PDF Oxu

Siyasət

  • 995

VIII Qurultay – Zəfərin yaratdığı yeni siyasi üfüq - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi böyük nəticələrin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin bir daha nəzərdən keçirildiyi əlamətdar siyasi platforma oldu. 2 oktyabr 2026-cı ildə keçirilən qurultayın xüsusi əhəmiyyəti ondan ibarət idi ki, bu siyasi tədbir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni ictimai-siyasi və geosiyasi reallıq şəraitində baş tutdu. VIII Qurultayın ümumi ruhunu və mahiyyətini Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər daha aydın şəkildə ifadə etdi. Cənab İlham Əliyevin nitqi yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş çıxış deyildi. Bu çıxış eyni zamanda Azərbaycanın son onilliklər ərzində keçdiyi mürəkkəb və şərəfli yolun ümumiləşdirilməsi, əldə olunmuş tarixi nəticələrin qiymətləndirilməsi və yeni mərhələdə qarşıda duran strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Qurultayda səslənən fikirlərə bütövlükdə nəzər saldıqda aydın görünür ki, Azərbaycanın bugünkü gücü və mövqeyi təsadüfi hadisələrin nəticəsi deyil. Bu nəticənin arxasında illər ərzində aparılmış ardıcıl dövlət siyasəti, milli iradə, siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən başlıcası, dövlətçilik strategiyasının davamlılığı dayanır. Cənab İlham Əliyevin çıxışında Azərbaycanın bugünkü uğurlarının tarixi köklərinə xüsusi diqqət yetirildi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və Yeni Azərbaycan Partiyasının yaranması mühüm məqam kimi ön plana çıxdı.

Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaradılması Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətlə üz-üzə qaldığı bir dövrə təsadüf edirdi. Ölkədə siyasi və iqtisadi böhran, idarəçilikdə ciddi problemlər, ərazilərimizin işğalı və dövlətçiliyin gələcəyi ilə bağlı təhlükələr mövcud idi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, güclü dövlətçilik və milli inkişaf istəyinin siyasi ifadələrindən birinə çevrildi. Cənab İlham Əliyevin çıxışında da vurğulandığı kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı ölkənin taleyində mühüm dönüş yaratdı. Dövlətçiliyin qorunması, separatçılıq və parçalanma təhlükələrinin qarşısının alınması, iqtisadi sabitliyin təmin edilməsi, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması və ölkənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi sonrakı nailiyyətlərin əsasını formalaşdırdı. Ulu Öndərin müəyyən etdiyi siyasi xətt sonrakı mərhələdə də davam etdirildi. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu məqsədlərə mərhələli və sistemli şəkildə doğru irəlilədi. Bu siyasətin əsas istiqamətləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, hərbi potensialın artırılması, milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi və xalqın rifahının yüksəldilməsi oldu.

VIII Qurultayın ən mühüm xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni mərhələyə qədəm qoymasıdır. Cənab Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı tarixində xüsusi yer tutduğunu, 8 Noyabrın xalqımız üçün əbədi bayram olaraq qalacağını bildirdi. Eyni zamanda, 2023-cü il 20 sentyabr tarixinin də mühüm tarixi əhəmiyyət daşıdığı vurğulandı. Məhz həmin tarixdə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu iki mühüm hadisə Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. 2020-ci ildə əldə olunan Zəfər Azərbaycan xalqının 30 ilə yaxın davam edən işğala son qoymaq iradəsini nümayiş etdirdisə, 2023-cü ildə həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin bütün ərazisində təmin olunması ilə nəticələndi. Bu baxımdan VIII Qurultay sadəcə bir siyasi partiyanın növbəti qurultayı deyil, həm də Azərbaycanın Zəfərdən sonrakı yeni mərhələsinin siyasi mənzərəsini ortaya qoyan mühüm hadisə kimi yadda qaldı. Cənab İlham Əliyevin çıxışında şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi də xalqımızın keçdiyi yolun ən mühüm mənəvi dayaqlarından birini ifadə etdi. Azərbaycanın əldə etdiyi tarixi nəticələr şəhidlərimizin canı və qanı bahasına qazanılmış Zəfərin nəticəsidir. Bu səbəbdən onların xatirəsinin qorunması, gələcək nəsillərə çatdırılması və Vətən qarşısında göstərdikləri fədakarlığın daim yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur.

Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız hərbi güclə ölçülmür. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial medianın və rəqəmsal informasiya məkanının cəmiyyət həyatında böyük rol oynadığı bir zamanda ideoloji təhlükəsizlik də xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin çıxışında bu məsələyə ayrıca diqqət yetirilməsi də məhz bununla bağlıdır. Cəmiyyətin informasiya təxribatlarından qorunmasında təhsilin, savadlılığın, milli dəyərlərə bağlılığın və vətənpərvərlik hissinin mühüm rolu vardır. Bu baxımdan gənc nəslin düzgün istiqamətləndirilməsi, onlarda dövlətçilik düşüncəsinin və milli məsuliyyət hissinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dövlətin əldə etdiyi nailiyyətlərin cəmiyyətə düzgün çatdırılması, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi də bu prosesin mühüm hissəsidir.

Cənab İlham Əliyevin çıxışında Azərbaycanın enerji siyasətinə və ölkənin regional nəqliyyat imkanlarına da geniş yer ayrıldı. Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisi və digər enerji resurslarının istehsalı və ixracında mühüm imkanlara malik olması ölkənin regional və beynəlxalq əhəmiyyətini artırır. Bununla yanaşı, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr yalnız iqtisadi gəlirlər baxımından deyil, Azərbaycanın regional əlaqələndirici rolunun güclənməsi baxımından da diqqətəlayiqdir. Beləliklə, Azərbaycan öz coğrafi mövqeyindən səmərəli istifadə etməklə enerji və nəqliyyat sahələrində yeni imkanlar yaradır və bu imkanların gələcəkdə daha da genişləndirilməsi qarşıya qoyulan hədəflər sırasındadır.

Qurultayda sosial məsələlərə də xüsusi diqqət yetirilməsi dövlət siyasətində insan amilinin mühüm yer tutduğunu göstərir. Əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı qarşıya qoyulan vəzifələr əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş siyasətin davamıdır. İqtisadi inkişafın əsas məqsədlərindən biri də insanların həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi və vətəndaşların gələcəyə daha böyük inamla baxa bilməsi üçün şəraitin yaradılmasıdır. Bu baxımdan iqtisadi sabitlik, sosial siyasət və dövlətin inkişaf strategiyası bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.

VIII Qurultayın əsas mesajlarından biri də Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə üzərinə düşən məsuliyyətin daha da artması ilə bağlı idi. Azərbaycan artıq yeni reallıqlar şəraitində yaşayır. Qarşıda dayanan vəzifələr yalnız siyasi proseslərlə məhdudlaşmır. Dövlətin əldə etdiyi nailiyyətlərin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi, informasiya məkanında milli maraqların müdafiəsi və ölkənin inkişaf strategiyasının cəmiyyətə düzgün çatdırılması mühüm istiqamətlərdəndir. Cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərdən də aydın oldu ki, YAP üzvlərinin qarşısında yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək, ideoloji işdə müasir yanaşmalardan istifadə etmək və cəmiyyətlə daha fəal kommunikasiya qurmaq kimi vəzifələr dayanır. Bu baxımdan VIII Qurultay yalnız görülmüş işlərə nəzər salınan tədbir deyil, həm də qarşıdakı mərhələ üçün yeni məsuliyyətlərin müəyyənləşdirildiyi siyasi platforma oldu. VIII Qurultayın ümumi mənzərəsi göstərdi ki, Azərbaycan öz tarixinin mühüm mərhələlərindən birini yaşayır. Bir vaxtlar qarşısında ərazi bütövlüyünü bərpa etmək kimi böyük və mürəkkəb vəzifə dayanan Azərbaycan bu gün artıq həmin tarixi məqsədə nail olmuş dövlət kimi yeni inkişaf hədəflərinə doğru irəliləyir. Ölkə başçısının qurultayda səsləndirdiyi fikirlərdə həm keçmişə verilən tarixi qiymət, həm bu günün reallıqları, həm də gələcəyə yönəlmiş strateji baxış bir-birini tamamlayırdı. Bu çıxışın ümumi məzmununda əsas xətt Azərbaycanın əldə etdiyi nailiyyətləri qorumaq, dövlətin gücünü daha da artırmaq, milli maraqları etibarlı şəkildə müdafiə etmək və ölkənin inkişafını davamlı etmək idi.

Mənim üçün də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək xüsusi bir qürur və məsuliyyət hissi doğurdu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışını canlı dinləmək, qurultayın ümumi ab-havasını yaxından yaşamaq və ölkəmizin qarşısında dayanan yeni vəzifələrin birbaşa şahidi olmaq mənim üçün yaddaqalan anlardan biri oldu. Bu iştirak mənim üçün həm də dövlətçilik və milli həmrəylik duyğularını daha dərindən hiss etdiyim bir gün kimi yadda qalacaq. VIII Qurultayın yaratdığı ümumi təəssürat isə bir həqiqəti bir daha ortaya qoydu: Azərbaycan Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub və qarşıda daha böyük quruculuq, inkişaf və tərəqqi hədəfləri dayanır.

Səriyyə Əhmədova

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri, VIII Qurultayın iştirakçısı

Digər xəbərlər