30 ilə yaxın idi ki, düşmənə əsir düşən əzəli yurd yerimiz olan Qarabağ öz xilaskar ərənlərinin yolunu gözləyirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələrinin atəşkəs rejimini pozaraq cəbhə boyu mövqelərimizə hərbi təcavüzü zamanı Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində işğal edilmiş ərazilərimiz uğrunda şiddətli döyüşlər başlanıldı. Həmin gündən etibarən hər qarış torpaq uğrunda gedən döyüşlər xalqımızın azadlıq əzmini, ordumuzun əsgər və zabitlərin cəsarətini, Vətənə sədaqətini bütün dünyaya göstərdi. 44 günə torpaqlarımızda üçrəngli qələbə bayrağımız dalğalandı və 27 Sentyabr Azərbaycan xalqının yaddaşına Vətən uğrunda mübarizənin, misilsiz qəhrəmanlığın, milli iradənin təcəssümü kimi daxil oldu .
İndi qarşıdan gələn “27 sentyabr- Anım günü” münasibətilə respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər görülür. Astara Pedaqoji Kollecində tarixi günlə əlaqədar tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin əziz xatirəsinin daim əziz tutulması və Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması məqsədilə xüsusi dərs keçirilib.
Xüsusi dərsdə çıxış edən “Humanitar fənlər” FBK-nın Tarix müəllimi Azad Hüseynzadə “27 Sentyabr – Anım Günü”nün tariximizdəki rolundan, ilk gündən özünü şüurlu surətdə odun-alovun içinə atan əsgər və zabitlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan, onların keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən danışıb. Bildirib ki, bu yolda şəhid olanların əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq və onların qəhrəmanlıq nümunəsi gələcək nəsillərə örnək olacaqdır.
"Azərbaycan dili və xarici dillər" FBK-nın müəllimi Günel Rəcəbova xüsusi dərsdə isə 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb olan tarixi hadisələr, Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi Zəfər haqqında ətraflı məlumat verərək deyib:- “27 Sentyabr – Anım Günü” Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsinə ehtiramın ifadəsidir. Şəhidlər ölmür, onlar Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!
Həmçinin dərs zamanı Vətənin azadlığı naminə canından keçən şəhidlərin həyat və döyüş yolundan bəhs edən məlumatlar açıqlanıb, onların müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tələbələrə Vətənə sevgi, dövlətçilik dəyərlərinə sədaqət, milli-mənəvi irsə hörmət və şəhidlərimizin bizə miras qoyduğu Zəfər ruhunun gələcək nəsillərə çatdırılmasının vacibliyi aşılanıb.
Sonda tələbələri ən çox düşündürən suallara cavab verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü