PDF Oxu

Siyasət

  • 1 657

Zəfər və suverenlik dövrünün tarixi qurultayı - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin həyatında çox mühüm bir hadisə oldu. 2 Oktyabr 2026-cı ildə Bakı şəhərində Heydər Əliyev Mərkəzində baş tutan bu qurultay Məhs prezidentimizin dediyi kimi torpaqlarımızı azad edib suverenliyimizi tam bərpa etdikdən sonra keçirilən ilk qurultay kimi tarixə düşdü.

Bu gün əldə olunan bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyası dayanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini möhkəm təməllər üzərində qurdu, milli birliyin və siyasi sabitliyin əhəmiyyətini ön plana çəkdi. Eyni zamanda o, mədəniyyətin, incəsənətin, ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edirdi. Bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onu da qeyd edim ki, dövlət başçısı mədəniyyət sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Bu yanaşma dövlətimizin mədəniyyətə sadəcə bir sahə kimi deyil, milli inkişafın vacib istiqaməti kimi baxdığının bariz nümunəsidir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət ölkəmizi yeni inkişaf mərhələsinə çıxarmışdır. Məhz belə bir tarixi şəraitdə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təkcə partiyanın növbəti qurultayı deyil, ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm tarixi siyasi amilə çevrildi.

Ölkə başçısı, cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərinin əsas məramı ondan ibarət idi ki, Azərbaycan bundan sonra da milli maraqlara söykənən müstəqil siyasət yürütməyə davam edəcək. Son illərdə ölkəmizin taleyüklü məsələləri öz gücünə həll etməsi, regionda yeni reallıqlar yaratması və beynəlxalq mövqelərini daha da möhkəmləndirməsi bu siyasi kursun uğurlarını açıq şəkildə göstərir. Qurultayda xüsusi diqqət çəkən məsələlərdən biri milli birlik amili idi. Son illərin hadisələri sübut etdi ki, xalqla dövlətin birliyi Azərbaycanın ən böyük güc mənbəyidir. Bu gün qazandığımız bütün uğurların əsasında da məhz bu birlik dayanır. Çünki xalq daim prezidentindən yanadır.

Cənab Prezidentin qurultaydakı nitqində Zəfərimiz, suverenliyimizin bərpası, hərbi gücümüz və sərhədlərimizin təhlükəsizliyi ilə yanaşı, xarici siyasətdə ABŞ, Çin, Ermənistanla sülh prosesi və beynəlxalq tərəfdaşlıqlar ön plana çəkilməsi, iqtisadi inkişaf, “yaşıl keçid”, COP29, nəqliyyat dəhlizləri və Böyük Qayıdış kimi strateji məsələlər cənab Prezidentimizin nə qədər uzaqgörən olduğunu bir daha sübut etdi. Bu uğurların əsasında dayanan sarsılmaz milli birlik göstərir ki, xalqımız hər zaman dövlət başçısının ətrafında sıx birləşərək onun müəyyən etdiyi inkişaf yolunu inamla davam etdirir.

Bundan əlavə, qurultayda ölkə başçısının minimum əməkhaqqının, pensiyaların və sosial ödənişlərin artırılması barədə tapşırığı bir daha göstərdi ki, Azərbaycan dövlətinin mərkəzində məhz insan amili, vətəndaşın rifahı dayanır. Əlbəttə ki, güclü dövlət yalnız maddi rifahla deyil, həm də sağlam mənəviyyat və milli ruhla yaşayır. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin qorunması ölkəmizin gələcək inkişafının ana xətti kimi təqdim edilməsi hər birimizi qürurlandırır. Məhz bu çağırışlar biz mədəniyyət xadimlərinin üzərinə müstəsna bir məsuliyyət qoyur. Çünki milli-mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq ideologiyasının yaşadılması və vətənpərvərlik ruhunun cəmiyyətə aşılanması məhz mədəniyyətin ali missiyasıdır. Teatr isə bu müqəddəs yolun əsas xəttində dayanır. O, təkcə sənət ocağı deyil, milli yaddaşımızı diri tutan, tarixi həqiqətlərimizi gələcək nəsillərə ötürən, sarsılmaz vətəndaşlıq mövqeyi və dərin milli bağlılıq formalaşdıran mənəvi ocaqdır. Bu baxımdan VIII Qurultayda səslənən fikirlər mədəniyyət sahəsində çalışan insanlar üçün də konkret istiqamətlər müəyyənləşdirir. Teatrlarımızda, mədəniyyət ocaqlarımızda dövlətçilik ideyalarının, milli birliyin, vətən sevgisinin və Azərbaycançılıq məfkurəsinin təbliği bundan sonra da fəaliyyətimizin əsas istiqamətlərindən biri olmalıdır.

VIII Qurultay bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qətiyyətlə qədəm qoyur.

Laləzar Hüseynova

YAP Lənkəran Rayon Təşkılatı Lənkəran Dövlət Dram Teatrının ƏPT sədri, VIII Qurultayın nümayəndəsi

Digər xəbərlər