PDF Oxu

Siyasət

  • 544

AQEM-in 7-ci Zirvə Toplantısı: dialoq və etimadın sınağı - TƏHLİL

image

Prezident İlham Əliyev: “Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır”

“Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır”. Bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin dərinləşməsi, regional münaqişələrin genişlənməsi, təhlükəsizlik təhdidlərinin mürəkkəbləşməsi və qlobal iqtisadi əlaqələrin yeni çağırışlarla üzləşməsi dövlətlər arasında etimadın möhkəmləndirilməsini və çoxtərəfli əməkdaşlığın gücləndirilməsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platforma kimi çıxış edir. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da yüksəldir. Müxtəlif maraqların və mövqelərin təmsil olunduğu belə bir mühitdə əsas məsələ yalnız dövlətləri vahid platformada birləşdirmək deyil, həm də həmin birliyi konkret nəticələrə, davamlı əməkdaşlıq mexanizmlərinə və ortaq fəaliyyət istiqamətlərinə çevirməkdir.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanın 2024-cü ilin dekabrında AQEM-ə sədrliyə başlaması məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında həyata keçirərək təşkilatın institusional potensialının artırılmasını, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini və beynəlxalq əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirib. Bu yanaşma AQEM-in ənənəvi dialoq platforması statusundan daha səmərəli, nəticəyönümlü və davamlı fəaliyyət imkanlarına malik beynəlxalq təsisata çevrilməsi istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.

Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.

Bu baxımdan, AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya sayına Azərbaycan sədrliyi dövründə nail olunması xüsusi əhəmiyyət kəsb edir. 2010-cu ildə imzalanan bu sənədin qüvvəyə minməsi təşkilatın beynəlxalq hüquqi statusunun möhkəmləndirilməsi və fəaliyyətinin hüquqi əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələdir. Bu nəticə AQEM-in yalnız siyasi məsləhətləşmələr aparılan platforma kimi deyil, institusional imkanlarını genişləndirən beynəlxalq təsisat kimi inkişafına töhfə verir.

“1992-Cİ İLDƏ YARADILMIŞ ATƏT-İN MİNSK QRUPUNUN FƏALİYYƏTİ İMİTASİYA XARAKTERİ DAŞIYIRDI”

Oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Toplantısı təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi və dövlətlər arasında qarşılıqlı etimadın sınağa çəkildiyi bir dövrdə Asiya ölkələrinin yüksək səviyyəli görüşü üçüncü tərəflərlə dialoq və ortaq maraqların müzakirəsi baxımından mühüm platformadır. Tədbirin əhəmiyyəti yalnız iştirakçıların yüksək səviyyəsi və coğrafi təmsilçiliklə məhdudlaşmır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin eyni platformada təmsil olunması, onların ortaq problemləri müzakirə etməsi və mümkün razılaşmalar üzərində işləməsi çoxtərəfli diplomatiyanın real imkanlarını nümayiş etdirir. Xüsusilə, ikitərəfli münasibətlərində gərginlik olan dövlətlərin belə bir platformada iştirakı dialoqun qorunmasının və qarşılıqlı əlaqə kanallarının açıq saxlanılmasının əhəmiyyətini göstərir.

Belə şəraitdə Azərbaycanın ev sahibi və sədr kimi rolu təşkilati məsələlərlə yanaşı, siyasi dialoq üçün əlverişli mühitin formalaşdırılması ilə də bağlıdır. Çoxtərəfli platformaların uğuru bütün iştirakçıların maraqlarının nəzərə alınmasından, müzakirələrin konstruktiv xarakter daşımasından və yekun sənədlərdə ortaq mövqelərin əks olunmasından asılıdır.

“Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir”, - deyən Prezident bildirib: “Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir”. Dövlətimizin başçısı onu da əlavə edib ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.

“BİZİ MÜHARİBƏYƏ ERMƏNİSTAN MƏCBUR EDİB”

Prezident İlham Əliyev toplantıda çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. “Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər”. Bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı söyləyib. Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Dövlətimizin başçısı 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqlarını bildirərək deyib ki, beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsinin 44 gün davam etdiyi vurğulayan Prezident bildirib ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilib. Qarabağın tacı, döyünən ürəyi - Şuşanın azad olunması tariximizə Zəfər Günü kimi yazılıb. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması və münaqişənin sonlanması üçün zəmin yaranıb. Bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başa çatıb.

2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində tam bərpası ilə nəticələndi. Bu hadisə dövlətimizin qətiyyətini, siyasi iradəsini və ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticələrini nümayiş etdirdi. Eyni zamanda, xalqın milli məqsədlər ətrafında birliyinin və qələbə əzminin əhəmiyyətini bir daha ortaya qoydu. Antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilməsi, separatçı rejimin fəaliyyətinə xitam verilməsi Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərqərar olması ilə nəticələndi. Beləliklə, dövlət suverenliyinin tam təmin olunması müasir Azərbaycan tarixinin mühüm hadisələrindən birinə çevrildi.

“BÜTÜN ÜZV DÖVLƏTLƏRİN YEKDİL DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLMİŞ MÜXTƏLİF TƏŞƏBBÜSLƏRİMİZ NƏTİCƏSİNDƏ HAZIRDA AQEM İNSTİTUSİONAL VƏ HÜQUQİ BAXIMDAN DAHA GÜCLÜDÜR”

Azərbaycanın AQEM sədrliyinin prioritetlərində bağlantıların xüsusi yer tutması ölkəmizin coğrafi mövqeyi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafındakı rolu ilə uzlaşır. Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndiyi, təchizat zəncirlərinin şaxələndirilməsinə ehtiyacın artdığı və alternativ logistika marşrutlarının strateji əhəmiyyət qazandığı bir dövrdə nəqliyyat bağlantıları regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. AQEM üzv dövlətlərinin ilk Liman Rəhbərləri Konfransının Bakıda keçirilməsi bu sahədə əməkdaşlığın praktiki məsələlərinin müzakirəsi üçün yeni imkan yaradıb. Liman infrastrukturu, dəniz nəqliyyatı və multimodal bağlantılar beynəlxalq ticarətin səmərəliliyinə, yüklərin daşınma müddətinə və iqtisadi əlaqələrin dayanıqlılığına birbaşa təsir göstərir. Bu sahələrdə təcrübə mübadiləsi və əlaqələndirmənin gücləndirilməsi regional ticarət imkanlarının genişləndirilməsinə xidmət edə bilər. Azərbaycanın tranzit potensialı, nəqliyyat infrastrukturuna yatırılan investisiyalar və beynəlxalq dəhlizlərin inkişafında iştirakı ölkəmizin bu müzakirələrdə əhəmiyyətini artırır. “Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir”, - deyı dövlətimizin başçısı qeyd edib: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür”.

Beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın zəiflədiyi və ortaq qərarların qəbulunun çətinləşdiyi bir dövrdə AQEM-in səmərəli regional platforma kimi güclənməsi Asiyada sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün əlavə imkanlar yarada bilər. Azərbaycanın təşəbbüsləri bu məqsədlə institusional zəmin formalaşdırmaqla yanaşı, ölkəmizin dialoq, əməkdaşlıq və ortaq maraqların uzlaşdırılması üçün etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər