PDF Oxu

Siyasət

  • 727

Azərbaycan–Kamboca əməkdaşlığında yeni iqtisadi imkanlar - ŞƏRH

image

2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi diqqət çəkir. Rəsmi səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan–Kamboca əməkdaşlığının daha geniş sahələri əhatə etməsi üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyev bəyanatında ölkələr arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısının fikirləri göstərir ki, Azərbaycan xarici siyasətində müxtəlif regionlarla əməkdaşlığın genişləndirilməsinə, yeni iqtisadi tərəfdaşların müəyyənləşdirilməsinə və qarşılıqlı faydalı əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verir.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur. İndiyədək siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərin möhkəmlənməsinə xidmət edib. İndi əsas məqsəd bu siyasi yaxınlığı iqtisadi nəticələrlə möhkəmləndirmək, qarşılıqlı ticarət dövriyyəsini artırmaq və biznes dairələri arasında birbaşa əlaqələr yaratmaqdır.
Prezident İlham Əliyev ölkələr arasında ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olduğunu bildirməklə yanaşı, gələcəyə dair əminliyini də ifadə etdi: “Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq”. Bu fikir səfərin iqtisadi əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Qarşılıqlı ticarətin genişləndirilməsi üçün mövcud imkanların öyrənilməsi, sahibkarların bir-birinin bazarları haqqında məlumatlandırılması və biznes əlaqələrinin gücləndirilməsi vacibdir.
Bu istiqamətdə atılan mühüm addımlardan biri ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması barədə razılıqdır. Belə mexanizm tərəflərə iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirmək, qarşıya çıxan məsələləri müzakirə etmək və əldə olunan razılaşmaların həyata keçirilməsini əlaqələndirmək imkanı verəcək.
Azərbaycan və Kamboca arasında imzalanmış Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənədin əsas məqsədi iqtisadi münasibətlərin inkişafı üçün institusional zəmin yaratmaq və əməkdaşlığın sistemli şəkildə genişləndirilməsinə imkan verməkdir. Gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş isə iqtisadi fəaliyyət üçün daha aydın hüquqi çərçivənin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyev sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının da müzakirə olunduğunu bildirdi. Bu istiqamət hər iki ölkənin istehsal potensialının qarşılıqlı şəkildə öyrənilməsi, yeni biznes layihələrinin hazırlanması və investisiya əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya da əməkdaşlığın perspektivli istiqamətləri sırasında yer alır.
Dövlət başçısı təhsil sahəsində tarixi əlaqələrə toxunaraq, sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırlatdı. Qarşılıqlı təhsil imkanlarının yaradılması xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün yeni körpülərin qurulmasına kömək edə bilər. ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu da bu sahədə mühüm addımdır.
Səfər çərçivəsində keçirilən biznes forumu sahibkarların qarşılıqlı təmaslarının genişləndirilməsi və yeni iqtisadi layihələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, coğrafi məsafə müasir dünyada əməkdaşlığa ciddi maneə olmamalıdır. Əsas məsələ qarşılıqlı maraqların müəyyənləşdirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi və konkret təşəbbüslərin həyata keçirilməsidir.
Beləliklə, Kamboca Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün yeni imkanlar açır. İmzalanmış sənədlər, yaradılması nəzərdə tutulan birgə işçi qrupu və biznes dairələri arasında təmaslar gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin bəyanatında ifadə olunan gözləntilər göstərir ki, tərəflər siyasi münasibətləri daha geniş iqtisadi tərəfdaşlığa çevirmək niyyətindədirlər.
Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrini şaxələndirməsi və Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirməsi fonunda Kamboca ilə münasibətlərin inkişafı qarşılıqlı fayda üçün yeni perspektivlər yaradır.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər