PDF Oxu

Siyasət

  • 1 003

Dövlətçilik maraqlarına sədaqət və qarşıya qoyulan hədəflər - FOTOLAR

image

Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə əvvəlcə YAP Astara rayon təşkilatının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub və əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi uğrunda şəhid olan Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Müşavirəni YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov açıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirdiyi əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideyaloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə geniş nitq söyləyib.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov daha sonra deyib:- Partiyamızın VIII Qurultay yeni, şanlı tariximizə mühüm hadisə kimi yazıldı. Qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, yeni hədəflərin qarşıya qoyulması və partiya üzvlərinin qarşısında duran vəzifələrin daha aydın şəkildə göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının gücü hər zaman xalqla sıx bağlılığında, dövlətçilik maraqlarına sədaqətində və qarşıya qoyulan hədəflər ətrafında vahid mövqedən çıxış etməsində olub. Bu gün Azərbaycanın qarşısında yeni imkanlar və yeni hədəflər var. Bu hədəflərə çatmaq isə yalnız əldə etdiyimiz uğurlarla kifayətlənməməyi, daim yenilənməyi, insanlarla daha yaxından işləməyi və ölkəmizin gələcəyi naminə hər birimizin üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsini tələb edir.
Çıxışlarda qurultay nümayəndələri- professor Kamran Kazımov və Adil Rzayev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi, iqtisadi və sosial nailiyyətlərdən bəhs edib, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzun yüksəldiyini , dövlətçilik və milli həmrəyliyin daha da möhkəmlənməsini deyiblər.
Müşavirədə çıxışlar zamanı o da bildirilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayaraq dövlətçilik maraqlarının qorunmasına və Azərbaycanın inkişafına öz layiqli töhfəsini verib. Partiyanın VIII Qurultayında müəyyən etdiyi yeni vəzifələr elə bu siyasi kursun davamlılığının daha dinamik olmasına xidmət göstərir.
Həmçinin partiya üzvləri çıxışlarında Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəklədiklərini, qarşıya qoyulan vəzifələrin icrasında hər zaman fəal olmağına söz veriblər .
Tədbirdə Astara rayon təşkilatının qarşısında duran vəzifələr, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, əhali ilə işin daha da gücləndirilməsi və qarşıya qoyulan məqsədlərin yerli səviyyədə uğurla həyata keçirilməsi məsələləri müzakirə olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər