2020-ci il oktyabrın 17-si Azərbaycanın müasir hərb tarixinə və şanlı Zəfər salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. Məhz bu tarixdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 27 illik işğala son qoyaraq Füzuli şəhərini erməni qəsbkarlarından azad etdi. Dövlət başçısının sərəncamı ilə 17 oktyabr tarixinin Füzuli Şəhəri Günü kimi təsis edilməsi, həm bu tarixi qalibiyyətin əbədiləşdirilməsi, həm də şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə göstərilən ali ehtiramın təcəssümüdür.
Füzuli uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin həm hərbi-strateji, həm də mənəvi baxımdan ən həlledici və mühüm əhəmiyyət kəsb edən əməliyyatlarından biri olmuşdur. Bu əməliyyat öz miqyasına və mürəkkəbliyinə görə İkinci Qarabağ müharibəsinin ən ağır və şanlı döyüşlərindən sayılır.
Düşmən 30 ilə yaxın müddətdə Füzuli istiqamətində bir neçə eşelonlu, dərin və mühəndis-istehkam baxımından son dərəcə möhkəmləndirilmiş müdafiə xətti — "Onyan xətti"ni qurmuşdu. Beton istehkamlar, minalanmış geniş ərazilər, mürəkkəb relies örtüyü və strateji yüksəkliklərdə yerləşdirilmiş atəş nöqtələri Füzulini keçilməz bir qalaya çevirməyi hədəfləyirdi. Lakin Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq, fədakarlıq və misilsiz qəhrəmanlıq göstərərək düşmənin bu "keçilməz" hesab etdiyi müdafiə səddini darmadağın etdilər.
Füzulinin azad edilməsi cəbhədə əsaslı dönüş noktası oldu. Şəhərin və ətrafındakı strateji yüksəkliklərin azad olunması Azərbaycan Silahlı Qüvvələrinə cəbhənin digər istiqamətlərində — Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində irəliləmək üçün geniş əməliyyat imkanları açdı. Ən mühüm nəticələrdən biri isə şanlı Şuşa əməliyyatının uğurla planlaşdırılması və icrası üçün strateji şəraitin təmin edilməsi idi. Füzuli döyüşlərində düşmənin böyük miqdarda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, bir çoxu isə hərbi qənimət olaraq götürüldü. Bu da Ermənistan ordusunun döyüş qabiliyyətini və müqavimət gücünü həm mənəvi, həm də fiziki baxımdan tamamilə sarsıtdı.
Füzuli uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz dastanlara sığmayan şücaət göstərdilər. Hər bir küçə, hər bir yüksəklik uğrunda amansız döyüşlər gedərək tarixi ədalət bərpa olundu. Bu gün azad edilmiş Füzulinin sürətlə yenidən qurulması, modern altyapı layihələrinin həyata keçirilməsi və Böyük Qayıdışın uğurla davam etməsi məhz bu mühüm döyüşlərin və şəhidlərimizin qanı hesabına mümkün olmuşdur.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri