Azərbaycan son illərdə həyata keçirdiyi xarici siyasət strategiyası nəticəsində beynəlxalq arenada mühüm nailiyyətlər əldə etmişdir. Bu siyasət ölkənin həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş, siyasi, iqtisadi və diplomatik əlaqələrin genişlənməsinə şərait yaradıb. Uğurlu xarici siyasətin mühüm tərkib hissəsi olaraq, Azərbaycan – Laos münasibətləri son illərdə sürətlə inkişaf edən bir siyasi vektordur.
Məlumdur ki, oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakıda səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
Görüş zamanı iki ölkə arasında siyasi dialoqun və əməkdaşlığın inkişafı vurğulanıb, qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi istiqamətində mesajlar verilib. Müzakirələr içərisində dövlətlərarası ticarət dövriyyəsinin artırılması, biznes-forumun keçirilməsi və Azərbaycan investorlarının Laos layihələrinə cəlb olunması yer alıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın xarici sərmayələrinin miqyasını önə çəkərək, konkret layihələrin təqdim olunacağı halda ikitərəfli formatda əməkdaşlığın güclənəcəyini bildirmiş, həmçinin siyasi əlaqələrin uğurla inkişafından söz açmışdır: “Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır”.
Azərbaycan və Laos dövlət başçılarının görüşündə nəqliyyat-logistika, enerji, mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları da müzakirə olunmuşdur.
Ümumiyyətlə, bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, tərəflər yalnız mövcud siyasi həmrəyliyi təsdiqləməklə kifayətlənməyib, həm də iqtisadi əməkdaşlığın konkret mexanizmlərini müəyyənləşdiriblər. Bu, Azərbaycan – Laos münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün mühüm addım kimi dəyərləndirilir.
Türkan Əhmədova
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi,
Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü