PDF Oxu

Siyasət

  • 580

Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələrin gələcək inkişaf üçün mühüm baza yaratdıb - ŞƏRH

image

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edərək “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarını cavablandırıb.

Tədbirdə Azərbaycanın iqtisadi inkişafının keçdiyi yol, ölkədə yaradılmış investisiya mühiti, qeyri-neft sektorunun inkişafı, bərpaolunan enerji potensialı, nəqliyyat və logistika imkanları, rəqəmsallaşma, insan kapitalı və gələcək investisiya perspektivləri geniş müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələrin gələcək inkişaf üçün mühüm baza yaratdığını vurğulayıb. Dövlət başçısının sözlərinə görə, indiyədək görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi gələcək barədə daha əminliklə danışmağa imkan verir.
Prezident qeyd edib ki, Azərbaycan son 20 il ərzində 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstərici Azərbaycanın beynəlxalq investorlar üçün formalaşdırdığı iqtisadi tərəfdaşlıq mühitinin miqyasını göstərən mühüm faktlardan biridir. Bu baxımdan Azərbaycanın gələcək iqtisadi inkişaf modelində şaxələndirmə mühüm yer tutur.
Dövlət başçısı bildirib ki, Azərbaycanın xüsusilə Xəzər dənizinin ölkəyə aid sektorunda böyük enerji potensialı mövcuddur. Onun sözlərinə görə, təkcə Xəzərin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat həcmində qiymətləndirilir. Quruda isə artıq Günəş və külək elektrik stansiyaları fəaliyyət göstərir.
Prezidentin çıxışında bildirildiyi kimi, qarşıdakı beş il ərzində Azərbaycanın müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin geniş yayılması nəzərdə tutulur.Tədbirdə Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları da geniş müzakirə olunub.
Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəyə beynəlxalq ticarət və tranzit baxımından mühüm imkanlar verir. Lakin coğrafi mövqenin özü kifayət etmir. Bunun üçün müasir nəqliyyat infrastrukturu, qonşu dövlətlərlə əməkdaşlıq və sabit münasibətlər vacib şərtlərdir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan son illərdə dəmir yollarına, dəniz limanlarına, hava nəqliyyatına və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırıb. Dəmir yollarının elektrikləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Prezidentin sözlərinə görə, dənizə birbaşa çıxışı olmayan Azərbaycan üçün tranzit imkanlarının genişləndirilməsi qonşu və qonşuların qonşusu olan ölkələrlə əməkdaşlıqdan asılıdır.
Müasir dünya iqtisadiyyatında nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyəti yalnız yolların və dəmir yollarının mövcudluğu ilə müəyyən olunmur. Yüklərin sürətli, təhlükəsiz və səmərəli idarə edilməsi, rəqəmsal texnologiyaların tətbiqi və gömrük prosedurlarının təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında məhz bu məsələyə diqqət çəkərək Azərbaycanın rəqəmsal infrastruktur və gömrük inzibatçılığı sahəsində müasir tendensiyaları nəzərə almasının vacibliyini bildirib.
Dövlət başçısının diqqət çəkdiyi məqamlardan biri də Azərbaycanın beynəlxalq şirkətlərlə uzunmüddətli əməkdaşlıq təcrübəsidir. Xüsusilə enerji sektorunda uzun illər ərzində həyata keçirilən layihələr ölkənin beynəlxalq investorlarla əməkdaşlıq təcrübəsinin formalaşmasına imkan verib.
Prezidentin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran vəzifə yalnız investisiya cəlb etmək deyil, həm də bu investisiyaların iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsini təmin etməkdir.
Prezident İlham Əliyev bildirib ki, hazırda ÜDM-in 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, ixracda neft və qazın payının hələ də yüksək olması səbəbindən bu göstəricinin dəyişdirilməsi qarşıda duran məsələlərdən biri kimi qeyd olunub.
