PDF Oxu

Siyasət

  • 541

Füzuli Şəhəri Günü - qürur, dirçəliş və milli qayıdışın tarixi rəmzidir

image


Prezident İlham Əliyevin rəsmi sərəncamı ilə təsis edilən bu əlamətdar gün, 2020-ci ilin məhz həmin tarixində Müzəffər Azərbaycan Ordusunun Füzuli şəhərini və ətraf kəndlərini 27 illik düşmən işğalından azad edərək xalqımıza bəxş etdiyi şanlı Zəfərin təntənəsidir. Vətən müharibəsinin 21-ci günündə, düşmənin 30 il ərzində qurduğu keçilməz istehkamları yarıb keçən qəhrəman əsgərlərimiz bu müqəddəs torpaqlarda üçrəngli bayrağımızı yenidən dalğalandırmışdır.
Füzulinin azad edilməsi təkcə siyasi deyil, həm də dünya hərb tarixinə düşən böyük hərbi uğurdur. Ermənistan ordusunun 30 il ərzində qurduğu, hərbi ekspertlərin keçilməz hesab etdiyi çoxşaxəli muhafizə istehkamları - "Ohanyan xətti" məhz Füzuli əməliyyatı zamanı Azərbaycan Ordusunun yüksək peşəkarlığı və taktikası sayəsində darmadağın edildi. Bu qələbə Şuşa başda olmaqla digər torpaqlarımızın azad olunmasına birbaşa yol açan strateji dönüş nöqtəsi oldu
Bu gün Füzuli şəhəri keçmişin ağrılarını və dağıntılarını geridə qoyaraq, dövlətimizin iqtisadi qüdrəti və iradəsi ilə tamamilə yenidən qurulur. İşğal dövründə tamamilə xarabalığa çevrilmiş şəhər indi müasir yaşayış kompleksləri, yaşıl zonaları və "ağıllı şəhər" elementləri ilə regionun ən müasir mərkəzlərindən birinə çevrilməkdədir. İkinci Qarabağ müharibəsindən sonra cəmi 9 ay ərzində tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bölgənin dünyaya açılan hava qapısı olmaqla yanaşı, Qarabağın dirçəliş sürətini bütün dünyaya nümayiş etdirir.
"Böyük Qayıdış" proqramı çərçivəsində minlərlə füzulili uzunillik məcburi köçkünlük həyatından sonra öz doğma yurduna, onlar üçün xüsusi zövqlə tikilmiş yeni müasir mənzillərə qürurla geri dönür. Dövlət proqramının hədəflərinə uyğun olaraq, 2026-cı ilin sonunadək Füzuli rayonunda ümumilikdə 22 min nəfərin məskunlaşması planlaşdırılır. Şəhərdə uşaq gülüşlərinin yenidən eşidilməsi, müasir məktəblərin, bağçaların və istehsalat müəssisələrinin fəaliyyətə başlaması bu torpaqların əbədi və dönməz sahiblərinə qovuşduğunun ən böyük sübutudur.
17 oktyabr həm də gələcəyə inamla baxan yeni Füzulinin, xalqımızın sarsılmaz birliyinin və mübarizliyinin rəmzidir. Hər il bu tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və aidiyyəti qurumların təşkilatçılığı ilə şəhərdə təntənəli bayram tədbirləri, sərgilər, konsertlər keçirilir və günün sonu möhtəşəm atəşfəşanlıqla yekunlaşır. Füzuli Şəhəri Günü hər bir azərbaycanlı üçün həm canlarını bu torpaq uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, həm də doğma Qarabağın quruculuq coşqusunu birlikdə qeyd etmək üçün böyük bir fəxr və şərəf günüdür.

Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının mühasibi

Digər xəbərlər