PDF Oxu

Siyasət

  • 791

Füzulidə ucalan bayraq-zəfərimizin və suverenliyimizin rəmzi

image

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli yaddaşımıza əbədi həkk olunur, xalqımızın mübarizə əzmini, yenilməz iradəsini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirir. 17 Oktyabr - Füzuli Şəhəri Günü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpası, milli qürurumuzun təntənəsi və üçrəngli dövlət bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanması ilə yadda qalıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə doğru inamla irəlilədi. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan döyüşlər xalqımızın birliyini, ordumuzun gücünü və əsgərlərimizin qəhrəmanlığını nümayiş etdirdi. Bu mübarizənin mühüm mərhələlərindən biri Füzuli şəhərinin azad olunması oldu.
2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu qələbə təkcə mühüm strateji əhəmiyyət daşımırdı, həm də doğma yurd-yuvalarından didərgin düşmüş füzulililərin illərlə davam edən həsrətinə son qoyulacağına böyük ümid yaratdı. Füzulinin azad edilməsi Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamını daha da möhkəmləndirdi.
Azərbaycan bayrağı dövlətimizin müstəqilliyinin, suverenliyinin, milli birliyinin və azadlığının müqəddəs rəmzidir. Bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə ucaldılması xalqımız üçün sadəcə bir dövlət rəmzinin yüksəldilməsi deyil, həm də milli iradəmizin, tarixi hüquqlarımızın və Vətənə bağlılığımızın təntənəsidir.
Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda qazanılmış böyük uğurun rəmzinə çevrildi. Bu mənzərə illərlə doğma torpaqlarından ayrı düşmüş insanların qəlbində sevinc, qürur və qayıdış ümidi yaratdı. Üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini və milli birliyini nümayiş etdirdi.
Füzulinin azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Torpaqlarımızın hər qarışı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin döyüş əzmi Vətən sevgisinin ən yüksək nümunəsidir. Bu gün Füzulidə dalğalanan bayrağımız həm də şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsini ifadə edir.
Füzulinin azad olunması ilə şəhərin qarşısında yeni inkişaf mərhələsinin əsası qoyuldu. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması, yolların çəkilməsi və müasir yaşayış şəraitinin yaradılması dövlətimizin Qarabağın dirçəldilməsinə verdiyi böyük önəmin göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Füzuli yenidən Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilməkdədir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını genişləndirib, bölgənin iqtisadi və turizm potensialının inkişafına yeni imkanlar yaradıb. Bu layihələr Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə, doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıtmasına xidmət edir.
Bu gün Füzuli şəhəri təkcə keçmişin ağrı-acısını xatırladan məkan deyil, həm də gələcəyə inamın, quruculuğun və yenilməz Azərbaycan iradəsinin təcəssümüdür. Şəhərdə aparılan abadlıq işləri, yaradılan müasir infrastruktur və həyata keçirilən sosial layihələr Füzulinin yeni simasını formalaşdırır.
17 Oktyabr – Füzuli Şəhəri Günü hər bir azərbaycanlı üçün milli qürur və vətənpərvərlik bayramıdır. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, xalqımızın birliyi, dövlətimizin gücü və ordumuzun qəhrəmanlığı qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas şərtləridir.
Füzulidə dalğalanan Azərbaycan bayrağı əbədi azadlığımızın, dövlət suverenliyimizin və sarsılmaz milli birliyimizin rəmzidir. Bu bayraq şəhidlərimizin qanı ilə yazılmış Zəfər tariximizin canlı ifadəsi, gələcək nəsillərə ötürülən müqəddəs əmanətdir.
Prezident İlham Əliyevin Füzuli rayonuna səfərləri bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Səfərlər zamanı yeni infrastruktur layihələrinin açılışı və təməlqoyma mərasimlərində iştirak Füzulinin müasir şəhər kimi inkişafına, əhalinin doğma torpaqlarına qayıdışına və bölgənin sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verir. Dövlət başçısının Füzuliyə xüsusi diqqəti Böyük Qayıdış strategiyasının ardıcıl həyata keçirilməsinin bariz nümunəsidir.

Yaşasın müstəqil Azərbaycan! Yaşasın Müzəffər Azərbaycan Ordusu! Füzulidə və bütün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız daim dalğalansın!

Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri

Digər xəbərlər