PDF Oxu

Siyasət

  • 203

“Öldü var, döndü yoxdur” – Zəfərə aparan birlik və iradə - ŞƏRH

image

Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında tariximizin ən şərəfli səhifələrindən biri kimi əbədi yaşayacaq. 44 gün davam edən müharibə dövründə xalqımızı birləşdirən, hər bir azərbaycanlının qəlbində yaşayan əsas düşüncə Vətən torpaqlarının azad olunması idi. Həmin günlərdə hamımız bir amal, bir məqsəd və bir şüarla yaşayırdıq: “Öldü var, döndü yoxdur!”
Bu ifadə sadəcə bir şüar deyildi. Bu sözlər Azərbaycan əsgərinin döyüş meydanındakı qətiyyətini, Vətən qarşısında məsuliyyətini və torpaqlarımızın azadlığı uğrunda hər cür fədakarlığa hazır olduğunu ifadə edirdi. Əsgər üçün qarşıda yalnız bir yol var idi – irəli getmək, işğal altında olan torpaqlarımızı azad etmək və üçrəngli Azərbaycan bayrağını həmin ərazilərdə dalğalandırmaq.
Müharibə günlərində cəmiyyətimizin bütün təbəqələri vahid məqsəd ətrafında sıx birləşdi. Cəbhədə Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti döyüşürdüsə, arxa cəbhədə milyonlarla insan onların mənəvi dayağına çevrilmişdi. Valideynlər övladlarını Vətənə əmanət edir, analar dualar edir, bacı-qardaşlar, həyat yoldaşları və övladlar böyük qürur və səbirlə qələbə xəbərini gözləyirdilər.
Həmin dövrdə xalqımızın nümayiş etdirdiyi həmrəylik də Zəfərin mühüm amillərindən biri oldu. İnsanlar bir-birinə dəstək olur, şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir, ordumuza mənəvi və maddi dəstəyini əsirgəmirdi. Küçələrdə, evlərdə, iş yerlərində, sosial şəbəkələrdə eyni ruh hökm sürürdü. Hamının arzusu eyni idi: Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi.
Bu müharibə Azərbaycan əsgərinin qəhrəmanlığını bütün dünyaya göstərdi. Müasir silahlar, peşəkarlıq və yüksək döyüş hazırlığı ilə yanaşı, əsgərlərimizin mənəvi ruhu və Vətən sevgisi də qələbənin əsas dayaqlarından oldu. Döyüş meydanında canından keçən şəhidlərimiz öz fədakarlıqları ilə tarix yazdılar. Onların hər biri xalqımızın yaddaşında Vətən qəhrəmanı kimi yaşayır.
“Öldü var, döndü yoxdur” deyən qəhrəmanların qarşısında əsas məqsəd şəxsi mənafe deyil, Vətənin bütövlüyü idi. Onlar yaxşı bilirdilər ki, azadlıq böyük fədakarlıq tələb edir. Bu fədakarlığın nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, xalqımız uzun illər həsrətində olduğu Zəfərə qovuşdu.
Vətən müharibəsinin hər bir günü, hər bir döyüşü, hər bir şəhidimizin həyat yolu gələcək nəsillər üçün böyük örnəkdir. Bu tarix bizə göstərdi ki, xalq və dövlət bir məqsəd ətrafında birləşdikdə, milli iradə və qətiyyət nümayiş etdirdikdə qarşıya qoyulan ən böyük məqsədlərə belə nail olmaq mümkündür.
Bu gün azad edilmiş şəhər və kəndlərimizdə Azərbaycan bayrağının dalğalanması həmin günlərdə göstərilən qəhrəmanlığın nəticəsidir. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri isə Böyük Qayıdışın yeni mərhələsini təşkil edir. Vaxtilə işğal səbəbindən öz doğma yurdlarından didərgin düşmüş insanlar bu gün həmin torpaqlara qayıdırlar.
Şəhidlərimizin müqəddəs xatirəsi daim uca tutulacaq. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq. Çünki bu Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir.
Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – “Öldü var, döndü yoxdur!” Bu sözlər həmin günlərin ruhunu, Azərbaycan əsgərinin qətiyyətini və xalqımızın Zəfər əzmini özündə əks etdirirdi. Bu gün isə həmin şüarın arxasında dayanan qəhrəmanlıq tariximizə çevrilib. Biz bu tarixi unutmamalı, şəhidlərimizin əziz xatirəsini yaşatmalı və gələcək nəsillərə ötürməliyik.

Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər