Azərbaycanın yeraltı sərvətləri qarşıdakı illərdə ölkənin sənaye inkişafının yeni istiqamətlərindən birinə çevriləcək. Prezident İlham Əliyevin 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı bu sahədə qarşıya qoyulan məqsədləri aydın şəkildə ortaya qoydu. Söhbət yalnız yeni yataqların istismarından getmir. Əsas hədəf filizin hasilatından başlayaraq onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsinə qədər bütöv istehsal zəncirinin Azərbaycanda qurulmasıdır. Dövlət Proqramına 5,3 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. Bu vəsait hesabına yeni mədən və emal müəssisələrinin yaradılması, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi və sənaye infrastrukturunun gücləndirilməsi planlaşdırılır. Qarşıdakı dövrdə sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir. Beş mindən artıq yeni iş yerinin yaradılması da proqramın iqtisadi nəticələrlə yanaşı, sosial əhəmiyyətini göstərir.
Bu siyasətin mühüm istiqamətlərindən biri ölkənin müxtəlif bölgələrində mövcud mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsidir. Daşkəsəndə dəmir filizi əsasında yeni istehsal imkanlarının yaradılması, Balakəndə “Filizçay” polimetal yatağının işlənməsi, Kəlbəcər və digər ərazilərdə qızıl-mis ehtiyatlarının araşdırılması qarşıya qoyulan konkret layihələr sırasındadır. Naxçıvanda da geoloji tədqiqatların genişləndirilməsi və yeni yataqların istismara hazırlanması nəzərdə tutulur. Xüsusilə Qərb Sənaye Parkının yaradılması hasilatla emalın vahid sənaye zəncirində birləşdirilməsi baxımından diqqət çəkir. Burada zənginləşdirmə müəssisələri, pelet və isti briketləşdirilmiş dəmir istehsalı kimi sahələrin formalaşdırılması planlaşdırılır. Alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması da metallurgiya sənayesinin genişləndirilməsi istiqamətində mühüm hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə aparılacaq geoloji kəşfiyyat isə həmin torpaqların iqtisadi potensialının üzə çıxarılmasına əlavə imkanlar yaradacaq. Beləliklə, dağ-mədən sənayesi təkcə hasilat sahəsi kimi deyil, regionların iqtisadi inkişafına təsir göstərən geniş sənaye platforması kimi formalaşır.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycanın qarşısında duran əsas məsələ sərvətlərin sadəcə çıxarılması deyil, onlardan maksimum iqtisadi faydanın əldə edilməsidir. Filizin xammal şəklində ixracı əvəzinə onun ölkə daxilində emal olunması daha yüksək əlavə dəyər yaratmağa, yeni istehsal sahələri və iş yerləri formalaşdırmağa imkan verir. Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, böyük sənaye layihələrinin həyata keçirilməsi zamanı ekoloji tələblərin qorunması xüsusi diqqət tələb edir. Qarşıya qoyulan hədəflər reallaşdıqca Azərbaycan həm mineral xammal bazasını genişləndirəcək.
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı