Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayında etdiyi proqram xarakterli çıxış ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas strateji istiqamətlərinə işıq salmaqla yanaşı, milli təhlükəsizliyin yeni çağırışlarına da xüsusi diqqət yetirdi.
Prezidentin ideoloji təhlükəsizlik məsələsinə yanaşması müasir dövrdə dövlətlərin təhlükəsizliyinin yalnız sərhədlərin, ordunun və iqtisadi gücün qorunması ilə məhdudlaşmadığını göstərir.
İnformasiya texnologiyaları, sosial media, rəqəmsal platformalar, kiberhücumlar və süni intellektin sürətlə inkişaf etdiyi bir dünyada cəmiyyətin düşüncə və informasiya təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm komponentinə çevrilir.
Bu reallıq Azərbaycan gəncliyinin qarşısında da yeni məsuliyyətlər yaradır. Gənc nəsil yalnız ölkənin gələcəyi deyil, həm də bu gününün fəal ictimai subyektidir.
Ona görə də ideoloji və hibrid təhlükələrə qarşı mübarizədə Azərbaycan gənclərinin rolu passiv müşahidəçilikdən fəal vətəndaş mövqeyinə, emosional reaksiyadan savadlı və əsaslandırılmış münasibətə, informasiya istehlakçısından məsuliyyətli informasiya yaradıcısına keçidi tələb edir.
Yeni dövrün təhlükəsi: sərhədsiz ideoloji təsirlər
Müasir dünyada dövlətlərə qarşı təhdidlər yalnız klassik hərbi vasitələrlə həyata keçirilmir. İnformasiya manipulyasiyası, dezinformasiya, saxta xəbərlər, süni şəkildə yaradılan ictimai qarşıdurmalar, kiberhücumlar, sosial şəbəkələrdə koordinasiyalı təxribat kampaniyaları, milli və sosial həssaslıqların istismarı, tarixi faktların təhrif edilməsi və cəmiyyətin müxtəlif qrupları arasında etimadsızlığın yaradılması hibrid təhlükələrin əsas elementləri sırasında yer alır.
Cənab İlham Əliyevin çıxışında vurğuladığı kimi, fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizlik də mühüm əhəmiyyət daşıyır. Xüsusilə internet, kiberməkan və süni intellekt dövründə ideoloji risklər dövlət sərhədləri ilə məhdudlaşmır.
Bu baxımdan gənclərin informasiya məkanında davranışı artıq şəxsi məsələ deyil. Sosial şəbəkədə paylaşılmış hər bir məlumat, yazılmış hər bir fikir və verilmiş hər bir ictimai reaksiya müəyyən mənada informasiya mühitinin formalaşmasına təsir göstərir.
Deməli, müasir Azərbaycan gəncinin vətəndaşlıq məsuliyyəti onun yalnız real həyatda deyil, rəqəmsal məkanda da özünü göstərməlidir.
Təhsil – ideoloji dayanıqlığın ilk müdafiə xətti
Prezident İlham Əliyev ideoloji təxribatlara qarşı mübarizədə ilk növbədə təhsilin, biliyin və savadlılığın vacib əhəmiyyətini xüsusi qeyd etdi. Bu yanaşma müasir informasiya cəmiyyətinin reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki savadlı insan manipulyasiyaya daha az məruz qalır.
Müasir gənc yalnız informasiyanı əldə etməyi deyil, onu təhlil etməyi də bacarmalıdır. O, “Bu məlumatı kim yayıb?”, “Mənbə nə qədər etibarlıdır?”, “Bu məlumat hansı məqsədə xidmət edir?”, “Fakt haradadır, şərh haradadır?”, “Başqa etibarlı mənbələr bu məlumatı təsdiqləyirmi?” kimi sualları verməyi öyrənməlidir. Bu, media savadlılığının və tənqidi düşüncənin əsasını təşkil edir.
Azərbaycan gənclərinin ideoloji təhlükələrə qarşı ən güclü silahı məhz bilik, təhsil, analitik düşüncə və informasiya savadlılığıdır.
Bu səbəbdən məktəblərdə, universitetlərdə, gənclər təşkilatları, QHT-də və digər vətəndaş platformalarda media savadlılığı, rəqəmsal təhlükəsizlik, dezinformasiyanın müəyyənləşdirilməsi, süni intellektdən məsuliyyətli istifadə və informasiya etikası üzrə maarifləndirici fəaliyyətlərin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Vətənpərvərlik – emosiyadan məsuliyyətli vətəndaşlığa
İdeoloji dayanıqlığın ikinci və ən mühüm dayağı Vətənpərvərlikdir.
