Bu rəqəmlər 30 il əvvəllə 30 il sonranın müqayisəsidir. Bu, yüzlərlə sual doğuran hadisələrin cavabıdır. İşğalın azadlıq nəğməsidir. Torpağı düşmən tapdağı altında qalan minlərlə başıaşağı insanın açıq alnı, qürurudur.
Tək Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanlar deyil, bütün xalqın alnındakı qara ləkə idi işğal. Mən dəfələrlə bu barədə yazılarımda vurğulamışam, yenə də demək istəyirəm, hansı xarici ölkəyə gedirdiksə, orada Qarabağla bağlı söhbət açılanda başımızı aşağı dikirdik, ürəyimiz qan ağlayırdı. Çünki torpaqlarımız erməni kimi namərdin işğalında idi, soydaşlarımız öz ata-baba yurdundan qovulmuşdu. Gözləri önündə əzizləri öldürülmüşdü. Ürəkləri yaralı idi onların. Min bir arzu-diləklə qurduğu evləri, həyətləri, bağ-bağçaları əllərindən alınmışdı, həyatın amansız mücadilələri ilə baş-başa buraxılmışdılar.
Çox uzaq keçmiş deyil ki... Keçmiş məcburi köçkünlərin evlərindən didərgin düşdüyü ilk illəri kim xatırlamır? İqtisadi tənəzzüllə üzləşən, torpaqları bir-birinin ardınca işğal edilən ölkə başısoyuq dövlət rəhbərlərinin səriştəsizliyi, yaltaqlığı üzündən həm də parçalanmaq təhlükəsində idi. Torpqlar nə üçün işğal edilirdi? Bunu belə ifadə etməyək. Erməni kim idi ki, bizim torpaqları işğal etmək gücündə olardı. Torpaqlar satılmışdı. Ona görə də asanlıqla onların əlinə keçə bilirdi.
30 illik mübarizə və son nəticə
Ötən həftə Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirildi. Bu partiyanın əsası 1992-ci ildə Naxçıvanda qoyulub. O zaman çarəsiz qalan Azərbaycan ziyalıları Naxçıvanda yaşayan və fəaliyyət göstərərn Ulu Öndərə müraciət etməklə onu Azərbaycanın xilasına çağırdılar. Məhz bu çağırış, “91-lərin” o məktubu olmasaydı, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan məhv olacaqdı.
Ölkə iqtisaiyyatının dirçəldilməsi, Azərbaycanın dünyaya tanıdılması, azərbaycanlıların deportasiyası, soyqırımının dünyaya tanıdlıması məhz Heydər Əliyev siyasətinin başlıca prioriteti idi. Ulu Öndər Qarabağın bir gün azad ediləcəyini bütün çıxışlarında vurğulayırdı. Azərbaycanı Qarabağsız mümkünsüz sayırdı. Odur ki, elə həmin illərdə ordu quruculuğu sahəsində həyata keçirilən böyük işlərin də təməli qoyuldu. Ölkə dirçəldikcə, iqtisadi vəziyyət normallaşmağa başladıqca, ordumuz da inkişaf etdi, müasirləşdi.
Bəzi insanlar hələ də bu mənasız sualı səsləndir ki, 30 il çox zaman oldu, torpaqları tez geri almalı idik. Gülməlidir, həqiqətən, söz danışmağa nə var ki. Əsas real vəziyyət idi, ölkənin bu ağır prosesə hazırlığının səviyyəsi idi. Bunu anlamaq bəziləri üçün mümkünsüz olub, belə də qalacaq. Çünki bunu o insanlar və onların davamçıları söyləyir ki, sırf torpaqların əldən getməsinin iştirakçısı olublar. Belə bir sual verək onlara: bu torpaqalr niyə işğal olunmuşdu axı?..
Ulu Öndərdən sonra dövlət başçısı İlham Əliyev 2020-ci ilə qədər Qarabağın azad olunması üçün dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırdı. Mötəbər kürsülərdən dünyanı ədalətə çağırdı. Haqq səsimizi dünyaya yaydı. Təəssüf ki, bu çağırışa qulaqlar kar idi. Dövlət başçısı son günə kimi məsələnin sülh yolu ilə həllinə çalışdı. Bu, mümkün olmayanda isə həmişəki fikrini həyata keçirdi: torpaqların sülh yolu ilə qaytarılması mümkün olmasa, biz hərbi yolla bunu reallaşdıracağıq.
Belə də oldu. 2020-ci ilin 27 sentyabrı, 10 noyabrı və 44 günlük Vətən müharibəsi. Nəicə məlumdur. Zəfər.
Onlar 30 il idi ki, gözləyirdi
Bu gün Qarabağ və Şərqi Zəngəzura öz yurduna, öz evinə köçən 96 min nəfərdən dəfələrlə çox insan 30 il idi ki, bu Zəfəri, bu azadlığı gözləyirdi. Bu gün həmin 96 min nəfərin köçkünlükdə minlərlə torpaq həsrətlisi bu azadlığı görmədən, ata-baba yurduna həsrət, təşnəli dünyasını dəyişib. Bu, ermənilərin sinəmizə çəkdiyi elə bir yaradır ki, minilliklər sonra da unudulmayacaq, nəsillərdən-nəsillərə ötürüləcək. Nə idi onların günahı? Nə idi ki, doğulduqları torpaqlarda məzarları olmadı, qərib məzarlılara çevrildilər.
Ev qurmaq nədir? Bunu cəfasını çəkənlər bilər. Onların hər biri evlərini cəfa, zəhmətlə qurmuşdular. Lakin yaşaya bilmədilər. Ömürlərinin ən gözəl illəri köçkünlükdə, əvvəlki illərdə şəraitsiz çadır şəhərciklərdə, daha sonralar isə uyğunlaşdırılmış yaşayış məntəqələrində keçdi. Son illər şəraitləri çox yaxşılaşdırılmışdı, bəli, lakin etiraf edək ki, səni qızıl teştin içərisinə qoysalar da, hər kəsə öz evindən rahat, gözəl yer ola bilməz.
Bütün bunlara görə də dövlətimizin başçısı vaxtın çatdığını müəyyən etdi. Ermənilərin həyasızcasına yeni torpaqların işğalı ilə bağlı sevdaya düşmələri isə bu vaxtı bir qədər də yaxına çəkdi. Və ən əsası, artıq ölkənin, ordunun hazır olduğu üçün bu addımın vaxtı çatmışdı.
Biz bu addımı atdıq və Zəfəri qazandıq. Minlərlə övlad itirdik: qarayaylıqlı analar qazandıq, beli bükülmüş atalar qazandıq, hələ əlinin xınası solmayan, bətnində 1-2 aylıq övladı olan gəlinlər qazandıq. Atasını axtaran, təsəlli yeri məzarının başı olan uşaqlar qazandıq. Qazilər, həyatının sonunadək ağrı-acılarla yaşayacaq sağlamlığını itirən insanlar qazandıq. Lakin torpağımızı da qazandıq. Və bu gün də, sabah da bütün bunları etməyə hazırıq, ta ki bir qarış torpağımız düşmənin əsarətində olmasın.
Torpaq namusdur, namusumuzu, iffətimizi qazandıq
Zəfər bizə alnımızın açıqlığını qazandırdı. Başımız dikəldi, sinəmiz qürrələndi. Çünki biz namusumuzu geri ala bildik. Erməni nankorlarının, vəhşilərinin deportasiya, soyqırımı, facilər zamanı namusumuza göstərdiyi həqarətin cavabını verə bildik. Bəlkə də başqa-başqa millətlər üçün torpağın ifadə etdiyi məna ayrı-ayrıdır. Lakin bizim üçün torpaq anadır, bacıdır, qız-gəlindir, kişinin həyat yoldaşıdır, atıdır, evidir. Odur ki, bu torpaqlar əvvəl-axır geri alınacaqdı. Çünki sadaladıqlarımın hər biri bizi rahat yaşamağa qoymurdu.
Ona görə də övladımız şəhid oldu, evlərimizə bomba düşdü, həyətlərimiz tar-mar oldu, körpələrimiz qucağımızda dünyaya gözünü yumdu, lakin qürurumuz sınmadı. Müharibənin nə olduğunu bilirdik axı. Birinci Vətən müharibəsində də az oğul itirib, qazi qazanmamışdıq ki... Müharibə itki istəyir, qan-qada istəyir, bir də ya məqlubiyyət, ya da Zəfər istəyir. Biz Zəfər üçün canımızdan keçdik, həyatımızı hərb meydanına qoyduq, evimizdən, həyətimizdən, taleyimizdən keçdik, tək namusumuzu geri istədik.
Və dövlət başçısının 20 ilə qədər siyasi fəaliyyəti, mükəmməl Ali Baş Komandan olaraq sərkərdəliyi, ən başlıcası isə uzaqgörənliyi nəticəsində qazandıq Böyük Zəfəri.
Qarabağ və Şərqi Zəngəzur minlərlə insanın hekayəsidir
Bu gün Qarabağda və Şərqi Zəngəzurda yaradılan, qurulan, bərpa edilən, yeni həyat verilən hər bir tarixi-mədəni abidə, bina, obyekt, infrastruktur, çəkilən yollarla, salınan körpülərlə bir hekayə yazılır. Bir yurd neçə-neçə insanın hekayəsidir, taleyidir.
48 məntəqə, 96 min insan sadəcə bir riyazi göstərici deyil, bu rəqəmlərin fonunda minlərlə insanın yeni həyat hekayəsi başlanır Bu, onilliklər boyu məcburi köçkünlük həyatı yaşayan, doğma ocaq nisgili ilə böyüyən soydaşlarımızın evi deməkdir, öz baba yurdlarının doğma havasını ciyərlərinə çəkməsi, səhərin zərrin günəşini salamlaması, öz həyətində yenidən ağac əkib, bağ salması deməkdir. Ata-anasının yarımşıq təhsilininin Ağalıda, Füzulidə, Laçında, Şuşada, Xankəndidə və digər yaşayış məntəqələrində övladları tərəfindən davamı deməkdir.
Cəmi 6 il ərzində tamamilə dağıdılmış, minalanmış, bütün infrastrukturu sıfırlanmış geniş bir ərazini yenidən qurmaq və orada 100 minə yaxın insan üçün modern, layiq şərait yaratmaq müasir dünya tarixində möcüzəvi bir nailiyyətdir. Laçından Füzuliyə, Zəngilandan Şuşaya, Qubadlıdan Cəbrayıla və Xocavəndə qədər uzanan bu məntəqələr xəritədəki sadəcə adlar deyil, 30 ilin acılarının sevinc anıdır, 30 illik işğalın Zəfər çağıdır.
Yenidən salınan hər bir kənd və şəhər ən müasir "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası ilə inşa edilir. Ekoloji təmiz enerji, dayanıqlı memarlıq və müasir idarəetmə sistemləri burada vəhdət təşkil edir. Dayanıqlı elektrik, təmiz su, qaz, fiber-optik internet, müasir xəstəxanalar, məktəblər və uşaq bağçaları -48 məntəqənin hər biri sakinlərinə paytaxt standartlarına cavab verən rahatlıq təqdim edir. “Böyük Qayıdış”ın bu 48 yaşayış məntəqəsi növbəti illərdə yüzlərlə kəndin və şəhərin bərpa olunacağının möhkəm dayağıdır.
Güclü dövlət və hədəfli inkişaf strategiyası
Bu miqyasda quruculuq işləri təsadüfi uğur deyil. Bu, Azərbaycan dövlətinin iqtisadi və maliyyə müstəqilliyinin, dövlət başçısının nümayiş etdirdiyi dəmir siyasi iradənin və dəqiq hesablanmış strategiyanın real nəticəsidir.
Bundan sonra “Böyük Qayıdış” proqramı daha yüksək templərlə davam edəcək. Azad edilmiş torpaqlara qayıdan hər bir vətəndaş, yenidən qurulan hər bir kənd və şəhər Azərbaycanın sarsılmaz gücünün və parlaq gələcəyinin əyani sübutudur.
İşğaldan azad edilmiş torpaqlarımızda bu gün 96 min insan yaşayır, çalışır və təhsil alır. Yaxın zamanlarda bu rəqəmin 100 mini aşacağı gözlənilir. Çünki hələ doğöma evinə qayıtmağı gözləyən çox insan var. Dövlət başçısının dediyi kimi: Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək.
Qarşıda hələ minlərlə yeni həyat hekayəsinin başlayacağı insan var...
Mətanət Məmmədova