3 oktyabr 1993-cü il Azərbaycan xalqının taleyində mühüm siyasi hadisə kimi tarixə düşüb. Həmin gün keçirilən prezident seçkilərində xalq öz iradəsini nümayiş etdirərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi, iqtisadi və ictimai sınaqlar fonunda baş verdi. Dövlətçiliyin ciddi təhlükələrlə üz-üzə qaldığı, sabitliyin pozulduğu bir vaxtda xalq böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyinə inamını ifadə etdi.
Ulu öndər Heydər Əliyevin prezident seçilməsi ilə ölkənin həyatında yeni siyasi mərhələ başlandı. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, yüksək siyasi peşəkarlığı və uzaqgörənliyi qarşıya qoyulan mürəkkəb vəzifələrin həllinə imkan yaratdı. Əsas məqsəd müstəqil dövlətçiliyi qorumaq, ölkədə sabitliyi təmin etmək, dövlət institutlarını möhkəmləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini gücləndirmək idi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan qısa müddətdə ağır böhran mərhələsindən çıxaraq inkişaf və quruculuq yoluna qədəm qoydu.
3 oktyabr seçkilərindən sonra Azərbaycanın beynəlxalq əlaqələri də yeni məzmun qazandı. Ümummilli lider Heydər Əliyevin dünya siyasətində böyük təcrübəyə və nüfuza malik şəxsiyyət kimi həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə tanınmasına və mövqelərinin möhkəmlənməsinə mühüm təsir göstərdi. Azərbaycan xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirdi, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunu daha da möhkəmləndirdi. Bununla yanaşı, həyata keçirilən iqtisadi islahatlar və mühüm beynəlxalq layihələr ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
Bu baxımdan 3 oktyabr 1993-cü il yalnız prezident seçkisinin keçirildiyi tarix deyil, Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. Həmin gün xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində tarixi missiyanı üzərinə götürdü. Sonrakı illərdə Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Nəticədə Azərbaycan öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam təmin edərək bu gün dünyada güclü, nüfuzlu və qüdrətli dövlət kimi tanınır. 3 oktyabr 1993-cü il isə bu böyük inkişaf və yüksəliş yolunun mühüm başlanğıc nöqtələrindən biri olaraq tariximizdə yaşayır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı