Bildiyiniz kimi, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Bu gün həmin qurultayın məndə yaratdığı təəssüratları və xüsusilə diqqətimi çəkən məqamları sizinlə bölüşmək istəyirəm.
VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi siyasi əhəmiyyət daşıyırdı.
Bu qurultay yalnız partiyanın fəaliyyətinə dair məsələlərin müzakirəsi deyil, Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyimiz Zəfərin və qarşıda duran yeni mərhələnin vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi platforma oldu.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərlə yanaşı, qarşıdakı dövrün əsas çağırışlarını və vəzifələrini də diqqətə çatdırdı.
Bu gün Azərbaycan yeni reallıqlar mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, insanların doğma torpaqlarına qayıdışı təmin edilir.
Lakin Zəfər yalnız keçmişin nailiyyəti deyil, həm də gələcəyə böyük məsuliyyətdir. Əsas vəzifəmiz əldə etdiyimiz nəticələri qorumaq, milli birliyimizi möhkəmləndirmək və güclü Azərbaycanın davamlı inkişafını təmin etməkdir.Bu mərhələdə ideoloji işin əhəmiyyəti xüsusilə artır.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğuladığı kimi, “ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir.” Bu fikir müasir dövrün reallıqlarını anlamaq baxımından olduqca əhəmiyyətlidir.
Çünki bu gün təhlükələr yalnız sərhədlərdən gəlmir. İnformasiya məkanı, sosial şəbəkələr, kibermühit və yeni texnologiyalar vasitəsilə müxtəlif ideyalar, təsirlər və təbliğat kampaniyaları cəmiyyətlərə sürətlə nüfuz edir. Prezidentin qeyd etdiyi “zəhərli ideologiyalar” da məhz belə təhlükələr sırasında xüsusi diqqət tələb edir.
Belə ideologiyalar milli dəyərləri, tarixi yaddaşı və cəmiyyətin mənəvi dayaqlarını zəiflətməyə, insanları manipulyasiya etməyə və milli maraqlara zidd düşüncələri yaymağa xidmət edə bilər.Ona görə də bu gün biz yalnız fiziki sərhədlərimizi deyil, milli düşüncə və informasiya məkanımızı da qorumalıyıq. Bu məsuliyyət xüsusilə YAP fəallarının üzərinə düşür.YAP fəalı olmaq yalnız tədbirlərdə iştirak etmək deyil. Bu, dövlətçilik prinsiplərini dərindən mənimsəmək, milli dəyərlərə bağlı olmaq, cəmiyyətlə sağlam ünsiyyət qurmaq və ictimai proseslərdə məsuliyyətli mövqe nümayiş etdirməkdir.İnsanlarla birbaşa ünsiyyət qurmaq, onları dinləmək, cəmiyyəti maraqlandıran məsələləri düzgün izah etmək və dövlət siyasətinin mahiyyətini obyektiv şəkildə çatdırmaq bizim əsas vəzifələrimizdən olmalıdır.Eyni zamanda, ideoloji fəaliyyətin forma və üsullarına da yeni yanaşmaq lazımdır. Müasir informasiya mühiti formal və şablon yanaşmaları qəbul etmir. Biz real ictimai müzakirələrdə, sosial şəbəkələrdə və yeni kommunikasiya platformalarında daha çevik, savadlı və peşəkar olmalıyıq.Bu istiqamətdə gənclərin rolu xüsusilə böyükdür.
Gənclər informasiya texnologiyalarından ən fəal istifadə edən və ictimai fikrin formalaşmasına ciddi təsir göstərən sosial qruplardan biridir. Buna görə də onların müasir biliklərlə yanaşı, milli tariximizi, dövlətçilik ənənələrimizi və milli-mənəvi dəyərlərimizi dərindən bilməsi vacibdir. Gənc YAP fəalları informasiya məkanında Azərbaycanın reallıqlarını düzgün təqdim etməli, milli maraqlarımızı müdafiə etməli və sağlam ictimai mühitin formalaşmasına töhfə verməlidirlər. Çünki ideoloji immunitet təsadüfən formalaşmır. O, savad, düzgün informasiya, milli yaddaş və dövlətçilik düşüncəsi əsasında yaranır.Bu baxımdan vətənpərvərlik anlayışına da yalnız emosional deyil, praktik yanaşmaq lazımdır. Vətənpərvərlik Vətəni sevmək haqqında danışmaqla məhdudlaşmır. Yaxşı təhsil almaq, öz peşəsində uğur qazanmaq, qanunlara hörmət etmək, cəmiyyətə fayda vermək və ölkənin inkişafına real töhfə göstərmək də vətənpərvərlikdir.Bu gün bizim ən böyük mənəvi borclarımızdan biri şəhidlərimizin və qazilərimizin bizə əmanət etdiyi dəyərləri qorumaqdır. Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdiyi Azərbaycanın daha güclü, daha savadlı və daha həmrəy olması üçün çalışmaqdır.
VIII Qurultayın əsas mesajlarından biri budur ki, Azərbaycan artıq yeni mərhələyə qədəm qoyub və bu mərhələdə hər birimizin məsuliyyəti daha da artır.Xüsusilə gənclərlə işə yeni yanaşmalar gətirmək, onların təşəbbüslərini dəstəkləmək və ictimai proseslərdə iştiraklarını genişləndirmək qarşıda duran mühüm vəzifələrdəndir.Biz qalib Azərbaycanın vətəndaşlarıyıq. Bu qələbə bizə yalnız qürur deyil, həm də gələcək qarşısında məsuliyyət verir. Zəfəri qorumağın ən doğru yolu onu güclü dövlət, sağlam cəmiyyət və savadlı nəsillə gələcəyə daşımaqdır.Qarşımızdakı əsas vəzifə Zəfərimizin nəticələrini qorumaq, milli birliyimizi gücləndirmək və bu irsi gələcək nəsillərə layiq şəkildə ötürməkdir.İnanıram ki, YAP fəalları, xüsusilə gənclər bu prosesdə üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcək və dövlətçilik dəyərlərinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.
Günel Məmmədova
YAP “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”MMC-in Culfa rayon sektoru ərazi partiya təşkilatının sədri