PDF Oxu

Siyasət

  • 520

Azərbaycan–Kamboca münasibətlərinin yeni mərhələsi: siyasi dialoq, iqtisadi əməkdaşlıq və institusional tərəfdaşlıq perspektivləri

image

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur. Ötən dövr ərzində iki dövlət arasında siyasi dialoq tədricən inkişaf etmiş, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək mexanizmləri formalaşmışdır. 2026-cı ilin 12 oktyabr tarixində Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycan–Kamboca münasibətlərinin mühüm xüsusiyyətlərindən biri iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verməsidir. Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət göstərirlər. Kambocanın Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişləndirilməsinə və ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək bu əməkdaşlığın praktiki nümunələrindəndir. Belə əməkdaşlıq Azərbaycanın Asiya istiqamətində xarici siyasət əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli münasibətlərin digər mühüm istiqaməti iqtisadi və investisiya əməkdaşlığıdır. Prezident İlham Əliyev və Baş nazir Hun Manet arasında aparılan müzakirələr zamanı iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olduğu vurğulanmış və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilmişdir. Həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Bu baxımdan 12 oktyabr 2026-cı ildə mübadilə edilən sənədlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair Saziş, eləcə də ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərin hüquqi və institusional bazasının genişləndirilməsinə xidmət edir. Bu sənədlər iqtisadi əlaqələrin stimullaşdırılması ilə yanaşı, təhsil və diplomatik kadr hazırlığı sahəsində əməkdaşlığın inkişafı üçün də yeni imkanlar yaradır.
Azərbaycan–Kamboca əməkdaşlığının diqqətçəkən istiqamətlərindən biri də “ASAN xidmət” modelinin Kamboca tərəfindən öyrənilməsinə olan maraqdır. Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Azərbaycan dövlət xidmətlərinin bu modelinə maraq göstərdiyini bildirmişdir. “ASAN xidmət” təcrübəsinin öyrənilməsi və uyğun elementlərin Kambocada tətbiqi dövlət xidmətlərinin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və rəqəmsal idarəetmənin inkişafı baxımından qarşılıqlı faydalı əməkdaşlıq istiqamətinə çevrilə bilər.
Münasibətlərin inkişafında parlamentlərarası əlaqələr də mühüm rol oynayır. Hər iki ölkədə parlamentlərarası dostluq və əməkdaşlıq mexanizmlərinin mövcudluğu siyasi dialoqun institusional əsaslarını möhkəmləndirir. Azərbaycan–Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti də bu istiqamətdə mühüm vasitədir. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusunun əldə edilməsinə dəstək verməsi isə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolunu nümayiş etdirir.
İki ölkə arasında əlaqələrin humanitar aspektində təhsil əməkdaşlığı xüsusi yer tutur. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması xalqlar arasında humanitar əlaqələrin formalaşmasına mühüm töhfə vermişdir. 2026-cı il səfəri zamanı bu ənənənin yenidən inkişaf etdirilməsi, qarşılıqlı təhsil imkanlarının artırılması və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi məsələləri ön plana çıxmışdır. ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında imzalanmış memorandum bu istiqamətdə konkret institusional addım hesab edilə bilər.
Azərbaycan və Kambocanı yaxınlaşdıran digər mühüm məsələ mina təhlükəsizliyi sahəsində əməkdaşlıqdır. Hər iki ölkə mina probleminin yaratdığı humanitar və sosial nəticələrlə üzləşmişdir. Bu səbəbdən mina təmizlənməsi sahəsində təcrübə və bilik mübadiləsi, mütəxəssis hazırlığı və təlimlərin keçirilməsi praktiki əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycan nümayəndə heyətinin Kambocaya səfəri zamanı da mina fəaliyyəti, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və ASEAN Regional Mina Fəaliyyəti Mərkəzi ilə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Bununla yanaşı, ticarət və investisiya əlaqələrinin hazırkı səviyyəsi iki ölkənin potensialı ilə müqayisədə məhdud olaraq qalır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar–sentyabr aylarında Azərbaycan–Kamboca ticarət dövriyyəsi 3,93 milyon ABŞ dolları təşkil etmişdir. 2026-cı il səfəri zamanı tərəflərin məhz bu göstəricinin artırılması, biznes dairələri arasında birbaşa əlaqələrin yaradılması və investisiya imkanlarının genişləndirilməsi istiqamətində konkret addımlar müəyyənləşdirməsi iqtisadi münasibətlərin yeni mərhələyə keçirilməsi baxımından əhəmiyyətlidir.
12 oktyabr 2026-cı ildə keçirilmiş Azərbaycan–Kamboca biznes forumunda hər iki ölkənin dövlət və özəl sektor nümayəndələrinin iştirakı da iqtisadi əlaqələrin institusional əsaslarının gücləndirilməsinə xidmət etmişdir. Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında Anlaşma Memorandumunun mübadiləsi və biznes nümayəndələri arasında B2B görüşlərin keçirilməsi gələcəkdə qarşılıqlı investisiya və birgə layihələrin inkişafı üçün əlverişli zəmin yaradır.
Beləliklə, Azərbaycan–Kamboca münasibətləri yalnız ənənəvi diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi, parlamentlərarası, humanitar, təhsil və institusional əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilir. 12–13 oktyabr 2026-cı il tarixlərində Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar bu münasibətlərin praktik məzmununun gücləndiyini göstərir. Xüsusilə ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişinin, ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin və təhsil-diplomatiya sahəsində memorandumun imzalanması ikitərəfli əlaqələrin hüquqi və institusional bazasını genişləndirir.

Tamilla Rzayeva
ADAU-nun İctimai fənlər kafedrasının müəllimi

Digər xəbərlər