Oktyabrın 9-da “H.B.Zərdabi pr.61” ünvanı üzrə (19 saylı şəhər poliklinikası) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 19 saylı şəhər poliklinikasının baş həkimi, ərazi partiya təşkilatının sədri Aytən Qurbanova, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən 19 saylı şəhər poliklinikasının baş həkimi, ərazi partiya təşkilatının sədri Aytən Qurbanova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı ölkəmizin gələcək inkişaf prioritetlərini və partiyanın qarşısında dayanan mühüm vəzifələri aydın şəkildə ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən bu qurultay yeni tarixi mərhələnin siyasi və ideoloji mahiyyətini əks etdirir. Partiyanın ideoloji fəaliyyəti dövlətçilik prinsiplərinin, milli maraqların və vətənpərvərlik dəyərlərinin cəmiyyətə daha geniş şəkildə çatdırılmasına xidmət etməlidir. Bu baxımdan qurultayda irəli sürülən məsələlərin mahiyyətinin partiya üzvləri arasında dərindən izah edilməsi və müzakirəsi vacibdir. Qeyd olunub ki, yerli təşkilatlarda keçirilən müşavirələr qəbul edilmiş qərarların praktiki fəaliyyətə çevrilməsi, qarşıya qoyulan vəzifələrin sistemli şəkildə icrası üçün əlverişli imkan yaradır. Xüsusilə gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, onların milli-mənəvi dəyərlərə və dövlətçilik ideyalarına bağlılığının gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Hər bir partiya üzvü öz fəaliyyəti ilə dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və cəmiyyətlə səmərəli kommunikasiyanın qurulmasına töhfə verməlidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələni əks etdirir və dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərin yeni inkişaf hədəfləri ilə uzlaşdırılmasını zəruri edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiyanın gələcək fəaliyyətinin məzmununu müəyyənləşdirən mühüm siyasi proqram kimi diqqəti cəlb edir. Qurultayın əhəmiyyəti ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşan yeni reallıqlar fonunda daha aydın görünür. Əvvəlki qurultaydan ötən dövr ərzində ölkəmiz tarixi Zəfər qazanmış, milli birliyini və dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Bu nailiyyətlər Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın həmrəyliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsidir. Bildirilib ki, Partiyanın ideoloji fəaliyyəti müasir çağırışları nəzərə almalı, milli maraqların müdafiəsi, vətənpərvərlik və ictimai məsuliyyət prinsipləri əsasında qurulmalıdır. Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin yerlərdə ardıcıl şəkildə müzakirə edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Gənc nəslin milli tariximizə, zəngin dövlətçilik ənənələrimizə və müasir Azərbaycanın inkişaf modelinə bağlılığının artırılması gələcək uğurların təminatıdır. Şəhid ailələrinə və qazilərə diqqət, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması partiyanın ictimai fəaliyyətində prioritet istiqamətlər olaraq qalmalıdır. Bununla yanaşı, informasiya məkanında fəallığın artırılması, müasir kommunikasiya vasitələrindən səmərəli istifadə və ideoloji işin keyfiyyətinin yüksəldilməsi də xüsusi əhəmiyyət daşıyır. VIII Qurultayda müəyyənləşdirilən hədəflər hər bir yerli təşkilatın fəaliyyətində konkret tədbirlər, ardıcıl təşəbbüslər və ölçülə bilən nəticələrlə müşayiət olunmalıdır. Beləliklə, Zəfərlə yeni mərhələyə qədəm qoyan Azərbaycan dövlətinin inkişaf strategiyasının həyata keçirilməsində Yeni Azərbaycan Partiyası öz siyasi məsuliyyətini və aparıcı rolunu bundan sonra da inamla davam etdirəcəkdir.
19 saylı şəhər poliklinikasının sahə həkimi Türkanə Rəhimova çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji istiqamətlər partiyanın bütün yerli təşkilatları üçün mühüm fəaliyyət proqramıdır. Bu qərarların mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulması xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, Hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.