Prezident çıxışında ərzaq təhlükəsizliyinin qlobal miqyasda aktuallığının artdığını da qeyd edib. İqlim dəyişiklikləri, quraqlıq və təchizat zəncirlərində yaranan problemlər fonunda kənd təsərrüfatı və ərzaq istehsalının investisiya baxımından əhəmiyyətli sahələrdən biri ola biləcəyi vurğulanıb.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sektoruna dair mühüm sənədlərin də mübadiləsi həyata keçirilib.
Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə “SOCAR, XRG və TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı ilə bağlı sənədlər mübadilə olunub. Həmçinin SOCAR ilə “Comstock Resources” arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi də imzalanıb.
Bu baxımdan Azərbaycanın enerji sektorundakı təcrübəsi nümunə kimi göstərilib. Prezident qeyd edib ki, əvvəlki dövrlərdə neft-qaz layihələrində çalışan xarici mütəxəssislərin sayı çox olduğu halda, hazırda Azərbaycan vətəndaşlarının beynəlxalq şirkətlərdə və müxtəlif qlobal layihələrdə fəaliyyət göstərməsi ölkənin insan kapitalının inkişafının göstəricilərindən biridir.
Gələcəkdə isə süni intellekt, rəqəmsal texnologiyalar, müasir infrastruktur və yeni iqtisadi sahələrə investisiyaların artırılması Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur.
Forumun Bakıda keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev qeyd edib ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi beynəlxalq investorların ölkəni birbaşa görməsi, insanlarla ünsiyyət qurması və burada yaradılmış şəraitlə yerində tanış olması baxımından əhəmiyyətlidir.
Bu mənada II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız iqtisadi məsələlərin müzakirə edildiyi platforma deyil, həm də Azərbaycanla beynəlxalq biznes dairələri arasında dialoqun inkişafına xidmət edən mühüm tədbir kimi çıxış edir.
Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışı Azərbaycanın qarşıdakı illər üçün iqtisadi prioritetlərini bir daha diqqətə çatdırdı.
Bu prioritetlər sırasında:
qeyri-neft sektorunun inkişaf etdirilməsi;
bərpaolunan enerji mənbələrindən daha geniş istifadə;
nəqliyyat və logistika imkanlarının artırılması;
rəqəmsal infrastrukturun inkişafı;
investisiya mühitinin daha da təkmilləşdirilməsi;
kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrinə investisiyaların artırılması;
insan kapitalının və texnoloji imkanların gücləndirilməsi;
beynəlxalq şirkətlərlə uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi
xüsusi yer tutur.
Beləliklə, Azərbaycanın iqtisadi inkişaf gündəliyində ənənəvi enerji sektorunun imkanlarından istifadə etməklə yanaşı, yeni iqtisadi sahələrin inkişaf etdirilməsi məsələsi də ön plana çıxır.
Prezident İlham Əliyevin çıxışında həm Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi baza, həm də gələcək inkişaf üçün nəzərdə tutulan istiqamətlər ətraflı təqdim edildi. Ölkənin investisiya cəlbediciliyi, enerji potensialı, nəqliyyat-logistika imkanları, bərpaolunan enerji, rəqəmsallaşma və insan kapitalı gələcək inkişafın əsas istiqamətləri kimi diqqətə çatdırıldı.
Forum çərçivəsində yeni enerji layihələri üzrə sənədlərin mübadiləsi isə beynəlxalq tərəfdaşlığın praktiki nəticələrindən biri kimi diqqəti cəlb etdi.
Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının, beynəlxalq biznes dairələri ilə əməkdaşlığının və ölkənin yeni iqtisadi imkanlarının təqdim edilməsinin mühüm platformalarından biri kimi qiymətləndirilə bilər.
Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud iqtisadi potensialı daha da genişləndirmək, yeni investisiya istiqamətləri yaratmaq və iqtisadi inkişafı uzunmüddətli, şaxələndirilmiş və dayanıqlı əsaslar üzərində davam etdirməkdir.

Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər