PDF Oxu

Siyasət

  • 908

Füzuli – tarixi Zəfərin və milli qürurun ünvanı - ŞƏRH

image

17 oktyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şanlı tarixlərdən biridir. Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin rəmzi, xalqımızın sarsılmaz iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və tarixi ədalətin təntənəsinin ifadəsidir. Hər il bu əlamətdar günü qeyd edərkən həm böyük Zəfərimizin sevincini yaşayır, həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Füzuli qədim tarixi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və memarlıq abidələri ilə Azərbaycanın seçilən bölgələrindən biridir. Bu torpağın tarixi keçmişini yaşadan Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi və karvansara kimi abidələr xalqımızın əsrlər boyu yaratdığı zəngin irsin nümunələridir. Təəssüf ki, Ermənistanın işğalı dövründə Füzulinin bir çox tarixi və dini abidələri dağıntılara və vandalizmə məruz qalmışdır. Bu, xalqımızın tarixinə, mədəniyyətinə və mənəvi yaddaşına qarşı törədilmiş ağır cinayət idi.
1993-cü il avqustun 23-də işğal edilən Füzuli şəhəri 27 il ərzində doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində nisgilə çevrildi. Lakin Azərbaycan xalqı heç vaxt öz torpaqlarından əl çəkmədi, tarixi ədalətin bərpa olunacağına inamını itirmədi. Bu inam 2020-ci ilin Vətən müharibəsində gerçəkliyə çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi. Şəhərin azad edilməsi 44 günlük Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri oldu. Füzulidə Azərbaycan bayrağının yenidən dalğalanması xalqımızın qürurunu özünə qaytardı, düşmənin illərlə yaratdığı məğlubedilməzlik mifinin darmadağın edildiyini nümayiş etdirdi. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığı hesabına qazanıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ədaləti bərpa etdi və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində qətiyyətli addımlar atdı. Füzulinin azad edilməsi sübut etdi ki, xalqın birliyi, güclü dövlət və qüdrətli ordu qarşısında heç bir maneə dayana bilməz.
Bu gün Füzuli yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir vaxtlar dağıntılar içində qalan şəhərdə müasir yaşayış binaları, yollar, sosial obyektlər və infrastruktur qurulur. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağın dünyaya açılan qapılarından birini yaradıb. Şəhərin yenidən qurulması, insanların doğma yurda qayıtması və burada həyatın bərpası Azərbaycan dövlətinin gücünün və gələcəyə inamının göstəricisidir.
Prezident İlham Əliyevin Füzuliyə səfərləri, şəhərin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və yeni layihələrin həyata keçirilməsi dövlətimizin azad edilmiş torpaqlara göstərdiyi diqqətin bariz nümunəsidir. 2021-ci ildə şəhərin bərpası ilə bağlı təməlqoyma mərasimlərinin keçirilməsi Füzulinin yeni tarixində mühüm mərhələ oldu. Sonrakı illərdə yaşayış məhəllələri, təhsil və sosial obyektlər, yollar və digər infrastruktur layihələri şəhərin simasını dəyişdirdi.
17 oktyabr həm də Böyük Qayıdışın, doğma ocaqlara dönüşün və milli birliyin rəmzidir. Bu gün Füzulidə yenidən uşaqların gülüşü eşidilir, məktəblərdə dərs zəngləri çalınır, ailələr öz evlərində yeni həyata başlayırlar. Dağıdılmış şəhərin yerində müasir Füzuli yüksəlir.
Füzulinin azadlığı və dirçəlişi bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixinə, torpağına və milli kimliyinə bağlıdır. Biz bu torpaqları yalnız hərbi güclə azad etmədik, həm də quruculuq əzmi ilə həyata qaytarırıq.
Füzuli Şəhəri Günümüz mübarək olsun! Qoy Azərbaycan bayrağı bu torpaqlarda daim dalğalansın, Füzuli hər zaman sülhün, inkişafın və Zəfərimizin rəmzi kimi yaşasın!

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər