Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində son illərin ən mühüm nailiyyətlərindən biri ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsidir. 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regionun geosiyasi arxitekturasında mühüm dəyişiklik yaradıb. Beləliklə, ənənəvi C5 formatı Azərbaycanın iştirakı ilə C6 əməkdaşlıq modelinə çevrilib.
Qeyd etmək lazımdır ki, bu, sadəcə iştirakçı dövlətlərin sayının artması deyil. Ölkəmizin bu platformaya inteqrasiyası Xəzər dənizinin iki sahilini vahid siyasi, iqtisadi və nəqliyyat məkanında birləşdirən yeni strateji reallığın formalaşması deməkdir. Yeri gəlmişkən, qeyd edək ki, ölkəmiz coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixi, etnik, mədəni və iqtisadi əlaqələr baxımından Mərkəzi Asiya ilə sıx bağlıdır. Ortaq türk kökləri, dil və mədəni yaxınlıq, əsrlər boyu mövcud olmuş ticarət əlaqələri bu inteqrasiyanın təbii əsaslarını təşkil edir.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin uğurlu və ardıcıl regional siyasəti nəticəsində 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə sədrlik edəcək. Ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirən tranzit ölkə kimi mövqeyini gücləndirib. Bu gün Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi qiymətləndirmək üçün kifayət qədər əsas mövcuddur. Xüsusilə qlobal ticarət marşrutlarının dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı və yeni nəqliyyat dəhlizlərinə tələbatın artdığı bir dövrdə C6 formatı daha geniş strateji əhəmiyyət qazanır. Bundan başqa, türk dövlətləri arasında əməkdaşlığın güclənməsi enerji, nəqliyyat, ticarət, rəqəmsal bağlantılar, təhsil, mədəniyyət və humanitar sahələrdə yeni perspektivlər açır. Bu baxımdan C6 formatı ilə Türk Dövlətləri Təşkilatı arasında mövcud olan əməkdaşlıq potensialı da xüsusi diqqətə layiqdir. Hər iki platforma fərqli institusional xüsusiyyətlərə malik olsa da, onların iqtisadi və nəqliyyat gündəliyində mühüm ortaq maraqlar mövcuddur.
Onu da qeyd edək ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və çoxvektorlu xarici siyasətin mühüm nəticələrindən biridir. Ölkəmiz son illərdə regional əməkdaşlıq təşəbbüslərində fəal iştirak etməklə, beynəlxalq nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynamaqla öz geosiyasi mövqeyini daha da gücləndirib.
Ən əsası, ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi regionda siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına xidmət edir.
Ələkbər Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədr müavini