Lakin müasir Vətənpərvərlik yalnız emosional şüarlar səviyyəsində qalmamalıdır. Əsl Vətənpərvərlik dövlətinə, xalqına və milli dəyərlərinə bağlı olmaqla yanaşı, ölkənin inkişafına konkret töhfə verməkdir. Bu baxımdan Azərbaycan gəncinin vətənpərvərliyi:
• yaxşı təhsil almaqda;
• peşəkarlığını artırmaqda;
• elm və innovasiyaya töhfə verməkdə;
• qanunlara hörmət etməkdə;
• ictimai fəaliyyət göstərməkdə;
• könüllülük fəaliyyətində iştirak etməkdə;
• milli-mənəvi dəyərləri qorumaqda;
• Azərbaycan həqiqətlərini dünyaya düzgün çatdırmaqda;
• dezinformasiyaya fakt və arqumentlərlə cavab verməkdə;
• dövlət və cəmiyyət qarşısında məsuliyyətli mövqe nümayiş etdirməkdə ifadə olunmalıdır.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər milli özünüdərkin və dövlətçilik düşüncəsinin güclənməsində mühüm rol oynadı. Prezidentin VIII Qurultaydakı çıxışında da bu Qələbənin Azərbaycan cəmiyyətinin milli qürur və özünəinamına təsiri xüsusi vurğulandı. Bu tarixi reallıq gənclərin ideoloji dayanıqlığının mühüm mənəvi dayaqlarından birinə çevrilməlidir.
Hibrid təhlükələrə qarşı “rəqəmsal vətəndaşlıq”
Hibrid təhlükələrin ən mühüm xüsusiyyətlərindən biri onların gündəlik informasiya axını içərisində görünməz şəkildə yayılmasıdır. Bəzən təxribat açıq çağırış formasında deyil, sadə bir video, emosional paylaşım, manipulyativ başlıq, saxta statistik məlumat və ya kontekstdən çıxarılmış fotoşəkil formasında təqdim olunur.
Bu səbəbdən gənclərin hibrid təhlükələrə qarşı mübarizəsi ilk növbədə rəqəmsal vətəndaşlıq mədəniyyətinin formalaşdırılmasını tələb edir.
Rəqəmsal vətəndaş:
paylaşmazdan əvvəl yoxlayır;
inanmazdan əvvəl araşdırır;
reaksiya verməzdən əvvəl düşünür;
ittiham etməzdən əvvəl fakt axtarır;
mübahisə zamanı təhqirə deyil, arqumentə üstünlük verir.
Bu davranış modeli cəmiyyətin informasiya immunitetini gücləndirir.
Azərbaycan gəncliyi sosial medianı yalnız əyləncə və ünsiyyət platforması kimi deyil, ölkənin milli maraqlarının, zəngin mədəniyyətinin, qədim tarixinin, turizm potensialının, elmi və iqtisadi imkanlarının dünyaya təqdim edildiyi mühüm kommunikasiya məkanı kimi də görməlidir.
Milli informasiya məkanında gənclərin fəal rolu
Prezident İlham Əliyev qurultaydakı çıxışında Azərbaycan dilində müxtəlif xarici resursların yaradılması və onların informasiya təsiri məsələsinə diqqət çəkərək həqiqətlərin və Azərbaycan reallıqlarının vətəndaşlara çatdırılmasının vacibliyini bildirib, müasir ideoloji iş metodlarının tətbiq edilməsinin zəruriliyini də vurğuladı.
Bu yanaşma gənclərin qarşısında mühüm vəzifə qoyur: Azərbaycan haqqında məlumatı yalnız istehlak edən deyil, onun düzgün və keyfiyyətli istehsalçısı olmaq.
Bu gün Azərbaycan gəncləri:
• Azərbaycan tarixi haqqında keyfiyyətli rəqəmsal kontent hazırlaya;
• Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq, məskunlaşma və reinteqrasiya proseslərini dünyaya təqdim edə;
• Azərbaycanın multikulturalizm və tolerantlıq modelini tanıda;
• milli mədəniyyətimizi xarici auditoriyalara çatdıra;
• elmi, texnoloji və iqtisadi nailiyyətləri təbliğ edə;
• xarici dillərdə Azərbaycanın həqiqətlərinə dair informasiya məhsulları yarada;
• sosial mediada ölkəsini təmsil edən peşəkar kontent istehsalçısına çevrilə bilər.
Gənclərimiz ideoloji mübarizənin yalnız obyekti deyil, onun fəal subyekti olmalıdırlar.
Sağlam mövqe – hər məsələyə kor-koranə yanaşmaq deyil
İdeoloji təhlükələrə qarşı mübarizə sağlam vətəndaş mövqeyini tələb edir. Lakin sağlam mövqe hər bir fərqli fikrə düşmən münasibət göstərmək, tənqidi tamamilə rədd etmək və ya bütün alternativ baxışları təhlükə kimi qəbul etmək demək deyil.
Əksinə, sağlam mövqey faktla dezinformasiyanı, konstruktiv tənqidlə dağıdıcı manipulyasiyanı, fikir müxtəlifliyi ilə milli maraqlara qarşı məqsədli təxribatı bir-birindən ayırmaq bacarığıdır.
Güclü vətəndaş öz dövlətinin uğurlarını müdafiə etməklə yanaşı, cəmiyyətin inkişafı üçün mövcud problemlərin qanuni, konstruktiv yollarla müzakirəsinə də töhfə verməlidi. Bu mənada gənclərin sağlam mövqeyi dövlətçiliklə ictimai məsuliyyətin vəhdətidir.
Gənclər təşkilatlarının missiyası yenilənməlidir
Azərbaycan Prezidentinin müasir çağırışları ölkədə gənclər təşkilatlarının fəaliyyətinə də yeni yanaşma tələb edir. Gənclər təşkilatları yalnız layihələr icra edən, tədbirlər keçirən strukturlar deyil, gənclərin düşüncə, liderlik, media savadlılığı, fəal vətəndaşlıq və ictimai iştirakçılıq bacarıqlarının inkişaf etdiyi platformalara çevrilməlidir.
Bu istiqamətdə:
“Gənc lider – güclü dövlət”,
“Media savadlı gənc”,
“Dezinformasiyaya qarşı gənc analitik”,
“Rəqəmsal vətəndaş”,
“Azərbaycanı dünyaya tanıdan gənc”,
“Milli dövlətçilik və müasir gənclik”
kimi proqram və təşəbbüslər genişləndirilə bilər.
Belə fəaliyyətlər formal tədbirçilikdən daha çox praktik nəticəyə və dayanıqlığa yönəlməlidir. Prezidentin VIII Qurultayda ideoloji işin şablonlardan uzaqlaşdırılması və müasir metodlarla qurulması barədə fikirləri də məhz bu baxımdan aktuallıq daşıyır.
Süni intellekt dövründə yeni məsuliyyət
Süni intellektin inkişafı ideoloji və informasiya təhlükəsizliyi məsələsini daha da mürəkkəbləşdirir. Artıq saxta foto, video, səs və mətnlərin hazırlanması əvvəlki dövrlə müqayisədə daha asanlaşıb. Bu isə gənclərin informasiya yoxlama bacarıqlarının daha da inkişaf etdirilməsini tələb edir.
Azərbaycan gənci süni intellektdən qorxan deyil, ondan məsuliyyətlə və səmərəli istifadə edən, onun imkanlarını milli inkişaf məqsədlərinə yönəldən nəsil olmalıdır.
Süni intellekt təhsil, elm, innovasiya, sahibkarlıq, rəqəmsal diplomatiya, media, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə yeni imkanlar yaradır. Lakin bu imkanlarla yanaşı, saxta kontentin, manipulyasiyanın və informasiya təxribatlarının artması riskini də nəzərə almaq lazımdır. Ona görə müasir Azərbaycan gənci həm texnoloji savadlı, həm də milli dövlətçilik şüuruna malik olmalıdır.
Fəal vətəndaş – milli dövlətçiliyin sosial dayağı
Azərbaycanın yeni inkişaf mərhələsində gənclərin dövlətçilik prosesində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. VIII Qurultayla bağlı YAP-ın fəaliyyətində də yeni dövrün əsas prioritetləri sırasında insan kapitalının inkişafı və gənclər üçün yeni imkanların yaradılması qeyd edilir.
Fəal vətəndaş:
• ölkəsinin taleyinə biganə qalmır;
• cəmiyyətin problemlərinə həssas yanaşır;
• qanunlara hörmət edir;
• ictimai təşəbbüslər irəli sürür;
• könüllü fəaliyyət göstərir;
• seçki və ictimai proseslərdə məsuliyyətli iştirak edir;
• dövlətçilik dəyərlərinə hörmət edir;
• milli maraqları anlayır;
• sosial mediada məsuliyyətli davranır;
• ölkəsinin uğurlarını obyektiv və əsaslandırılmış şəkildə təqdim edir.
Belə gənclər dövlətin yalnız gələcək idarəçiləri deyil, bu günün sosial və intellektual dayaqlarıdır.
Zəfərdən yeni inkişaf mərhələsinə: gəncliyin tarixi məsuliyyəti
Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin qarşısında yeni strateji hədəflər müəyyənləşdirib. VIII Qurultay da məhz bu yeni reallıqda Azərbaycanın inkişafının növbəti mərhələsinə dair siyasi və ideoloji prioritetlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mərhələdə əsas məsələ əldə olunmuş Zəfəri qorumaq və onu davamlı inkişaf, sosial rifah, güclü insan kapitalı və müasir dövlət quruculuğu ilə möhkəmləndirməkdir.
Bu prosesdə davamlı və requlyar iş gənclərin fəal missiyasına çevrilməlidir. Çünki XXI əsrdə dövlətlərin rəqabəti yalnız tankların, raketlərin və iqtisadi göstəricilərin rəqabəti deyil. Bu, eyni zamanda biliklərin, ideyaların, texnologiyaların, informasiya platformalarının və insan kapitalının rəqabətidir. Azərbaycan gəncliyi bu rəqabətdə öz sözünü deməli və bacarığını ortaya qoymalıdır.
İdeoloji təhlükəsizliyin ən güclü qalası – şüurlu vətəndaşdır
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışından irəli gələn mühüm nəticələrdən biri budur ki, Azərbaycanın təhlükəsizliyi artıq yalnız fiziki sərhədlərin qorunması ilə ölçülə bilməz. Müasir dövrdə milli dövlətçiliyin qorunması həm də informasiya, ideologiya, kiberməkan və ictimai düşüncə sahələrində dayanıqlılıq tələb edir. Bu mübarizədə Azərbaycan gəncliyinin rolu əvəzsizdir.
Gənc nəsil savadlı olmalı, düşünməli, araşdırmalı, faktı yoxlamalı, milli dəyərlərə bağlı qalmalı, müasir texnologiyaları mənimsəməli və cəmiyyətin inkişafında fəal iştirak etməlidir. İdeoloji və hibrid təhlükələrə qarşı ən effektiv cavab yalnız informasiya ilə informasiya, yalanla həqiqət, manipulyasiya ilə bilik və təxribatla sağlam vətəndaş mövqeyi arasında qurulan mübarizədən keçir.
Azərbaycan gəncliyi bu mübarizədə passiv tamaşaçı deyil, fəal iştirakçı olmalıdır. Çünki müstəqil dövlətin gələcəyi yalnız onun sərhədlərini qoruyan güclü ordudan deyil, həm də həmin dövlətin müstəqilliyini, milli kimliyini və dövlətçilik dəyərlərini dərk edən, müdafiə edən və inkişaf etdirən şüurlu nəsildən asılıdır.
Bu günün gənci sabahın dövlət xadimi, alimi, müəllimi, mühəndisi, sahibkarı, diplomatı və ictimai lideridir. Onun hər bir biliyi, hər bir düzgün qərarı, hər bir məsuliyyətli paylaşımı və hər bir ictimai təşəbbüsü Azərbaycanın gələcək gücünə çevrilə bilər.
Güclü dövlət – güclü cəmiyyət – savadlı və vətənpərvər gənclik – məsuliyyətli və fəal vətəndaşlıq.
Bu dəyərlər vəhdət təşkil etdikdə Azərbaycan ideoloji və hibrid təhlükələr qarşısında daha dayanıqlı, daha güclü və daha təhlükəsiz dövlət kimi öz inkişaf yolunu inamla davam etdirəcəkdir.
Asif ƏSGƏRLİ
YAP İdarə Heyətinin üzvü