3 oktyabr 1993-cü il Azərbaycan tarixinin taleyüklü səhifələrindən biridir. Həmin gün ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müstəqillik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu seçim dövlətçiliyimizin qorunması, ölkədə sabitliyin və idarəçilik sisteminin möhkəmləndirilməsi, iqtisadi inkişafın əsaslarının yaradılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması baxımından mühüm tarixi hadisəyə çevrildi. Rəsmi mənbələrdə də qeyd olunduğu kimi, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün mürəkkəb siyasi, sosial-iqtisadi və hərbi şəraitdə dönüş nöqtəsi oldu.
Həmin dövrdə Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkə Ermənistanın təcavüzü, daxili siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və dövlət idarəçiliyində yaranmış böhranla üz-üzə idi. Belə bir mürəkkəb mərhələdə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı dövlətçilik qarşısında dayanan ən mühüm məsələlərin sistemli şəkildə həllinə şərait yaratdı. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və iyunun 24-dən Prezident səlahiyyətlərini həyata keçirməyə başlaması ilə dövlət idarəçiliyində yeni siyasi mərhələ formalaşdı. Oktyabrın 3-də isə xalqın iradəsi ilə Prezident seçilməsi bu siyasi prosesin məntiqi davamı oldu.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mərkəzində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dayanırdı. O, müstəqilliyi yalnız siyasi status kimi deyil, xalqın gələcəyini müəyyən edən ən böyük milli sərvət kimi qiymətləndirirdi. Ümummilli Lider 21 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə bu düşüncəsini belə ifadə etmişdi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Bu fikir Ulu Öndərin dövlətçilik siyasətinin əsas qayəsini – xalqın öz taleyinə sahib çıxmasını, müstəqil dövlətin möhkəm təməllər üzərində qurulmasını və gələcəyə inamla addımlamasını ifadə edirdi.
Heydər Əliyevin siyasi fəaliyyətində dövlət suverenliyi xüsusi yer tuturdu. O, 31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir” deyərək müstəqilliyin qorunmasını hər bir vətəndaşın milli məsuliyyəti kimi müəyyənləşdirirdi. Bu yanaşma dövlət və xalq birliyini möhkəmləndirən başlıca amillərdən biri oldu.
Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğunun mühüm istiqamətləri üzrə ardıcıl tədbirlər həyata keçirildi, ölkənin təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadiyyatın bərpası, demokratik institutların inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Sonrakı illərdə qəbul edilən Konstitusiya və həyata keçirilən institusional islahatlar müstəqil Azərbaycanın hüquqi və siyasi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etdi.
Heydər Əliyevin dövlətçilik siyasətində milli həmrəylik və müstəqillik ideyaları xüsusi əhəmiyyət daşıyırdı. O, 16 dekabr 1996-cı ildə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş tədbirdə “xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq” deyə vurğulayırdı. Bu sözlər müstəqilliyin sadəcə əldə edilməsinin deyil, onun qorunmasının və gələcək nəsillərə etibarlı şəkildə çatdırılmasının da mühüm vəzifə olduğunu göstərirdi.
Ulu Öndərin dövlətçilik konsepsiyasında Azərbaycanın gələcəyi müstəqilliklə ayrılmaz şəkildə bağlı idi. 1997-ci ildə İzmir şəhərində “9 Eylül” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində çıxış edən Heydər Əliyev “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” deyərək bu siyasi kursun qətiyyətini ifadə etmişdi. Həmin il İstanbulda “Fatih” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində isə Azərbaycanın gələcəyini məhz müstəqillik yolunda gördüyünü bildirərək dövlət müstəqilliyini “tarixi nailiyyət” və “ən böyük sərvət” adlandırmışdı.
Ümummilli Liderin 2 avqust 1997-ci ildə Amerikanın “Hyüston Xronikal” qəzetinə müsahibəsində səsləndirdiyi “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur” fikri də onun dövlətçilik baxışlarının beynəlxalq müstəvidə ifadəsi idi. Bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə, beynəlxalq əlaqələrini genişləndirməsinə və dünya birliyində öz mövqeyini möhkəmləndirməsinə yönəlmiş strateji xətti əks etdirirdi.
3 oktyabr 1993-cü il təkcə bir seçki tarixi deyil, Azərbaycan dövlətçiliyinin inkişafında mühüm dönüş mərhələsi kimi yadda qalıb. Heydər Əliyevin siyasi irsi müstəqil Azərbaycanın dövlət quruculuğu, milli həmrəylik, iqtisadi inkişaf və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş siyasətlə sıx bağlıdır. Onun formalaşdırdığı dövlətçilik ənənələri sonrakı dövrdə də davam etdirilərək Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərindən birinə çevrildi.
Bu gün 3 oktyabr tarixinə nəzər salarkən Heydər Əliyevin dövlətçilik irsinin mahiyyəti daha aydın görünür: müstəqilliyin qorunması, dövlətin gücləndirilməsi, milli maraqların üstün tutulması və Azərbaycanın gələcəyinin öz xalqının iradəsi ilə qurulması. Ulu Öndərin “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri onun dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edən tarixi siyasi düsturlardan biri kimi yaddaşlarda yaşayır.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı