PDF Oxu

Siyasət

  • 663

Vahid məktəbli forması: bərabərlik, nizam və məktəb kimliyi - ŞƏRH

image

Məktəb həyətinə səhər saatlarında baxanda gözə ilk çarpan mənzərə eyni formada toplaşan şagirdlərdir. Bu mənzərə sadəcə estetik görüntü deyil. Onun arxasında dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması, məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi kimi təhsil siyasətinin vacib istiqamətləri dayanır.

Məktəb təkcə bilik ötürən məkan deyil

Məktəb uşaqlara riyaziyyat, ədəbiyyat və tarix öyrədən yer olmaqla yanaşı, cəmiyyətin gələcəyini formalaşdıran mühüm sosial institutdur. Uşaqlar burada birgə yaşamağı, ortaq qaydalara hörmət etməyi, kollektivin bir hissəsi olmağı öyrənirlər. Vahid geyim forması bu birgəliyin gündəlik və hamı tərəfindən görünən ifadəsidir.

Təhsilalanlara vahid geyim tələbi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Eyni formanı geyinən şagird özünü bir kollektivin bərabərhüquqlu üzvü kimi hiss edir. Bu hiss onun dərsə, müəllimə və sinif yoldaşlarına münasibətinə də öz təsirini göstərir. Formasını səliqə ilə daşıyan uşaq öz məktəbinin adını, şərəfini və ənənələrini təmsil etdiyini anlayır.

Sosial fərqlərin sinif otağına daşınmaması

Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Fərqli ailələrdən gələn uşaqlar eyni sinifdə oturur. Onların bəzisinin ailəsi bahalı geyim ala bilir, bəzisinin isə imkanı məhduddur. Forma olmayan mühitdə bu fərqlər geyim vasitəsilə gündəlik olaraq nümayiş etdirilir, uşaqlar arasında müqayisə, qısqanclıq və hətta ələ salınma halları yaranır.

Vahid forma bu problemi kökündən həll edir. Məktəb uşaqların sosial statusundan, ailənin dini baxışlarından və maddi imkanlarından asılı olmayaraq özlərini bərabər hiss etdikləri məkandır. Bu baxımdan vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır. Tezislərdə vurğulandığı kimi, bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.

Forma həm də geyimin qiymətinə, dəbə uyğunluğuna və dəyişmə tezliyinə olan izafi marağı azaldır. Şagird diqqətini zahiri görünüşə deyil, bilik əldə etməyə, idmana və yaradıcılığa yönəldir. Sinifdə rəqabət geyim üzərindən deyil, nailiyyətlər üzərindən qurulur.

Vahid forma ailələr üçün də rahatlıqdır. Valideynlər hər mövsüm dəbə uyğun yeni geyim almaq təzyiqindən azad olur, səhərlər "nə geyinim?" sualı ətrafında vaxt itirilmir. Uşaq isə məktəbə hazır, sakit və özünə inamlı gəlir. Şagirdlər forma geyinirsə, müəllimlər üçün də işgüzar geyim tələbləri məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilir. Beləliklə, məktəbdə hər kəs öz rolu üçün müəyyən edilmiş ortaq standarta əməl edir və qaydaların hamıya aid olduğu ədalətli mühit yaranır.

Hüquqi əsas: 309 nömrəli Qərar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nə yeni tələblər əlavə edilib. Bu tələblərə görə, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Eyni zamanda milli dəyərlərə hörmət də qorunur. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Qərar valideynlərə də aydın vəzifə qoyur: valideynlər və ya digər qanuni nümayəndələr övladları tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Məktəbdaxili intizam qaydaları

Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmiş Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarını təsdiq etmək direktorun səlahiyyətidir. Bu qaydalara görə şagirdlər dərsə məktəbin müəyyən etdiyi geyim formasında gəlməli, dərs başlamazdan əvvəl palto, papaq, kapüşonlu jaket kimi üst geyimləri çıxarmalı, formanı səliqəli və təmiz saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməlidirlər.

Məktəbdə dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı ətək, zinət əşyası, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, parçadan hazırlanmış qulaqlıq, makiyaj və saqqal qadağandır. Bu qadağalar uşağın azadlığını məhdudlaşdırmaq üçün deyil, təhsil mühitinin ciddiliyini, uşaqlıq dövrünün təbiiliyini və şagirdlər arasında bərabərliyi qorumaq üçün mövcuddur.

Beynəlxalq təcrübə

Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşma beynəlxalq təcrübədə geniş istifadə olunur. Qazaxıstanda məcburi məktəb forması üçün tələblər 2016-cı il fevralın 16-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qırğızıstanda məktəbli formasına dair vahid tələblər 2015-ci il sentyabrın 1-dən tətbiq edilir. Türkmənistanda dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında əsasnamə 2019-cu il martın 1-də təsdiqlənib, Özbəkistanda isə şagirdlərin müasir məktəbli forması ilə təmin edilməsinə dair qərar 2018-ci il avqustun 15-də qəbul edilib.

Ailə və məktəbin ortaq məsuliyyəti

Məktəbdaxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Valideyn övladına formanın mənasını izah etdikdə uşaq qaydalara məcburiyyət kimi deyil, kollektivə aidliyin ifadəsi kimi yanaşır. Hər səhər səliqəli formada məktəbə yola salınan uşaq həm intizamı, həm məsuliyyəti, həm də bərabərlik dəyərini gündəlik həyatında öyrənir.

Vahid məktəbli forması, beləliklə, kiçik bir detal kimi görünsə də, böyük məqsədə xidmət edir: bərabər, nizamlı və dünyəvi təhsil mühitində savadlı, tərbiyəli və məsuliyyətli vətəndaş yetişdirmək.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər