PDF Oxu

Siyasət

  • 919

Azərbaycanda dini-tarixi irsin bərpası, maarifçilik və multikulturalizm təcrübəsinin qlobal təşviqi - ŞƏRH

image

Azərbaycan Respublikası əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu, qarşılıqlı hörmət, dözümlülük və yüksək tolerantlıq mühitinin hökm sürdüyü mühüm Şərq və Qərb mərkəzlərindən biri olmuşdur. Müstəqilliyin bərpasından sonra milli-mənəvi dəyərlərin dirçəldilməsi, tarixi-dini abidələrin qorunması, habelə İslam dininə dövlət səviyyəsində sistemli və hərtərəfli qayğının göstərilməsi dövlət siyasətinin prioritet və strateji istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Xüsusilə 2020–2026-cı illəri əhatə edən dövr ölkəmizdə dini-mədəni irsin bərpası, məscid, ziyarətgah və digər inanc yerlərinin yenidən qurulması, eləcə də dini təhsilin və beynəlxalq müstəvidə İslam həmrəyliyinin inkişafı baxımından keyfiyyətcə yeni, misilsiz və tarixi bir mərhələ təşkil edir. Hal-hazırda ölkə ərazisində 2389 məscid fəaliyyət göstərir və bu ibadət evlərində eyni vaxtda 600 min nəfərə yaxın şəxsin sərbəst və rahat şəkildə ibadət etməsi üçün hər cür müasir infrastruktur və şərait yaradılmışdır.
2020–2025-ci illər ərzində dövlət dəstəyi ilə, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yaxından iştirakı, təşəbbüsü və qayğısı ilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən, öz tarixi, memarlıq və mənəvi dəyəri ilə seçilən çoxsaylı məscid və ziyarətgahlarda genişmiqyaslı təmir-bərpa, eləcə də yenidənqurma işləri aparılmışdır. Bu çərçivədə İsmayıllı rayonunun qədim Lahıc qəsəbəsində yerləşən Bədöyün məscidi, Bakı şəhəri Suraxanı rayonundakı "Fatimeyi-Zəhra" məscidi, Şəki şəhərindəki özünəməxsus memarlığa malik "Xan" məscidi, Bakı şəhəri Nərimanov rayonundakı "Cümə" məscidi, Şamaxı rayonundakı mənəvi baxımdan böyük əhəmiyyətə malik "Pirsaat Baba" ziyarətgah-məscid kompleksi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi, Nizami rayonu Keşlə qəsəbəsindəki tarixi "Şah Abbas" məscidi, Şamaxı rayonundakı "Pir Ömər Sultan" ziyarətgahı və Naxçıvan şəhərindəki möhtəşəm "Heydər" məscid kompleksi yüksək səviyyədə təmir-bərpa olunaraq inanc sahiblərinin istifadəsinə verilmişdir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı böyük qayıdış və quruculuq işlərinin mühüm hissəsini məhz işğal dövründə dağıntılara, talana və təhqirlərə məruz qalmış dini-tarixi abidələrimizin bərpası təşkil edir. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən təmir-bərpa işləri təkcə fiziki bərpa deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və mənəvi birliyin təntənəsidir. Bu çərçivədə Azərbaycanın mədəniyyət və ruh mərkəzi olan Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər Ağa", "Aşağı Gövhər Ağa", "Saatlı", "Mamayı", "Çöl Qala" məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid öz ilkin tarixi memarlıq siması tam saxlanılmaqla bərpa olunmuşdur. Həmçinin Şuşa rayonunun Daşaltı kənd məscidi, erməni vandalizminə ən çox məruz qalmış Ağdam şəhərindəki "Cümə" məscidi, Ağdam rayonunun Qiyaslı kənd məscidi, Zəngilan şəhər məscidi və Hadrut qəsəbəsi məscidi qısa müddətdə bərpa edilərək öz əvvəlki mənəvi funksiyasına qayıtmışdır.
Dövlətin dini-mədəni irsə göstərdiyi diqqət yalnız tamamlanmış layihələrlə məhdudlaşmır, həmçinin xüsusi dövlət proqramları və ardıcıl maliyyə ayrılan sərəncamlar əsasında davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahının təmir-bərpası üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2025-ci ildə 550 min manat vəsait ayrılmış və ziyarətgahda bərpa işləri tam başa çatdırılmışdır. Analoji olaraq, Əmircan qəsəbəsində yerləşən İmam məscidinin təmir-bərpası üçün 2025-ci ildə 600 min manat vəsait ayrılmış və hazırda təmir-bərpa işləri uğurla yekunlaşdırılmışdır.
Bu mübarək missiya 2026-cı ildə də böyük vüsətlə davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Gəncə şəhərində yerləşən tarixi Cümə (Şah Abbas) məscidinin kompleks təmir-bərpası üçün 2026-cı ildə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1,6 milyon manat vəsait ayrılmış və məsciddə genişmiqyaslı bərpa işlərinə start verilmişdir. Bundan başqa, hazırda işğaldan azad olunmuş Şuşa şəhərində, Cəbrayıl, Füzuli və Laçın rayonlarında tamamilə yeni, modern və milli memarlıq üslubunu özündə sintez edən möhtəşəm məscidlərin tikintisi sürətlə davam etdirilir. Eyni zamanda ölkəmizin şimal bölgəsində, Qusar rayonunun Hill kəndində yerləşən məsciddə təmir-bərpa işləri intensiv şəkildə həyata keçirilir.
Maddi-mədəni abidələrin bərpası ilə yanaşı, dini aləmdə peşəkar və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması dövlətin xüsusi diqqət yetirdiyi strateji sahələrdən biridir. Bu məqsədlə yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat, magistratura və doktorantura səviyyələrində müasir standartlara cavab verən təhsil prosesi təşkil olunmuşdur. Təhsilin tamamilə ödənişsiz olması və tələbələr üçün 7 müxtəlif təqaüd proqramının tətbiq edilməsi dövlətimizin milli-mənəvi kadr hazırlığına verdiyi yüksək qiymətin göstəricisidir. Hal-hazırda Aİİ-də 318 tələbə və doktorant təhsilini davam etdirir. Bu günədək institutdan 308 nəfər məzun olmuşdur ki, onların da 278 nəfəri bakalavr pilləsini müvəffəqiyyətlə bitirmişdir. Dini təhsil sisteminin orta ixtisas pilləsini təmin etmək məqsədilə institutun yanında Bakı İlahiyyat Kolleci təsis edilmişdir; burada 65 tələbə təhsil alır və cari ildə 15 nəfər məzun olmuşdur. Din xadimlərinin bilik və bacarıqlarının yüksəldilməsi, eləcə də məscidlərin cəmiyyətdə maarifləndirici rolunun artırılması məqsədilə həyata keçirilən "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində 2025-ci ildə 250 məscid kitabxana ilə təmin edilmişdir. 2026-cı ildə isə bu layihənin daha 210 məscidi və 10 cəzaçəkmə müəssisəsindəki ibadət otaqlarını əhatə etməsi nəzərdə tutulur.
Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, habelə islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur. Ölkəmiz qlobal miqyasda sülh və dinc birgəyaşayış ideyalarını fəal şəkildə təbliğ edir. Bu baxımdan, COP29 çərçivəsində 2024-cü il noyabrın 5–6-da keçirilmiş "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dini Liderlərin Qlobal Bakı Sammiti mühüm beynəlxalq hadisəyə çevrilmişdir. Dünyanın 300-ə yakın tanınmış dini liderinin iştirak etdiyi sammitdə iqlim dəyişikliyi və ekoloji problemlərin həllində dini icmaların rolu müzakirə olunmuş, yekunda Bakı Bəyannaməsi qəbul edilmişdir.
Həmçinin 2024-cü il dekabrın 17-də Rabat şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ICESCO və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi" mövzusunda beynəlxalq konfrans təşkil edilmiş, Azərbaycanın multikulturalizm modeli təşviq olunmuşdur. 2026-cı il iyunun 30-da isə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü keçirilmiş və nəticədə radikalizmə, terrorizmə və islamofobiyaya qarşı birgə mübarizəni, Türk-İslam irsinin qorunmasını nəzərdə tutan tarixi Kommünike imzalanmışdır. Azərbaycan bu istiqamətdə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, G20 Dinlərarası Forum, KAİCİİD, Müsəlman Ağsaqqalları Şurası, Ümumdünya Fətva Evləri Şurası, Əl-Əzhər Dini Mərkəzi və EULEMA kimi aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək İslam həmrəyliyinə öz dəyərli töhfələrini verməkdədir.

Bilqeys Əkbərova
YAP Ordubad rayon təşkilatı üzrə 1 nömrəli məktəb ƏPT sədri

Digər xəbərlər