə əbədiləşdi. Azərbaycan xalqı o səhər tək bir amalla ayağa qalxdı: tarixi ədaləti bərpa etmək və torpaqlarımızı işğaldan azad etmək!

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bir gündə formalaşmadı. Bu zəfərin təməli Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası, sarsılmaz siyasi iradəsi və nizami ordunun qurulması yönündə atdığı tarixi addımlarla qoyulmuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda pərakəndə hərbi birləşmələr vahid, nizam-intizamlı milli orduya çevrildi, atəşkəs əldə edilərək ölkənin iqtisadi və siyasi dirçəliş dövrü başladı. Ulu Öndərin “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun.” inamı xalqın qəlbində heç vaxt sönməyən bir ümid məşəlinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu irsi müasir hərbi texnologiyalar, güclü iqtisadiyyat və dəmir diplomatiya ilə zənginləşdirdi. Müzəffər Ali Baş Komandan ata vəsiyyətini və xalqın illərlə çəkdiyi yurd nisgilini şərəflə yerinə yetirdi.İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir Yumruq" əməliyyatı həm döyüş meydanında, həm də beynəlxalq informasiya cəbhəsində düşmənin bütün planlarını darmadağın etdi. Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyətli liderlik, xalqa müraciətlərindəki ruh yüksəkliyi və aparıcı dünya mediasına verdiyi kəsərli müsahibələr Zəfərimizin siyasi-diplomatik sütununu təşkil etdi.

Cəbrayıldan başlayan Zəfər yürüşü Füzulinin, Zəngilanın, Qubadlığın, Hadrutun və nəhayət, aşırımları əlbəyaxa döyüşlə fəth edilən Şuşanın azad olunması ilə zirvəyə çatdı. Bu, təkcə torpaqların qaytarılması deyil, həm də xalqımızın öz gücünə, dövlətinə və ordusuna olan inamının təntənəsi idi.

27 Sentyabr Anım Günü – hər şeydən öncə canlarını bu müqəddəs bayraq uğrunda fəda etmiş, Vətən torpağını qanları ilə suarmış igidlərimizə ali ehtiram günüdür. Şəhidlərimizin göstərdiyi şücaət bu gün işğaldan azad edilmiş torpaqlarda ucalan hər bir binanın, çəkilən yolların və "Böyük Qayıdış" proqramı ilə doğma yurdlarına dönən soydaşlarımızın təbəssümünün təməlidir. Ulu Öndərin təməlini qoyduğu, Prezident İlham Əliyevin zəfərlə taclandırdığı bu günkü dirçələn Qarabağ şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Bu səbəbdən şəhidlərin xatirəsini yaşatmaq təkcə onların adlarını çəkməkdən ibarət deyil. Onların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq, şəhid ailələrinə diqqət və ehtiram göstərmək, qazilərimizi daim yad etmək milli yaddaşın qorunmasının mühüm tərkib hissəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin müalicəsi, sağlamlıqlarının bərpası və sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu qayğı yalnız dövlət proqramları və sosial layihələrlə məhdudlaşmır. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması, qazilərimizin gündəlik həyatına dəstək göstərilməsi Vətən qarşısında xidmət etmiş insanlara dövlət və cəmiyyətin dərin ehtiramının mühüm ifadəsidir. Bu böyük və həssas istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğıları ilə yaxından maraqlanır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıq imkanlarının bərpası və şəhidlərimizin əziz xatirəsinin yaşadılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət də məhz bu müqəddəs həqiqətin üzərində qurulur: Vətən üçün canından keçənin ailəsi heç vaxt tək deyil, Vətən üçün sağlamlığını itirənin fədakarlığı heç vaxt unudulmur. Bu gün şəhidlərimizin adının məktəblərdə, küçələrdə, meydanlarda, müxtəlif sosial və mədəni layihələrdə yaşadılması onların xatirəsinin gələcək nəsillərə ötürülməsinin mühüm vasitəsidir. Çünki şəhidlərin adını yaşatmaq yalnız onları yad etmək deyil, həm də onların həyat yolunu, Vətən sevgisini və qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərməkdir.Şəhidlərimizin əziz xatirəsi önündə baş əyirik!

Yalçın Əliyev
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı

Digər xəbərlər