PDF Oxu

Siyasət

  • 622

Azərbaycan və Mərkəzi Asiya: ortaq maraqlar, güclənən tərəfdaşlıq və yeni inkişaf perspektivləri - ŞƏRH

image

Regional əməkdaşlığın genişlənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və nəqliyyat-kommunikasiya imkanlarının artırılması Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı da bu strateji yanaşmanın əsas məqamlarını özündə əks etdirir.

Müasir dünyada beynəlxalq münasibətlər sistemi mürəkkəb dəyişikliklərdən keçir. Yeni iqtisadi mərkəzlərin formalaşması, beynəlxalq ticarət yollarının əhəmiyyətinin artması, enerji təhlükəsizliyi məsələləri və dövlətlərarası əməkdaşlığın yeni mexanizmlərinin meydana çıxması ölkələr qarşısında mühüm vəzifələr qoyur. Belə bir şəraitdə ortaq maraqlar əsasında fəaliyyət göstərmək, qarşılıqlı etimadı gücləndirmək və regional əməkdaşlığı konkret layihələrlə möhkəmləndirmək xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı məhz bu reallıqlar fonunda diqqət çəkir. Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafını, qarşılıqlı ticarətin genişlənməsini, nəqliyyat və energetika sahələrində birgə fəaliyyətin gücləndirilməsini, eləcə də regional sülh və sabitliyin əhəmiyyətini ön plana çəkib. Bu çıxış Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının artıq ənənəvi ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq daha geniş regional tərəfdaşlıq müstəvisində inkişaf etdiyini göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişafında mühüm mərhələdir. 2025-ci ilin noyabrında qəbul edilmiş bu qərar Azərbaycanın regional əməkdaşlıq platformasında iştirak imkanlarını genişləndirib. 2026-cı il oktyabrın 8-də Türkmənbaşıda keçirilən görüş isə Azərbaycanın bu formatda tamhüquqlu iştirakçı kimi təmsil olunduğu ilk toplantı olub.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu formata daxil olmasına göstərilən dəstəyə görə həmkarlarına təşəkkürünü bildirib, xüsusilə Türkmənistanın təşəbbüsünü qeyd edib. Bu məqam dövlətlər arasında qarşılıqlı etimadın və əməkdaşlığa verilən önəmin ifadəsi kimi diqqət çəkir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri coğrafi yaxınlıqla məhdudlaşmır. Tarixi əlaqələr, ortaq mədəni dəyərlər, türk dünyasına mənsubiyyət, iqtisadi maraqlar və nəqliyyat-kommunikasiya imkanları bu münasibətlərin möhkəm əsaslarını təşkil edir. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Mərkəzi Asiya ölkələri Avrasiyanın mühüm iqtisadi və nəqliyyat məkanında bir-birini tamamlayan imkanlara malikdirlər.
Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu iştirakı regional məsələlərin müzakirəsində, ortaq təşəbbüslərin hazırlanmasında və birgə layihələrin həyata keçirilməsində yeni imkanlar yaradır. Bu, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha sistemli şəkildə inkişafına şərait yaradır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yalnız iqtisadi göstəricilər və siyasi təmaslarla izah etmək mümkün deyil. Bu münasibətlərin dərin tarixi, mədəni və mənəvi əsasları mövcuddur. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi dəstəyə xüsusi diqqət yetirib. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasında dostluğun konkret nümunələridir.
Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi təşəbbüsü də bu mənəvi yaxınlığın ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qardaş ölkələrin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır. Bu layihələrin əhəmiyyəti yalnız tikilən binalarla ölçülmür. Onlar xalqlar arasında qarşılıqlı hörmətin, həmrəyliyin və gələcəyə yönəlmiş münasibətlərin rəmzidir. Təhsil və mədəniyyət obyektləri insanların gündəlik həyatına töhfə verməklə yanaşı, gələcək nəsillərin dostluq və əməkdaşlıq ruhunda yetişməsinə də xidmət edir. Ortaq tarixi köklər, mədəni irs və humanitar əlaqələr siyasi və iqtisadi əməkdaşlığın daha möhkəm əsaslar üzərində inkişaf etməsinə imkan yaradır. Buna görə də region dövlətləri arasında münasibətlərin genişləndirilməsində təhsil, elm, mədəniyyət, turizm və gənclər arasında əlaqələr də mühüm yer tutmalıdır.
Ölkı Prezidenti cənab İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlikdir. Dövlət başçısı bu amilləri ölkələrin nailiyyətlərinin və gələcək inkişafının əsas şərtləri kimi səciyyələndirib. Həqiqətən də, genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, enerji infrastrukturuna sərmayələrin yatırılması və ticarət əlaqələrinin genişləndirilməsi üçün sabit siyasi mühit vacibdir. Uzunmüddətli layihələr qarşılıqlı etimad, aydın əməkdaşlıq mexanizmləri və ortaq maraqlar tələb edir. Region ölkələrinin təhlükəsizlik və sabitlik məsələlərinə birgə yanaşması iqtisadi əməkdaşlığın möhkəmlənməsinə də kömək edə bilər. Eyni zamanda, iqtisadi əlaqələrin dərinləşməsi dövlətlər arasında qarşılıqlı asılılığı və ortaq maraqları artıraraq əməkdaşlığın davamlılığı üçün əlavə zəmin yaradır.
Türkmənbaşı görüşünün mühüm nəticələrindən biri Azərbaycanın 2027-ci ildə Məşvərət görüşləri formatına sədrlik edəcəyinin elan olunmasıdır. Bu, ölkəmizin regional əməkdaşlıq platformasındakı iştirakının növbəti mərhələyə keçməsi baxımından əhəmiyyətlidir. Sədrlik Azərbaycana tərəfdaş dövlətlərlə birgə fəaliyyətin prioritetlərini müəyyənləşdirmək, yeni təşəbbüsləri müzakirəyə çıxarmaq və qarşılıqlı əməkdaşlığın konkret nəticələrə yönəlməsinə töhfə vermək imkanı yaradır. Bu imkanların səmərəli reallaşdırılması üçün nəqliyyat və logistika, enerji, investisiya, sənaye kooperasiyası, rəqəmsallaşma və humanitar əlaqələr kimi istiqamətlərdə birgə fəaliyyətin davam etdirilməsi vacibdir.
Azərbaycanın 2027-ci ildə sədrliyi regional əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi və əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi baxımından əlavə məsuliyyət yaradır.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər