Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin ictimai-siyasi böhrandan çıxışında yeni mərhələnin başlanğıcı oldu. Bu mərhələ müstəqil dövlət quruculuğu, təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın bərpası və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fundamental dəyişikliklər dövrü kimi xarakterizə edilir.
Ulu Öndər Heydər Əliyevin həmin dövrdə qarşıya qoyduğu əsas vəzifələrdən biri dövlət müstəqilliyinin qorunması və ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi idi. Bu şəraitdə dövlət qurumlarının formalaşdırılması, qanunun aliliyinin təmin olunması və ölkənin idarəolunan sistemə keçirilməsi dövlət siyasətinin başlıca istiqamətlərinə çevrildi. Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm nəticələrindən biri də müstəqilliyin qorunması ilə dövlət quruculuğu prosesinin paralel şəkildə aparılması oldu.
Həmin illərdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarından milli inkişaf məqsədləri üçün səmərəli istifadə edilməsi idi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji sektoruna beynəlxalq sərmayənin cəlb olunması və Azərbaycanın qlobal enerji layihələrində iştirakının genişlənməsi baxımından mühüm hadisəyə çevrildi. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin reallaşması ölkənin regional enerji və nəqliyyat əlaqələrində rolunu artırdı. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir”.
Ulu Öndərin dövlətçilik konsepsiyasının əsasını demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu təşkil edirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılmasında mühüm mərhələ oldu. Konstitusiya hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları, dövlət idarəçiliyinin hüquqi prinsipləri və vətəndaş cəmiyyətinin inkişafı üçün fundamental çərçivə müəyyənləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri milli maraqlara əsaslanan və müxtəlif güc mərkəzləri ilə münasibətlərin balanslaşdırılmasına yönələn diplomatik yanaşma idi. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirdi, dünya dövlətləri ilə ikitərəfli əlaqələrini inkişaf etdirdi və Ermənistan-Azərbaycan münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə dair mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etdi. Bu siyasət sonrakı mərhələlərdə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün siyasi-diplomatik baza yaratdı.
Ulu Öndərin siyasi irsinin mühüm istiqamətlərindən biri azərbaycançılıq məfkurəsi idi. Bu ideya milli dövlətçilik düşüncəsini, xalqın tarixi-mədəni irsini, milli-mənəvi dəyərləri və həmrəylik anlayışını vahid ideoloji xəttdə birləşdirirdi. Azərbaycançılıq cəmiyyətin müxtəlif təbəqələrini ortaq milli dəyərlər ətrafında birləşdirən, dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edən əsas amillərdən biri kimi formalaşdırılırdı. Bu məfkurədə milli kimliyin qorunması ilə müasir dövlətçilik prinsiplərinin uzlaşdırılması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və dünya azərbaycanlıları arasında əlaqələrin gücləndirilməsi xüsusi yer tuturdu. Belə yanaşma milli birlik və həmrəyliyi yalnız mənəvi dəyər kimi deyil, cəmiyyətin vahid məqsədlər ətrafında səfərbər olunması baxımından mühüm ictimai-siyasi prinsip kimi önə çıxarırdı.
2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun yeni mərhələdə davamlılığı təmin olundu. Dövlətçilik ənənələrinin daha da inkişafı, iqtisadi potensialın artırılması, müdafiə qüdrətinin gücləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edildi. Bununla da ölkənin müasir tarixində yeni mərhələ başlandı. Azərbaycanın qarşısında dayanan əsas məqsədlərdən biri əldə olunmuş nəticələrin daha da möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın davam etdirilməsi ilə yanaşı, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasıdır.