PDF Oxu

Siyasət

  • 454

Güclü dövlət, milli birlik və müstəqil siyasət - ŞƏRH

image

Azərbaycanın müasir siyasi tarixində elə mərhələlər var ki, onların əhəmiyyəti yalnız bu günün reallıqları ilə deyil, gələcək nəsillərin dövlətçilik yaddaşında tutacağı yerlə ölçülür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası da məhz belə tarixi dönüş nöqtələrindən biridir. Bu böyük nəticəyə aparan yol uzun illər ərzində formalaşdırılmış ardıcıl dövlət siyasətindən, milli iradədən, siyasi qətiyyətdən və xalq-dövlət birliyindən keçib. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının məhz bu tarixi mərhələdə keçirilməsi onun siyasi çəkisini və ictimai əhəmiyyətini daha da artırır. Qurultay təkcə ölkənin aparıcı siyasi təşkilatının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi platforma deyil, həm də Azərbaycanın keçdiyi yolun siyasi baxımdan qiymətləndirilməsi, əldə olunan tarixi Zəfərin mahiyyətinin dərk edilməsi və qarşıdakı yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşüb. Qurultayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Bu mərhələ Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni reallıqların formalaşması ilə xarakterizə olunur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı ölkənin keçdiyi mürəkkəb siyasi yolun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi uğurlar təsadüfi deyil. Bu nəticələrin əsasında uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət, milli iradə, siyasi qətiyyət və xalqın vahid mövqeyi dayanır. Azərbaycan xalqının milli maraqlar ətrafında birliyi ölkənin qarşısında duran ən mürəkkəb məsələlərin həllində mühüm amil olub.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu qələbəyə aparan yol uzun və mürəkkəb olub. Ölkənin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, milli ordunun inkişaf etdirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi ardıcıl dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qələbələrinin siyasi əsaslarına diqqət çəkərək qeyd edir ki, xalqın vahid mövqeyi və dövlət rəhbərliyinin qətiyyətli fəaliyyəti ölkəmizə qarşı yönəlmiş bəd niyyətlərin qarşısını almağa imkan verib. Bu baxımdan, Azərbaycanın son illərdə qazandığı nailiyyətlər yalnız hərbi uğur kimi deyil, eyni zamanda milli iradənin, siyasi sabitliyin və dövlətçilik düşüncəsinin təntənəsi kimi dəyərləndirilə bilər.

Yeni Azərbaycan Partiyasının tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu xüsusi qeyd olunmalıdır. Partiyanın yaradılması Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan siyasi kurs sonrakı dövrdə də dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildi. Prezident İlham Əliyevin vurğuladığı “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu baxımdan xüsusi məna daşıyır. Söhbət dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi kimi fundamental prioritetlərdən gedir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti də bu siyasi xəttin mühüm dayaqlarından biri kimi təqdim olunur. Partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu illər ərzində Azərbaycanın dövlətçilik modelinin formalaşması və inkişafı ilə paralel şəkildə genişlənib.

Hazırda Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri əldə edilmiş sabitliyin və təhlükəsizliyin qorunmasıdır. Prezidentin çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır: “Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır”. Bu reallıq ölkənin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Siyasi sabitlik iqtisadi inkişafın, sosial rifahın, investisiya mühitinin və regional əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait formalaşdırır. Azərbaycanın xarici siyasətində əsas məqsədlərdən biri də milli maraqların qorunması və dövlətin daxili işlərinə hər hansı xarici müdaxiləyə yol verilməməsidir. Prezident İlham Əliyevin xarici siyasətlə bağlı mesajları Azərbaycanın müstəqil qərarvermə prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.

Ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Qarşıdakı dövrdə əsas vəzifələrdən biri əldə olunmuş tarixi nəticələrin davamlı siyasi və iqtisadi inkişafa çevrilməsidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, regionun sosial-iqtisadi potensialının artırılması, dayanıqlı məskunlaşmanın təmin edilməsi və ölkənin bütün bölgələrinin inkişafının sürətləndirilməsi Azərbaycanın yeni inkişaf gündəliyinin mühüm istiqamətlərindəndir. Bu prosesdə cəmiyyətin həmrəyliyi və milli birlik xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın qarşısında duran strateji məqsədlərin reallaşdırılması yalnız dövlət siyasətinin deyil, həm də ümummilli həmrəyliyin nəticəsi kimi özünü göstərir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını əks etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin qurultaydakı çıxışı isə ölkənin keçdiyi tarixi yol, Heydər Əliyev siyasi irsinin davamlılığı, milli birlik və dövlət müstəqilliyinin qorunması kimi əsas məsələlərə diqqət yönəldir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin müasir tarixində yeni səhifə açıb. Bu səhifənin əsas məzmununu isə sabitlik, təhlükəsizlik, inkişaf, milli həmrəylik və müstəqil dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi təşkil edir. Bu baxımdan, qarşıdakı dövr Azərbaycanın qazandığı tarixi nəticələri qoruyaraq daha güclü, dayanıqlı və müasir dövlət quruculuğu istiqamətində irəliləməsi baxımından mühüm mərhələ olacaq.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər