PDF Oxu

Siyasət

  • 474

Azərbaycan və Kamboca arasında dostluq və əməkdaşlıq

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan ilə Kamboca arasında əlaqələrin inkişaf perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını əhatə edib.

Dövlət başçısı Kamboca Baş nazirini Azərbaycanda bir daha salamlamaqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin və siyasi əlaqələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində həyata keçirilən əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün mühüm zəmin yaradır.
Dövlət başçısının bəyanatında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Prezident İlham Əliyev bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi hələlik arzuolunan səviyyədə deyil. Bununla belə, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, iqtisadi potensialın öyrənilməsi və biznes dairələri arasında əlaqələrin qurulması üçün geniş imkanlar mövcuddur. Bu məqsədlə birgə işçi qrupunun yaradılması ticarət və investisiya əməkdaşlığının praktiki nəticələrlə zənginləşdirilməsinə xidmət edəcək. Birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq da müzakirə olunan əsas istiqamətlər sırasında olub.
Prezident İlham Əliyev Azərbaycan ilə Kamboca arasında əlaqələrin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, humanitar münasibətlərin də inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladan dövlət başçısı bu ənənənin bərpası və tələbələr üçün qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Həmçinin Azərbaycanın ASAN xidmət təcrübəsinin Kamboca tərəfindən maraqla qarşılanması dövlət xidmətləri sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
İkitərəfli münasibətlərin inkişafında oktyabrın 12-də imzalanmış sənədlərin mübadiləsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ticarət, təhsil və digər potensial əməkdaşlıq istiqamətləri üzrə əlaqələrin genişləndirilməsinə xidmət edən üç sənədin mübadiləsi tərəflərin qarşılıqlı əməkdaşlığı konkret addımlarla inkişaf etdirmək niyyətini nümayiş etdirir. Bu sənədlər gələcək təşəbbüslər üçün çərçivə yaradaraq, razılaşdırılmış istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsinə imkan verir.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərindən və Böyük Qayıdış Proqramının icrasından da bəhs edib. Dövlət başçısı beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqliyin Azərbaycan ilə Kambocanı birləşdirən mühüm amillərdən biri olduğunu vurğulayıb.
Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı baxımından yeni imkanlar yaradıb. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanmış sənədlər Azərbaycan–Kamboca münasibətlərinin gələcək inkişafına, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər