Azərbaycanın müqəddəsliyinə tapınan qeyrətli oğullarımız İkinci Qarabağ müharibəsində “Təki Vətən yaşasın!”- deyə ölümün gözünə dik baxa-baxa özünü odun-alovun içinə atıb, 30 il düşmən əsarətində qalan torpaqlarımızı azad etməklə şanlı tarix yazdılar. Onların canı, qanı bahasına qazanılan qələbə nəticəsində həm də Azərbaycan xalqının mənliyini, kimliyini bir daha bütün dünya gördü. Beləcə, 44 günlük haqq savaşımızda minlərlə qeyrətli oğul müharibə meydanında son damla qanını Vətənə əsirgəmədi. Müqəddəs şəhidlik yolunu tutan igid ərənlər daha torpağa gömülmədi. Şərəfli ölümləri ilə onlar milləti üçün əbədiləşdilər.
Özləri kimi, baş tacımız olan şəhidlərin ailələri də unudulmur. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, respublikamızın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Azərbaycanın əzəli, əbədi torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyün təmin olunması uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı həmişə layiqincədir.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, müəssisə və idarə rəhbərləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri tərəfindən şəhid Allahverdi Əli oğlu Allahverdiyev, Müslüm Vəliağa oğlu Vəliyev, Cəmil Oqtay oğlu Səlimov, Həsənağa Bəhruz oğlu Şirvani və Tural Şakir oğlu Abdullayevin şəhadətinin 6-cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimlərində iştirak edirdilər.
Anım mərasimlərində şəhidlərin əziz xatirəsi ehtiramla anıldı, onların keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri qəhrəmanlıqdan bəhs olundu.
Tədbir iştirakçısı Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayeva yanaşanda o, dedi:- Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Qarabağımızın azadlığı naminə öz qanları bahasına Azərbaycanın yeni, şanlı tarixini yazan oğullarımız bir daha bunu göstərdilər. Hər şeyi unudub, Vətən sevgisi ilə döyüşüb şəhidlərimiz. Onlar cismən aramızdan gediblər, qərinələr ötsə belə əməlləri unudulmaz, daimi xalqın ürəyində yaşayacaqlar. Şəhidlər bizim üçün iftixar mənbəyi, qürur yeridir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü