Son illər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər keyfiyyətcə yeni müstəviyə yüksələrək strateji tərəfdaşlıq xarakteri alıb. Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv seçilməsi bu prosesin məntiqi və tarixi davamı oldu. Birləşmiş Millətlər Təşkilatının və Türk Dövlətləri Təşkilatının çətiri altında formalaşan bu sıx əməkdaşlıq artıq Xəzər hövzəsini və Mərkəzi Asiyanı vahid iqtisadi və geosiyasi məkana çevirir.
Türkmənbaşı şəhərində (Avaza kompleksi) təşkil olunan 8-ci Məşvərət görüşündə dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri tarixən ortaq soy-kökə, mədəniyyətə və tarixi bağlara söykənir. Bu gün isə həmin tarixi təməl üzərində müasir dünyada baş verən geosiyasi çağırışlara cavab verən möhkəm tərəfdaşlıq arxitekturası qurulur.
Prezident İlham Əliyev öz çıxışında regional iqtisadi münasibətlərin yeni fəlsəfəsini irəli sürdü. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz yalnız qarşılıqlı ticarət dövriyyəsini artırmaqla kifayətlənməməli, eyni zamanda birgə sərmayə qoyuluşları etməli, istehsal kooperasiyası yaratmalı və xarici bazarlara vahid cəbhədən çıxmalıdırlar.
Nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsində kəskin artım müşahidə olunur. Hazırda ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Birgə investisiya fondlarının yaradılması, sənaye obyektlərinin, kənd təsərrüfatı və yüksək texnologiyalar komplekslərinin birgə inşası qarşılıqlı iqtisadi asılılığı müsbət mənada gücləndirən əsas amillərdəndir.
Şərq-Qərb nəqliyyat dəhlizinin (Orta Dəhliz) mərkəzində dayanan Azərbaycan və Mərkəzi Asiya ölkələri Avrasiyanın logistik xəritəsini yenidən formalaşdırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi və Xəzərdə ticarət donanmalarının gücləndirilməsi Mərkəzi Asiyanın zəngin resurslarının Avropa və dünya bazarlarına ən təhlükəsiz və qısa marşrutla çatdırılmasına təminat verir.
Bununla yanaşı, Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsini nəzərdə tutan "Rəqəmsal İpək Yolu" və Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında razılaşdırılmış "Yaşıl Enerji Dəhlizi" layihələri regionun gələcək rəqəmsal və bərpa olunan enerji xəritəsini cızır.
Prezident İlham Əliyevin Türkmənbaşı sammitindəki strateji xarakterli çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatında tamhüquqlu üzvlüyü regionun geosiyasi çəkisini və beynəlxalq aləmdəki nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Xəzərin hər iki sahilində formalaşan bu sarsılmaz birlik müasir dövrün çağırışlarına birgə cavab vermək, sabitliyi və davamlı iqtisadi inkişafı təmin etmək üçün ən etibarlı zamandır.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri