Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni yanaşmaların formalaşdığı bir dövrdə dövlətlər arasında etibarlı tərəfdaşlığın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət, regional təşəbbüsləri və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr ölkəmizin mövqeyini daha da möhkəmləndirir.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanın region ölkələri ilə münasibətlərinin mahiyyətini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması ölkəmizin regional əməkdaşlıq sistemində artan rolunun mühüm göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın yalnız coğrafi mövqeyi ilə deyil, siyasi iradəsi, iqtisadi imkanları və etibarlı tərəfdaşlıq prinsipləri ilə də regionun gələcəyinə təsir göstərən dövlət olduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin artıq ənənəvi dostluq münasibətləri çərçivəsini aşaraq konkret iqtisadi layihələr və ortaq strateji maraqlar əsasında inkişaf etməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu göstərici qarşılıqlı iqtisadi münasibətlərin genişləndiyini və əməkdaşlıq üçün yeni imkanların yarandığını nümayiş etdirir.
Mövcud potensialın daha səmərəli reallaşdırılması üçün qarşılıqlı ticarətin artırılması ilə yanaşı, birgə investisiyaların təşviqi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirlər Azərbaycanın regional iqtisadi inteqrasiyaya praqmatik və uzunmüddətli yanaşmasını əks etdirir. Məqsəd yalnız iqtisadi əlaqələri genişləndirmək deyil, həm də ortaq istehsal və investisiya imkanları vasitəsilə davamlı inkişaf üçün möhkəm zəmin yaratmaqdır.
Azərbaycanın coğrafi mövqeyi və son illərdə nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş ardıcıl siyasəti ölkəmizi Şərq ilə Qərb arasında mühüm bağlantı mərkəzlərindən birinə çevirib. Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin genişləndirilməsi, Orta Dəhlizin imkanlarının artırılması, liman, dəmir yolu və avtomobil yolları infrastrukturunun inkişafı regional əməkdaşlığın iqtisadi səmərəsini yüksəldir. Rəqəmsal bağlantıların və enerji marşrutlarının genişləndirilməsi isə bu əməkdaşlığa yeni məzmun qazandırır.
Bu reallıqlar göstərir ki, Azərbaycan regional nəqliyyat və logistika sisteminin inkişafında mühüm rol oynamaqla yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə də töhfə verir. Belə əməkdaşlıq iştirakçı dövlətlərin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, regionun beynəlxalq iqtisadi əlaqələr sistemində əhəmiyyətini də artırır.
Dövlətimizin başçısının çıxışında enerji əməkdaşlığı məsələlərinə xüsusi yer ayırması da təsadüfi deyil. Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara nəqlində oynadığı rol, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən birgə təşəbbüslər region ölkələri arasında qarşılıqlı asılılığı deyil, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığı gücləndirir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər gələcəkdə enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından yeni perspektivlər açır.
Prezident İlham Əliyevin çıxışının mühüm siyasi mesajlarından biri də regional əməkdaşlığın əsasını təşkil edən sülh, təhlükəsizlik və sabitlik amillərinin xüsusi vurğulanmasıdır. Çünki iqtisadi inkişaf, investisiyaların cəlb olunması, nəqliyyat marşrutlarının səmərəli fəaliyyəti və genişmiqyaslı layihələrin reallaşdırılması, ilk növbədə, sabit siyasi mühit tələb edir. Bu baxımdan dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi və ortaq maraqların uzlaşdırılması regional tərəfdaşlığın davamlılığı üçün vacib şərtdir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı həm də ortaq tarixi, mədəni və mənəvi bağlara söykənir. Bu yaxınlıq siyasi dialoqun möhkəmlənməsinə, xalqlar arasında əlaqələrin genişlənməsinə və qarşılıqlı dəstək ənənələrinin davam etdirilməsinə əlverişli şərait yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Mərkəzi Asiya dövlətlərinin dəstəyi ilə həyata keçirilən layihələr bu həmrəyliyin real ifadəsidir.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan xarakterini nümayiş etdirir. Azərbaycan bu gün regional əməkdaşlığın inkişafına töhfə verən, təşəbbüsləri ilə yeni imkanlar yaradan və tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında möhkəmləndirən etibarlı dövlətdir.
Əminliklə demək olar ki, Türkmənbaşı görüşündə səsləndirilən fikirlər və müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin gələcək inkişafına yeni təkan verəcək. Bu tərəfdaşlıq regionun iqtisadi potensialının reallaşdırılması, beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri əldə olunmuş uğurları daha da möhkəmləndirmək, regional əməkdaşlığın imkanlarından səmərəli istifadə etmək və gələcək nəsillər üçün təhlükəsiz, sabit və inkişaf edən regionun formalaşmasına töhfə verməkdir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və strateji baxış bu məqsədlərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri