PDF Oxu

Siyasət

  • 616

Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir - ŞƏRH

Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir - ŞƏRH

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin, Ordumuzun misilsiz qəhrəmanlığının və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır. 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad edilməsi xalqımızın qələbə əzmini, dövlətimizin gücünü və Azərbaycan əsgərinin döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində böyük sevinc yaratmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələyə çevrildi.

Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin və əhəmiyyətli mərhələlərindən biri idi. Uzun illər ərzində möhkəmləndirilmiş müdafiə mövqeləri, mürəkkəb döyüş şəraiti və ərazinin minalarla çirkləndirilməsi qarşıya ciddi çətinliklər çıxarırdı. Lakin Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin peşəkarlığı, qətiyyəti və Vətən sevgisi bu çətinliklərin aradan qaldırılmasında həlledici rol oynadı. Hər bir hərbi qulluqçunun göstərdiyi fədakarlıq, qarşıya qoyulmuş vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi və qələbəyə sarsılmaz inam Füzuli əməliyyatının uğurla başa çatmasına şərait yaratdı.
Vətən müharibəsinin ilk günlərindən etibarən Füzuli rayonunun yaşayış məntəqələrinin azad olunması istiqamətində mühüm uğurlar əldə edildi. Azərbaycan Ordusunun irəliləyişi nəticəsində rayonun bir sıra kəndləri düşmən işğalından qurtarıldı, strateji əhəmiyyətli mövqelər nəzarətə götürüldü. Bu döyüşlərdə qazanılan uğurlar sonrakı hərbi əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Nəhayət, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf yaşayış məntəqələri azadlığa qovuşdu. Bu hadisə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, xalqımızın milli qürurunu daha da yüksəldən tarixi Qələbələrdən biri oldu.
Füzuli istiqamətində əldə edilən uğurlar Qarabağın digər ərazilərinin azad olunması prosesində də əhəmiyyətli rol oynadı. Döyüş meydanında nümayiş etdirilən yüksək peşəkarlıq, müasir döyüş imkanlarından səmərəli istifadə və əsgər-zabit heyətinin mənəvi hazırlığı Azərbaycan Ordusunun gücünü təsdiqlədi. Bu Qələbə xalqımızın dövlətinə və Ordusuna olan inamını möhkəmləndirdi, uzun illər davam edən torpaq həsrətinin sona çatacağına dair ümidləri gerçəkləşdirdi. Füzulinin azad olunması ilə bağlı tarixi hadisələrdən danışarkən şəhidlərimizin fədakarlığını xüsusi ehtiramla xatırlamaq vacibdir. Doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi şücaət, Vətənə sədaqəti və mübarizə əzmi gələcək nəsillər üçün nümunədir. Döyüşlərdə yaralanaraq sağlamlığını itirən qazilərimizin də xidmətləri böyük hörmətə layiqdir. Füzuli Zəfəri minlərlə hərbi qulluqçunun birgə səylərinin, fədakarlığının və Vətən qarşısında məsuliyyətinin nəticəsidir.
Füzulinin işğaldan azad edilməsindən sonra qarşıda duran mühüm vəzifələrdən biri ərazinin minalardan təmizlənməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılmasıdır. İşğal dövründə rayon ərazisində çoxsaylı mina və partlamamış hərbi sursat basdırılıb. Müxtəlif rəsmi məlumatlarda Füzuli azad edilmiş ərazilər arasında mina təhlükəsinin xüsusilə yüksək olduğu rayonlardan biri kimi qeyd edilir. İlkin hesablamalara görə, burada yüz mindən çox mina basdırılıb. Bu vəziyyət insanların təhlükəsizliyinə, torpaqların təsərrüfat dövriyyəsinə qaytarılmasına və bərpa işlərinin həyata keçirilməsinə ciddi təsir göstərir.
Mina təhlükəsinin aradan qaldırılması işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasının əsas istiqamətlərindəndir. Bu gün həmin ərazilərin təhlükəsizliyinin təmin olunması, mina və partlamamış sursatların aşkarlanması, zərərsizləşdirilməsi və insanların risklərdən qorunması istiqamətində işlər davam etdirilir. Füzulidə aparılan bərpa və quruculuq prosesinin uğurla davam etməsi üçün ərazilərin təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət daşıyır. Bu məsələnin mahiyyəti yalnız torpaqların təmizlənməsi ilə məhdudlaşmır; əsas məqsəd insanların doğma yurdlarında rahat yaşaması, uşaqların təhlükəsiz mühitdə böyüməsi və iqtisadi fəaliyyətin normal şəkildə inkişaf etməsi üçün şərait yaratmaqdır.
Füzuli uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların xidmətlərinin dövlət tərəfindən qiymətləndirilməsi də tarixi Qələbəmizin mühüm məqamlarındandır. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Həmin medal Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının xidmətlərini qiymətləndirmək məqsədi daşıyır. Medalın təsvirində Füzulinin adı ilə yanaşı, şəhərin azad olunduğu 17 oktyabr 2020-ci il tarixinin əks olunması bu günün xalqımızın tarixindəki xüsusi yerini vurğulayır.
Bu medal Vətən uğrunda mübarizə aparmış hərbi qulluqçuların şücaətinə ehtiramın, onların xidmətlərinin dövlət səviyyəsində tanınmasının rəmzidir. O, eyni zamanda, Füzuli uğrunda döyüşlərin tarixdəki yerini və bu Qələbənin hansı fədakarlıqlar hesabına qazanıldığını xatırladır. Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət, hərbi qulluqçuların xidmətlərinin yüksək qiymətləndirilməsi xalqımızın qəhrəmanlarına olan ehtiramının ifadəsidir.
Bu gün Füzuli şəhərində həyat yenidən canlanır, genişmiqyaslı quruculuq işləri həyata keçirilir, doğma yurdlarına qayıdan insanlar üçün müasir yaşayış şəraiti yaradılır. Vaxtilə ağır döyüşlərin getdiyi bu torpaqda indi yeni evlər, yollar və sosial obyektlər inşa olunur. Bu mənzərə azadlığın yalnız hərbi Qələbə ilə məhdudlaşmadığını, onun doğma torpaqlarda həyatın bərpası, insanların təhlükəsizliyinin təmin edilməsi və gələcəyə inamın möhkəmlənməsi ilə tamamlandığını göstərir.

Faiq Abdullayev,
Salyan rayon Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı

Digər xəbərlər