PDF Oxu

Siyasət

  • 1 413

"Azərbaycan İranla qonşuluq münasibətlərini və Mərkəzi Asiya ilə əlaqələrini gücləndirir" - POLİTOLOQ

image

"Prezidentin Türkmənistana işgüzar səfəri və səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi görüş Azərbaycan xarici siyasətinin regional əməkdaşlıq istiqamətlərini bir daha gündəmə gətirdi. Bu təmasları şübhəsiz ki, təkcə ikitərəfli münasibətlər çərçivəsində dəyərləndirmək düzgün olmazdı".Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, bunu həm də Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır:"Azərbaycan və İranı hər şeydən öncə coğrafi yaxınlıq və indiki İran ərazisində 40 milyona yaxın soydaşımızın yaşaması birləşdirir. Bilirik ki, iki ölkənin münasibətlərində zaman-zaman müəyyən fikir ayrılıqları da meydana çıxıb. Belə şəraitdə dövlət başçıları arasında birbaşa dialoqun davam etdirilməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi, mövcud problemlərin müzakirəsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.Türkmənbaşı görüşündə Pezeşkian Azərbaycanın İranda baş verən hadisələr zamanı nümayiş etdirdiyi dost və mehriban qonşu mövqeyini yüksək qiymətləndirib. Tərəflər əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində işlərin davam etdiyini də vurğulayıblar. Xüsusilə Ağbənd-Kəlalə layihəsinin yekun mərhələyə çatması nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından diqqətəlayiqdir. Bu layihə Azərbaycanla İran arasında sərhədyanı bağlantıların inkişafına, yükdaşımaların asanlaşdırılmasına və regional iqtisadi əlaqələrin genişlənməsinə töhfə verə bilər.Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü də səfərin mühüm istiqamətlərindən olub. Tərəflər ticarət, nəqliyyat, tranzit, logistika, mədəni-humanitar əlaqələr və Xəzər dənizi ilə bağlı məsələləri müzakirə ediblər. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin Şərq–Qərb nəqliyyat marşrutlarında mövqeyini gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.Digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatında tamhüquqlu iştirakıdır. Bu, Azərbaycanın regional əməkdaşlıq platformalarında rolunun genişlənməsini və Xəzərin hər iki sahilində iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarını artırır.Ümumilikdə dəyərləndirsək Türkmənistan səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin praktik ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycan həm İranla qonşuluq münasibətlərini inkişaf etdirməyə, həm də Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrini gücləndirməyə çalışır. Bu istiqamətlərin uzlaşdırılması regional sabitliyə, ticarətin genişlənməsinə və Azərbaycanın tranzit imkanlarının artmasına xidmət edə bilər".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər