26 sentyabrda Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.
Prezident cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorun suallarını cavablandırarkən Azərbaycanın son iyirmi ildə əldə etdiyi nailiyyətlərin gələcək inkişaf üçün möhkəm baza yaratdığını vurğulamışdır. O qeyd etmişdir ki, sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi sayəsində ölkə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmiş, bunun yarısı birbaşa xarici investisiyalar olmuşdur.
Forum çərçivəsində bərpaolunan enerji mənbələrinin inkişafı diqqətə çatdırılmış, Xəzər dənizində 157 giqavatlıq potensialın mövcudluğu və qarşıdakı beş ildə ölkənin hər yerində günəş və külək stansiyalarının fəaliyyət göstərəcəyi, həmçinin mədənçilik sahəsində qəbul olunmuş yeni dövlət proqramının qısamüddətli dövrdə çoxsaylı fəaliyyətlərə təkan verəcəyi bildirilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi mövqeyini gücləndirmək üçün görülən işləri vurğulamışdır. O qeyd etmişdir ki, dəmir yolları, dəniz limanları, hava yükdaşıma infrastrukturu və avtomobil yollarına böyük həcmdə investisiya yatırılmış, dəmir yollarının 60 faizi elektrikləşdirilmişdir: “Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur. Beləliklə, bu, mühüm bir mərhələ idi. Tranzit ölkəyə çevrilmək üçün bizim, sözsüz ki, qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacımız var idi. Əks halda, dənizə çıxışı olmayan bir ölkə olaraq, nə qədər çox çalışsanız da, uğur qazana bilməzsiniz. Bu da həyata keçirildi. Bu gün bütün qonşularla münasibətlər çox aydın, ən əsası isə proqnozlaşdırılabiləndir”.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi transformasiyasını, regional və qlobal miqyasda artan strateji rolunu nümayiş etdirdi. Forumda səsləndirilən fikirlər Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü, qlobal ticarət və investisiya sabitliyinin dayağı kimi mövqeyini bir daha təsdiqlədi. Bu tədbir həm yerli, həm də xarici investorlar üçün yeni imkanların açıldığını göstərməklə yanaşı, Azərbaycanın regional əməkdaşlıqda və qlobal təchizat zəncirlərində strateji rolunu möhkəmləndirdi.
Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi,
Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü