Oktyabrın 7-də “H.Cavid pr.117” ünvanı üzrə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, Coğrafiya İnstitutunun direktoru Zaur İmrani, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Coğrafiya İnstitutunun direktoru Zaur İmrani, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəli sürdüyü mühüm məsələlərin partiyanın gələcək fəaliyyəti üçün mühüm istiqamətlər müəyyən etdiyini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, ölkənin davamlı inkişafının, ictimai-siyasi sabitliyinin və sosial-iqtisadi tərəqqisinin təmin edilməsində Yeni Azərbaycan Partiyasının mühüm rolu vardır. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, milli maraqlarının etibarlı şəkildə qorunmasına və ölkənin hərtərəfli inkişafına mühüm töhfələr verir. Müşavirədə dövlətçilik prinsiplərinə sədaqətin, milli maraqların qorunmasının, vətəndaşlara diqqət və qayğının, eləcə də cəmiyyət qarşısında məsuliyyətli fəaliyyətin hər bir partiya üzvünün əsas vəzifələrindən olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının gücü onun xalqla sıx bağlılığında, geniş ictimai dayaqlarında və ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirakında özünü göstərir. Çıxışlarda gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsinin, onların elmə, təhsilə, innovasiyalara və ictimai fəaliyyətə cəlb olunmasının xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının ölkəmizin müasir tarixində mühüm mərhələ olduğu qeyd edilib və bu tarixi reallıqların gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyi vurğulanıb. Müşavirənin sonunda Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun dəstəklənməsi, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələrin uğurla həyata keçirilməsi, eləcə də ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.
Daha sonra çıxış edən partiya üzvləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı fikir və təkliflərini bölüşüb, qarşıda duran vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.