PDF Oxu

Siyasət

  • 1 249

Dövlət quruculuğundan milli yüksəlişə uzanan tarixi yol - ŞƏRH

image

Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı dövlətçilik proseslərinin istiqamətinə də ciddi təsir göstərir. 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi də məhz belə mühüm tarixi hadisələrdən biridir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi, yeni mərhələnin başlanğıcı oldu. Bunu davamlı sabitliyin, əmin-amanlığın, inkişaf edən dövlətin qurulması mərhələsi adlandıra bilərik. Xalq öz xilaskarını 3 oktyabr 1993-cü il tarixində yekdilliklə ölkə Prezidenti seçdi. Məhz bu gündən etibarən qüdrətli Azərbaycanın təməli qoyulmuş oldu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb, bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər Azərbaycan 20 Yanvar, Xocalı, Şuşa Laçın, Kəlbəcər, Ağdam və bir çox faciələrlə üzləşməz, torpaqlarımızın 20 faizi işğal altına düşməzdi.
Müstəqilliyimizin ilk illərində, yəni 1991-1993-cü illərdə respublika ərazisində baş qaldımış silahlı cinayətkar dəstələr Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra qısa zaman ərzində zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə və separatçı meyillərə son qoyuldu. Həmçinin təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu.
Ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayan Ulu Öndər bu istiqamətdə mühüm islahatlara başladı. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bir sözlə, ölkədə “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülməyə başlandı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmiş oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik illəri ölkə tarixində davamlı siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər baş vermiş, işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulmuşdur. Hər zaman demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı olan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərindən senzura ləğv edilmiş, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunmuşdur. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Ulu Öndərin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Böyük siyasət xadiminin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdi. Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində dövlət müstəqilliyi möhkəmləndirilən Azərbaycanın qısa zamanda dünya birliyinə inteqrasiyası təmin olundu.
2003-cü ildən sonra bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun şəkildə davam etdirildi. Sonrakı mərhələdə Azərbaycanın iqtisadi potensialı genişləndi, enerji və nəqliyyat imkanları artdı, beynəlxalq əlaqələri inkişaf etdi və dövlətin siyasi, iqtisadi və müdafiə imkanları gücləndirildi.
2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu. 2023-cü ildə keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa edilməsi isə dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını şərtləndirdi. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı uzun illər qarşıda duran mühüm məsələlərin həllini təmin etdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış prosesi davam etdirilir. Azərbaycanın müstəqil dövlət kimi inkişafı, suverenliyinin möhkəmləndirilməsi və vətəndaşların firavanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin əsas mahiyyəti müstəqil Azərbaycanın qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə daha qüdrətli dövlət kimi ötürülməsi ideyasında ifadə olunur. Onun “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri də bu dövlətçilik fəlsəfəsinin mahiyyətini əks etdirən mühüm ifadələrdəndir.
Bu gün müstəqil, qüdrətli və qalib Azərbaycan həmin möhkəm təməllər üzərində inkişaf edir. Milli qurtuluşdan milli dirçəlişə, dövlət quruculuğundan milli yüksəlişə uzanan tarixi yol Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli həmrəyliyinin və müstəqillik əzminin ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri, azərbaycançılıq ideologiyası və milli maraqlara əsaslanan siyasi irs Azərbaycanın tarixi yaddaşında yaşayır və ölkənin gələcək inkişafı üçün mühüm mənəvi-siyasi dəyər olaraq qalır.

Rövşən Qurbanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər