Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi diqqət çəkir. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra yeni tarixi mərhələdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qurultayda Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, əldə edilmiş tarixi Zəfərlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflər geniş şəkildə diqqətə çatdırılıb.
Qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətinə xüsusi diqqət yetirilib. Müstəqillik, dövlətçilik, milli maraqların qorunması, iqtisadi müstəqillik və güclü dövlət prinsiplərinə əsaslanan bu siyasi xətt müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.
Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əldə etdiyi tarixi Zəfər də xüsusi yer tutub. 2020-ci il Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələri sırasındadır. Bu tarixi nəticələr məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadi və hərbi potensialın, siyasi iradənin və xalq-iqtidar birliyinin nəticəsi kimi qiymətləndirilir.Yeni mərhələdə qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş Zəfərin nəticələrinin qorunması və möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpasının və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın qarşısında duran mühüm məqsədlərdəndir.
Qurultayda Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi və müstəqil xarici siyasət kursunun davam etdirilməsi məsələləri də diqqət mərkəzində olub. Azərbaycan bu gün regional və beynəlxalq proseslərdə fəal iştirak edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və müstəqil siyasət həyata keçirən dövlət kimi çıxış edir. Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən layihələr ölkəmizin regional əhəmiyyətini daha da artırır.İqtisadi inkişaf və sosial rifahın yüksəldilməsi də Qurultayda diqqət yetirilən əsas istiqamətlərdəndir. Güclü iqtisadiyyat dövlətimizin inkişafının əsas dayaqlarından biri olmaqla, yeni iş yerlərinin yaradılmasına, sosial layihələrin davam etdirilməsinə və regionların inkişafına geniş imkanlar yaradır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm siyasi hadisədir. Yeni tarixi mərhələdə YAP-ın əsas vəzifələri sırasında dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, ictimai-siyasi fəallığın artırılması və ölkənin inkişaf proseslərinə töhfənin davam etdirilməsi xüsusi yer tutur.
Ümumilikdə, YAP-ın VIII Qurultayı Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinə siyasi baxışın mühüm ifadəsidir. Qurultayda səsləndirilən fikirlər göstərir ki, qarşıdakı dövrdə əsas məqsəd əldə edilmiş nailiyyətləri qorumaq, dövlətin iqtisadi və siyasi gücünü daha da artırmaq, sosial rifahı yüksəltmək və Azərbaycanın davamlı inkişafını təmin etməkdir.Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız partiyanın növbəti qurultayı deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəflərinin müəyyənləşdirildiyi mühüm siyasi platforma kimi tarixə düşür.
Nailə Məmmədova,
Şəhid anası,
YAP Goranboy rayon təşkilatının fəalı